İtirən Azərbaycandakı fransız şirkətləri olacaq

Vüqar Bayramov: "Fransanın regionda əsas tərəfdaşı Azərbaycan olsa da Paris ölkəmizə qarşı qərəzli siyasətini davam etdirməkdədir"

"Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin qəbul olunması ciddi təəssüf doğurur. Bu sənəd beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi obyektiv fəaliyyətini ciddi sual altına alır".
Bu fikirləri millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Fransanın Qafqaz ölkələri ilə iqtisadi əlaqələri göstərir ki, bu sənəd erməni lobbisinin təsiri ilə qəbul olunmaqla yanaşı, həm də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkənin Azərbaycana birbaşa qərəzinin təzahürüdür:

"Azərbaycanda 61 fransız şirkəti qeydiyyata alınıb. Onların əsas fəaliyyət sahələri enerji, sənaye, nəqliyyat, kosmos, ticarət, xidmətlər və kənd təsərrüfatıdır. Fransanın “Total” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının işlənilməsi layihəsində ( SOCAR -50 faiz və "Total" -50 faiz) və Şahdəniz layihəsində (10 faiz) iştirak edir. 2019-cu ildə Azərbaycan ilə Fransa arasındakı ticarət dövriyyəsi 787 milyon 366 dollar olub. Bu, əvvəlki il ilə müqayisədə 21 faiz artım deməkdir. 2000-ci illərin əvvəllərində isə iki ölkə arasındakı ticarət dövriyyəsi hətta 2 milyard dollara yaxın idi. Fransanın Ermənistana ixracatı isə 2019-cu ildə cəmi 60 milyon dollar olub.

Sərmayə qoyuluşlarına gəldikdə isə BMT-nin (UNCTAD) məlumatına görə, ötən il Ermənistana xarici sərmayə qoyuluşu cəmi 254 milyon dollar olub və bu da əsasən 4 ölkənin (Rusiya, Yunanıstan, Kipr və Almaniya) payına düşüb. Göründüyü kimi, iqtisadi baxımdan Fransanın regionda əsas tərəfdaşı Azərbaycan olsa da Paris ölkəmizə qarşı qərəzli siyasətini davam etdirməkdədir.

Maraqlıdır, əgər Fransa Ermənistanın inkişafında maraqlıdırsa, niyə o yoxsul ölkəyə sərmayə qoymur, iqtisadi əlaqələri genişləndirmir? Deməli, məqsəd sadəcə Azərbaycana qarşı düşünülmüş qərəz nümayiş etdirməkdir. Göründüyü kimi, hər vəchlə Ermənistanın ədalətsiz mövqeyini dəstəkləyən Fransa Senatı işğalçı ölkənin inkişafında deyil, regional münaqişənin böyüməsində və konfliktin beynəlxalq hüquq prinsiplərinə uyğun ədalətli həllində deyil, yenidən alovlanmasında maraqlıdır".

"Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Nəzərə alsaq ki,  ticarət dövriyyəsi ilə müqayisəsi onu göstərir ki,  Fransa şirkətləri əsasən, Azərbaycanla ticarət etməkdə maraqlıdırlar. Eyni zamanda, sərmayə qoyuluşlarında Azərbaycan Fransa üçün regionda uzun müddət prioritet ölkə olub.

Təbii ki, Fransanın ümumi ixracatı ilə Azərbaycana olan ixracatı müqayisə etsək, bəlkə də Azərbaycanla ixracat ümumi ixracatın böyük hissəsini təşkil etmir. Amma məsələ ondan ibarətdir ki, ticari əlaqələrdə bu tip müqayisələr aparılmır.

Çünki ticari əlaqələr hər bir yerli şirkətin ixrac imkanları, eyni zamanda onun ixrac etdiyi ölkələr prioritetdir. Xüsusən, senatın bu qərarı Azərbaycanla ticari dövriyyəsində olan Fransa şirkətlərinə mənfi təsir göstərəcək.

Çünki qısa zamanda bazarı dəyişmək Fransa şirkətləri üçün heç də asan məsələ deyil. Bütün baş verənlər Azərbaycanla işləyən fransız şirkətləri üçün heç də müsbət nəyisə vəd etmir və onların fəaliyyətinə gələcəkdə mənfi təsir göstərəcək.

Senatın qərəzli mövqeyindən birmənalı şəkildə itirən tərəf məhz Azərbaycanla ticari əlaqələr quran və əlaqələri genişləndirməkdə maraqlı olan fransız şirkətləri olacaq. Azərbaycan iqtisadiyyatına bu iqtisadi əlaqələrin minimulaşdırılması xüsusi təsir göstərməyəcək, çünki biz Fransadan əsasən idxal edirik. İdxal edən ölkənin adətən alternativ bazar tapmaq seçimi imkanları olur.

Bu baxımdan investisiya qoyuluşlarında Avropa Birliyinin özündə alternativ mənbələr kifayət qədər çoxdur. Xarici sərmayənin cəlb edilməsi baxımından iqtisadi əlaqələrin minimullaşdırılması ölkə iqtisadiyyatına hər hansı neqativ təsir göstərəcəyi gözlənilmir"- deyə, deputat əlavə edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu