Resurslar var: " Azərbaycan və Türkiyə diasporasının ortaq fəaliyyəti güclənməlidir"

Ermənipərəst Fransaya, ümumiyyətlə, bütün türk düşmənlərinə qarşı birgə mübarizə daha effektli olar

Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Türkiyə ilə bağlı Fransa prezidenti Emmanuel Makronun qeyri-adekvat bəyanatları heç də təəccüblü deyil. Fransa dövləti Makrondan öncə də ermənipərəst mövqe sərgiləyib. Senatın ölkə hökumətini “Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran qətnaməsi göstərir ki, fransız cəmiyyətində açıq-aşkar ermənipərəst ab-hava hökm sürür. Fransa rəhbərliyi Azərbaycan və Türkiyə düşmənçiliyini heç vaxt gizlətməyib. Əlbəttə, bunun müxtəlif səbəbləri var.

Əsas səbəbi bu ölkənin yüzilliklərdən bəri dənizlərdə hegemonluq istəyi və bu marağın İngiltərə və ABŞ-la yanaşı, həm də Türkiyə ilə toqquşmasıdır. Fransa uzun illərdən bəri türk düşməni rolunu oynamağa davam edir. Makron Türkiyəyə qarşı ərəb rejimlərini təşkilatlandırmağa çalışır. Hesab edir ki, rəsmi Parisi Yaxın Şərq, Aralıq dənizi və digər regionlardan uzaqlaşdıran, proseslərə müdaxiləsinə imkan yaratmayan Ankara hökuməti, daha dəqiq ifadə etsək, prezident Rəcəb Tayyib Ərdoğandır. Həqiqətən də, Türkiyənin strateji həmlələri Fransanı oyundan kənar qoyub. Suriya, İraq və Liviyada istədiyini verməyib, Tunisdəki çevriliş planını boşa çıxarıb. Bu səbəblərdən dolayı Fransa hər fürsətdə Türkiyəni arxadan vurmağa cəhd göstərib. Şübhəsiz, Fransada güclü erməni lobbisi də məlum prosesdə önəmli faktordur. Nəzərə alaq ki, senatorların güclü maliyyə qaynaqlarından biri də erməni lobbisidir. Fransa Senatının qəbul etdiyi qətnamə sənədinin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik nümayiş etdirməsi narahat edir. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, Türkiyənin adı qətnamədə daha çox çəkilir. Senat bu yolla türkə, müsəlmanlara qarşı düşmənliyini açıq ifadə edir. Türkiyədən aldığı ədalətli cavabların heyfini bu kağızla çıxmağa səy edir. O baxımdan əksər ekspertlər hesab edirlər ki, ermənipərəst Fransaya, ümumiyyətlə bütün türk düşmənlərinə qarşı birgə mübarizə daha effektli olar. Bunun üçün Azərbaycan və Türkiyənin diaspora və lobbi gücləri birlikdə fəaliyyət göstərməli, koordinasiyalı mübarizə bir qədər də güclənməlidir. 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan və Türkiyə son illərdə diasporaların fəaliyyətinin koordinasiya edilməsində müəyyən addımlar atıblar. Siyasi şərhçinin sözlərinə görə, bu məsələdə dövlət başçıları səviyyəsində daha çox bəyanatlar səslənir. A.Aslanlı vurğulayıb ki, praktikada qardaş ölkənin diasporası ilə daha sıx əməkdaşlıq əvvəldən mövcud olsa da, proses hələlik ölkə liderlərinin gözləntilərini qarşılayacaq səviyyədə deyil:

“Daha çox çalışmaq lazımdır. Diasporaların fəaliyyəti elə əlaqələndirilməli, çalışma sistemi elə qurulmalıdır ki, onların varlığı, təsirləri yaşadıqları ölkənin həyatında hiss olunsun. Təəssüf ki, arzuladığımız mənzərənin hələ də şahidi ola bilmirik. Düzdür, əvvəlki illərlə müqayisədə fəallaşma var, amma hədəflədiyimiz xəttin altındadır. Fransada erməni əhalisi ilə yanaşı, Azərbaycan vətəndaşları, Türkiyə türkləri və Cənubi azərbaycanlılar da yaşayır. Bu vaxta qədər erməniləri balanslaşdıracaq təsirə malik olmalıydıq. Hətta müsəlman ərəblərdən də istifadə etmək olardı. Diaspora daha yaxşı təşkilatlanmalı, həm də daha sistematik fəaliyyəti qurulmalıdır”.

Politoloq vurğulayıb ki, dövlətlər qabaqlayıcı addımlar atmağa daha çox maraqlı olmalıdır, nəinki sonradan reaksiyalar göstərmək:

“Münaqişənin həllində Fransanın mövqeyi əvvəldən bəlli idi və heç vaxt dəyişməyib. Ən azından iyulda baş verən Tovuz hadisələrindən sonra rəsmi Parisin yanaşmasına şahid olduq. Müharibə başlayandan sonra Fransa ermənilərin tərəfində durduğunu açıq formada bəyan etdi. Yəni Fransaya qarşı əvvəldən qabaqlayıcı tədbirlər görülə bilərdi. Qəbul edirik ki, əgər bir ölkənin rəhbəri və onun komandası qarşısına konkret məqsəd qoyursa, diaspora, lobbi və şirkətlər üzərindən təzyiq göstərmək qismən nəticə verir. Amma bütün mümkün variantlardan istifadə edilməlidir. Sadəcə bəyanatlarla kifayətlənməli deyilik”. 

A.Aslanlı bəyan edib ki, daxili auditoriyaya hesablanmış diaspora fəaliyyətinə son qoymaq lazımdır:

“Təbliğat və tanıtma xarici ölkələrin ictimaiyyəti, əcnəbi vətəndaşlar üçündür. Fransa kimi qərəzli ölkələrdə bizə, ümumən türk dünyasına nəzəri dəyişməliyik. Azərbaycan və Türkiyə ortaq fəaliyyətini gücləndirməli, müsəlman dünyasını da prosesə cəlb etməlidir. Qoşulmama Hərəkatının üzvləri arasında Fransanın yaxın əlaqədə olduğu dövlətlər var. Bakı və Ankara həmin ölkələr üzərindən fəal iş qurmalıdır. Bunun üçün həm bizim, həm də qardaş ölkənin kifayət qədər imkanları, resursları var. Avropa ölkələrinin qəraralma mexanizmlərinə təsir imkanları əldə etməliyik. Dünyanın əksər dövlətləri ilə normal, ikitərəfli münasibətlərimiz var. Fransa kimi ölkələr türk dünyasının narahatlığını sadəcə sözlə ifadə olunan etiraz formasında dəyərləndirməməlidir.

Anlamalıdırlar ki, bu cür qərəzli və düşmənçilik münasibəti birbaşa həmin ölkələrin milli maraqlarına təhlükə yaradır, zərbə vurur. Siyasət və özəl sektor alınan qərarların onlara verdiyi ziyanı duymalıdır”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu