Fransa Senatının qərarı bu dövlətin adına qara ləkədir

Makron və onun komandası erməni şərabının təsiri altında ölkəsinin bölgədəki maraqlarına ciddi zərbə vurur

Müəyyən qüvvələr regionda Türkiyə və Rusiya anlaşmasından narahatdır və müharibənin başlanmasında maraqlıdır

Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə qətnaməni qəbul etdi. 305 senator separatçı qurumun “tanınması” ilə bağlı qətnamənin lehinə səs verdi. Yalnız bir nəfər buna qarşı çıxdı. Qətnamə layihəsini dəstəkləməyən yeganə senator Natali Qule səsvermə sonrası belə deyib ki, layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Qulenin sözlərinə görə, senatorların bir çoxu heç Dağlıq Qarabağı xəritədə belə göstərə bilməzlər: “Təbii ki, onlar erməni diasporunun tam təsiri altında bunu ediblər. Biz münaqişə tərəflərini daim sülhə çağırırdıq, günahsız insanların ölməsini istəmirdik. Artıq razılaşma var, tərəflər müharibəni dayandırıb, qan tökülmür. O zaman bu qərəzli qətnaməyə nə ehtiyac var?”.

Qondarma “qətnamə” layihəsinin müzakirəsi fikir mübadiləsindən daha çox 12 senatorun qərəzli, reallıqdan uzaq, birtərəfli çıxışı ilə tarixə düşdü. Çıxışlardan aydın oldu ki, Fransa Senatının bir çox üzvünün müharibənin başa çatmasından, tərəflər arasında razılıq əldə edilməsindən xəbəri belə yoxdur. Dağlıq Qarabağ münaqişəsinin detalları haqqında heç bir təsəvvürü olmayan senatorların səsvermədə fəal iştirakı açıq şəkildə əvvəlcədən planlaşdırılmış təxribat deməkdir. Absurdluğu və həyasızlığı ilə təəccüb doğuran sənəd Azərbaycanı “son hərbi əməliyyatlar nəticəsində tutduğu ərazilərdən qoşunları dərhal çıxarmağa” çağırır. Senat habelə Fransa hökumətindən tələb edir ki, “ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Qarabağda sərhədlərin 1994-cü ilin mayında atəşkəslə bağlı imzalanmış müddətsiz üçtərəfli anlaşmaya uyğun olaraq bərpası üçün bütün gərəkli addımları atsın”. 

Fransanın atdığı bu addım beynəlxalq nüfuzu olan bir ölkənin imicinə böyük zərbədir. Çünki əvvəla bu qərar beynəlxalq hüquqa ziddir. Qarabağ Azərbaycanın suveren ərazisidir və ərazi bütövlüyü beynəlxalq çərçivədə tanınır.

İkinci tərəfdən, ATƏT-in Minsk qrupunun üzvüdür, üstəlik, həmsədr dövlətdir. Neytral mövqe sərgiləyəcəyi halda, açıq-aşkar tərəf bildirməsi vasitəçilik missiyasına ziddir. Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Jean-Baptiste Lemoine isə bildirib ki, Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir. Onun sözlərinə görə, Fransanın separatçı "Dağlıq Qarabağın müstəqilliyini" birtərəfli qaydada tanıması heç kim üçün faydalı olmayacaq. Diplomat vurğulayıb ki, Ermənistan da daxil olmaqla dünya birliyi, Dağlıq Qarabağın “müstəqilliyini” tanımayıb. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürüdür: “Vasitəçi ölkənin bitərəf və ədalətli olmalı olduğunu unudan Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olub. Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirib. Böyük təəssüf doğuran məqam odur ki, Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirib. Qətnamənin mətnində Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittiham və böhtanları qəti şəkildə rədd edirik, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərini təhrif etmək cəhdlərini kəskin qınayırıq. Türkiyə və Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi ilə bağlı indiyə qədər heç bir sübutla təsdiq olunmamış iddialar əsassızdır. Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsi barədə faktlar və dəlillər aidiyyəti qurumlarımız tərəfindən Fransanın diqqətinə çatdırılıb”. 

H.Hacıyev bəyan edib ki, qətnaməni Fransada artmaqda olan islamofobiyanın bariz nümunəsi hesab edirik:

“Fransada ifrat dünyəvilik və mətbuat azadlığı pərdəsi altında islam dininə və müsəlmanlara qarşı həyata keçirilən ayrı-seçkilik və təqiblər bizə vaxtı ilə bu ölkədə hökm sürmüş və gün də davam edən anti-semitizmi xatırladır. Fransa Senatı məqsədyönlü şəkildə döyüşlərin davam etdiyi 44 gün ərzində münaqişə bölgəsinə yaxın və oradan uzaqda olan dinc sakinlər, mülki obyektlər, enerji və nəqliyyat infrastrukturuna qarşı Ermənistan hərbi təxribatlarını qınamaqdan çəkinir. Ermənipərəst Fransa siyasi dairələri anlamalıdır ki, Azərbaycan öz torpaqlarında xarici işğalçı hərbi qüvvələrə qarşı müharibə aparmışdır və həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqda tanınan suveren əraziləridir. Heç bir qüvvə Azərbaycanı buna görə ittiham edə və Azərbaycanın hərbi birləşmələrinin bu ərazilərdən çıxarılmasını tələb edə bilməz. Fransanın son vaxtlar bir sıra beynəlxalq  təşkilatlarda ölkəmizə qarşı riyakar siyasət aparması Azərbaycan tərəfində ciddi narahatlıq və suallar doğurur. Qətnamənin qəbulunu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addım kimi dəyərləndiririk”.

Türkiyə Xarici İşlər Nazirliyi də Senatın qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb. Nazirlikdən vurğulanıb ki, Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi haqqında dünən qəbul etdiyi qətnamə beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır: “Qətnamədə Türkiyəyə dair qeyd olunan əsassız iddiaları isə tamamilə rədd edirik.

Fransa Senatının bu qərarı bitərəf olması zəruri olan ATƏT-in Minsk qrupu həmsədrlərinin bu günə kimi məsələyə niyə həll yolu tapmadığının, necə tərəf tutduğunun açıq nümunəsidir. Azərbaycanın döyüş meydanında əldə etdiyini nəticə BMT qətnamələrinə söykənir. BMT-nin müvafiq qətnamələri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edir. Vəziyyət belə olduğu halda Fransa Senatının Azərbaycana işğaldan azad etdiyi öz torpaqlarından çəkilməsi çağırışını etməsi ciddiyə alınmayacaq dərəcədə gülünc, tərəfkeş və həqiqətlərdən uzaq bir anlayışın təzahürüdür. Bu qərar Fransanın münaqişənin həllinə həqiqi mənada töhfə vermək imkanını da məhdudlaşdırır”. 
Məsələyə Rusiyadan da reaksiya gəlib. Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev deyib ki, Fransa Senatının “dqr” qətnaməsi, əsasən, Parislə Ankara arasındakı fikir ayrılıqları ilə bağlıdır. Onun sözlərinə görə, qətnamə Fransa hökuməti üçün məsləhət olaraq qalacaq: “Fransa-Türkiyə münasibətləri son həftələrdə praktik olaraq sıfra düşüb. Senatda qətnamənin yekdilliklə qəbulu Fransanın siyasətdə qəti addımlara hazırlığının nümayişidir”. 

Azərbaycan ictimaiyyəti, siyasi şərhçilər Fransaya qarşı ciddi addımların atılmasını, reaksiyanın sərt olmasını tələb edirlər. Hesab edilir ki, proseslərin bundan sonra hansı məcrada inkişaf etməsindən asılı olmayaraq Azərbaycan Fransa rəhbərliyini yerində oturtmalıdır. İlkin olaraq Fransadakı səfirimiz məsləhətləşmələr üçün Bakıya geri çağırılmalıdır. Fransanın ATƏT-in Minsk qrupunda həmsədrlikdən kənarlaşdırılması tələb olunmalı və bu sahədə müvafiq diplomatik fəaliyyətə başlanmalıdır. 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov xatırladıb ki, dünyanın yarısından çoxu bir neçə il əvvəl Qəmər adaları və Mayot adası ilə bağlı qərar qəbul edib. 2019-cu ildə Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları Mayot adası üzərində Qəmər Adaları İttifaqının mübahisəsiz suverenliyini bir daha təsdiq edərək 2009-cu ilin 29 martında burada keçirilən referendumu qınayıb və etibarsız sayıb. Eyni zamanda, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları Fransa hökumətini Qəmər adalarının əhalisinin Mayot adasına girişini ciddi şəkildə məhdudlaşdıran, çox sayda insan itkisinə və itkin düşmələrə səbəb olan “Balladur Visa”sını ləğv etməyə çağırıb. Daha sonra BMT tərəfindən Qəmər Adaları Respublikasının suverenliyi tanınıb və Fransa həmin adaları tərk etməyə çağrılıb. Lakin Fransa BMT-nin tələbinə məhəl qoymayıb və beynəlxalq hüquqa tüpürərək müstəmləkəçi olduğunu ortaya qoyub: “Bu gün Benin, Burkina-Faso, Çad, Ekvatorial Qvineya, Qabon, Qvineya, Fildişi Sahili, Kamerun, Komor adaları, Konqo, Mali, Niger, Mərkəzi Afrika Respublikası, Seneqal, Toqo və Yuxarı Voltada Fransa hökumətinin apardığı siyasət beynəlxalq hüququn pozulması və müstəqil dövlətlər sayılan bu ölkələrin müstəqilliyinə qəsddir. Fransa hələ də Cibuti, Seneqal, Qabon, Çad, Mərkəzi Afrika Respublikası və Fildişi sahilində 6 hərbi baza saxlayaraq Afrikada nüfuzunu davam etdirir. O cümlədən, keçmiş müstəmləkəsi olan 14 Afrika ölkəsindən 60 ildən çoxdur ki, hər il xərac alır. Əgər bu dövlətlərdən hansındasa siyasi hakimiyyətdəki liderlər “vergi”ni Fransaya verməkdən imtina edirsə, dərhal ona qarşı ya sui-qəsd təşkil edilir, ya da inqilab yolu ilə hakimiyyətdən uzaqlaşdırılır. Bütün bunlara XXI əsrdə rast gəlmək utanverici, eyni zamanda təəccüblüdür”. 

Analitik istisna etməyib ki, Fransanın ardından müəyyən qüvvələr Hollandiya, Kanada, Belçika, Avstraliya, Uruqvay və Argentina kimi dövlətlərdə də Dağlıq Qarabağla bağlı spekulyasiyaya yol verə bilər:

“Müəyyən qüvvələr regionda Türkiyə və Rusiya anlaşmasından narahatdır və müharibənin başlanmasında maraqlıdır. Müxtəlif dövlətlərin parlamentlərində Azərbaycana qarşı siyasi təzyiqlərin işə salınmasında Qərbdəki erməni diasporunun da xüsusi rolu var. Qarabağ ətrafında kifayət qədər ciddi geosiyasi mübarizə getməkdədir. Qərbdəki erməni diasporu Paşinyanın Putinin ayaqlarına yıxılmasına imkan vermək istəmirlər. Hər bir halda Fransa Senatı tərəfindən verilən qərar bu dövlətin adına ləkədir və Azərbaycan üçün bu qətnamənin kağız parçasından başqa bir şey olmayacağı aydındır. Lakin bu qərarın qəbul edilməsi ilə Fransa Cənubi Qafqazdakı bütün iqtisadi maraqlarını itirmiş olacaq. Görünən odur ki, siyasətdə “kal” olan Makron və onun komandası erməni şərabının təsiri altında sayıqlamalarıyla Fransanın nüfuzuna və bölgədəki maraqlarına ciddi zərbə vurduğunun fərqində deyil”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu