Suverenliyin pozulmasına yeni cəhd  

Həm Ermənistanda, həm də Azərbaycanda insanlar şokdadır. Onilliklərlə yatmış və bitmiş sayılan problem gözlənilmədən oyandı və həftələrlə ölçülən bir vaxt kəsiyində çözüldü. Nə baş verdi? Onilliklər keçsə də, problem nə o yanda, nə də bu yanda düşüncədən keçirilərək hüquqa söykəkli analiz edilməyib. Ermənistanla problem qismən aydındı: Yırtıcı dövlət gözünü qan örtmüşlərin fitnəsilə, milli özünütəyinat adı altında Azərbaycan torpaqlarını işğal etmişdi. Bəs bizdə? Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi son sənədlə bağlı toplumda söz dartışması, Milli Məclisin, XİN-nin Fransaya üz tutması göstərir ki, hətta qələbədən sonra da toplumda problem düzgün anlaşılmır.
Nə üçün “qələbədən sonra da” dedik? Ona görə ki, Diplomatiya-Savaş- Diplomatiya (DSD) siyasi modeli problemi – Azərbaycanın torpaq bütövlüyü, başqa sözlə, süverenliyi pozulub – kimi qoymuşdu. Süverenliyin bərpası üçün Azərbaycan kimsədən icazə istəməməlidir, amma geosiyasi reallıqları hesaba almalıdır. Əgər istək Ermənistana çıxın dedikdə sözlə çatmırsa, onda bu zorla edilir. Belə də edildi! Azərbaycan, bir geosiyasi vahid kimi heç olan Ermənistana ay çəkmədi ki, yerini göstərdi. Bu, təkcə Ermənistan üzərində deyil, bütün kürəvi erməni mafiyası üzərində qələbə idi. Bu, təkcə kürəvi erməni mafiyası üzərində deyil, dünyada yanlış erməni düşüncəlilik və onların havadarları üzərində qələbədir. Amma … Demə bu, son olaylar göstərir ki, yalnız tam hərbi və qismən siyasi-sosial-mənəvi-etik qələbədir. Başqa cür necə ola bilərdi: Bir şapalağa yüzilliklərlə formalaşmış erməni düşüncə tərzini və passiv, siyasi yatmış azərbaycanlı halını dəyişməkmi olar?

Problemin anlaşılmaması və bununla da, düzgün qoyulmaması təkcə sonuncu olaylarla bağlı deyil. Savaş başlayandan sonra bir televiziyada gedən verilişdə

tarixçi, problemi düzgün qoyan şəxsə yox deyib eramızdan öncəki keçmişdən danınışmağın gərəkliyini başa salmağa çalışırdı. Axı ölkə Prezidenti …
Tək-tək hallarda belə nəsnə baş verir. Bəlkə də təkdir. Atatürk səngərdən prezident kürsüsünə qalxmışdı. Azərbaycan Prezidenti prezident kürsüsündən səngərə atıldı və əsgərə çevrildi. Özü də, gör neçə səngərdə, prezidentlərlə Prezident kimi, jurnalistlərlə Jurnalist kimi savaşırdı. İntellektual savaş daha ağır savaşdı. Vaxt gələcək bu savaş fərqli aspektlərdən öyrəniləcək. Prezidentlə söhbət Kicelyovda o qədər simpatiya yaratmışdı ki, sonradan o, Prezidentin azərbaycanca getmiş, belə deyək, “Paşınyan, nooldu …” çıxışını rus dilinə çevirərək rusiyalı tamaşaçılara və həmçinin dünyaya çatdırdı. Bir də, onu deyim ki, son yüz ildə - 1905, 1918, 1937 və 1948, 1988 – dən bu günlərə kimi, bu, ermənizm üzərində Azərbaycanın ilk qələbəsidir. Baş verənlərə hələ ki, şok nədənindən gərəyincə dəyər verə bilmirik.

Problemə qayıdaraq deyək ki, axı ölkə Prezidenti su bulandıran jurnalistə açıq-aydın dedi ki, “Tarixi Nadir” açmaq gərək deyil, yaxın keçmişi xatırlatmaq bəs edər, o keçmişsə hətta internetdə var. Keçmişi öyrənmək kimə qadağandıki?! Siyası masada isə, içərisindən nə çıxmasından asılı olmayaraq keçmişi qurdalamaq yerinə, problemi siyasi qoymaq gərəkdir.

Siyasi qoyuluşsa belədir: Ermənistan Azərbaycan torpağında yaşayan ermənilərin özünütəyinatı adı altında Azərbaycanın torpaq bütövlüyünü – süverenitetini pozmuşdu. Süverenliyin bərpası isə diskussiya mövzusu deyil və o, şərtsiz yerinə yetirilməlidir. Hə, eşitdim, deyirsiniz yalnız ideal dünyada gücün yox, hüququn üstünlüyü işləyər. Doğrudur. Ona görə də Azərbaycan, geosiyasi reallıqları düzgün dəyərləndirərək işin doğru həllinə badalaq gələnləri bir yana qoydu, problemin həllinə birbaşa etgisi olan Rusiya və Türkiyəni işə qoşdu və boş qazan səsi verənləri yerində oturtdu. Bununla iş bitdimi?

“Siyasi faylın silinməsi”ndə deyilmişdi ki, ikinci dünya savaşı bitməmiş soyuq savaş başladı və biz də buna hazır olmalıyıq. Fransa, qismən də ABŞ bizi heç gözlətmədi də. Fransa senatı “Dağlıq Qarabağ”ın bir dövlət kimi tanınmasını tövsiyə edən sənəd imzaladı. Bəs biz necə, hazırıqmı? Azərbaycan əsgəri savaşı uddu, bəs intellektuallar, onlar necə, udmaq bir yana qalsın, döyüşə atılmağa hazırdırlarmı? Bəhanə gətirilməsin ki, təcrübə yoxdur. Əsgərimizin də bundan öncə belə bir döyüşə atıldığı bəlli deyil. Yenə də, bir misal çəkməklə, hazır olmadığımızı vurğulayaq.

Problemin Minsk üçlüyündə yer alan Fransa və ABŞ-ın iştirakı olmadan çözülməsi, onları özündən çıxarıb və onlar hər bir yolla bu işi pozmağa çalışırlar. Hər iki tərəf özlərini fakt qarşısında qoydu, belə çıxdı ki, tam belə olmasa da, problemin həllinin qarşısını alanlar elə onlarmış. Fransa və ABŞ, üçlüyün həmsədrləri kimi məsələni belə qoydular: “Dağlıq Qarabağ konflikti” onların iştirakı ilə çözülməlidir.

Son üç onillik göstərdi ki, əslində çalışdıqları o olub ki, çözülməsin. Fransa Prezidenti açıq-aşkar Azərbaycana qarşı yönəlmiş bəyanatlarını verdi. Bizim şərhçilər televiziyalarda çıxışlarda, saytlarda yazılarda söylədilər ki, “biz Minsk üçlüyündən elə-belə yaxa qurtara bilmərik”. Yalnız bir xanım problemi doğru analiz etdi, bu isə çox azdır (radioverilişi yarımçıq dinlədiyimizdən adını bilə bilmədik).

Putin dedi ki, bundan sonra “Dağlıq Qarabağ konflikti” adlı bir nəsnə olmayacaq. Həm Azərbaycandan, həm Ermənistandan, bütün dünyadan 10 noyabr sazişini pozmağa çalışanlar çox olsa da, tərəflər atdıqları imzalara arxa durduqlarını söylədilər. Bununla da, problem çözüldü. Əgər konflikt yoxdursa, onda onu çözəsi hansı Minsk qrupundan söhbət gedə bilər? Birdə ki, biz istəməyəndən sonra və konflikt olmadığı halda kim gəlib bizim evin içərisində oyun çıxara bilər ki? Putin bu fikri kimlərə ünvanlamışdı?

Bəs qalanlar? Anlamaq onlara aid deyil? “Biliyin dəyəri”, “Öyrətmə nə?” yazılarında funksional savadsızlığa çox toxunmuşduq: oxuyur, ancaq anlamır. Şərhləri izləyən bir adi peşə yeyəsi dedi ki, doğrudanmı bu qədər adamın içərisində jurnalist Şevçenko səviyyəsində analiz aparan bir kəs yoxdur? Necə deyərlər, komentariyaya gərək yoxdur.

Hə, görünür saxta ad altında məktəblərin qapadılması, öyüdün dayandırılması asanlıqla fırladılan bir qoşunun yetişdirilməsinə qulluq edir. İç yağı özünü göstərir, çabalayır. Erməniyə sədaqət kimi “Azərbaycanı içəridən vurub-dağıtmaq” - ideoloji bataqlığında çabalayansa batmağa məhkumdur.

Problem eyni ilə, Fransa senatının qəbul etdiyi sənədlə də bağlı davam edir. Bir də qayıdaq: Ermənistan öz istəyini gizlədərək hansısa qondarma “DQR” – in yaradılmasını ortalığa atmaqla Azərbaycanın süverenliyini təkcə sözlə deyil, hərbi basqı ilə də pozmuşdu. Avropada buna bənzər olay artıq baş verib, doğrudur, yalnız söz səviyyəsində. İspaniyada Kataloniya liderləri İspaniyadan ayrılma qərarı vermişdilər. Baxmayaraq ki, İspaniyanın tərkibində Kataloniya kimi çoxlu sayda muxtariyyətlər var, o, unitar dövlətdir.

Dövlətin unitarlığını pozan hər hansı bir ayrılma qərarı qanunla cəzalandırılır. Belə də oldu. Kataloniyanın başında duran kəslər etdiklərinə görə cavab verməli oldular, tutulan tutuldu, qalanlarsa hələ də başqa ölkələrdə qaçıb gizlənirlər. İstər içəridən olsun, istərsə də dışarıdan, fərq etməz, süverenliyin pozulmasına çağırış qanunun sərt üzü ilə üz-üzə dayanmalıdır.

Heydər Əliyev Azərbaycanı quzeydə və güneydə parçalamaq istəyənləri qanun qarşısında qoymaqla, İspaniyadan öncə belə işin hansı sonluğa apardığını dünyaya göstərmişdi. Və beləliklə, Azərbaycanın süverenliyinin pozulmasına aparan çağırışlar etdiyinə ğörə Fransa senatının rəhbərliyi haqqında Azərbaycanda cinayət işinin başladılması ilə yanaşı (əgər toxunulmazlıqları varsa, ilkin olaraq toxunulmazlıqlarının götürülməsinə çalışılmalıdır), həm Fransaya, həm də üzvü olduğu Avropa Birliyinə və Beynəlxalq məhkəməyə üz tutulmalıdır. “Söz azadlığı” kimi ifadələrlə manipulyasiya qanun qarşısında acizdir.

Demokratiya təkcə bağaçıqlıqla ilə söz fırladılması deyil, o, həm də deyilən sözə görə cavabdehliyi də göz altına alır. O ki qaldı nəticəyə, bu onları və belə addım atmaq istəyən digərlərini əyri yoldan çəkindirər. Avropada insanlar qanundan qorxduqları qədər heç nədən qorxmurlar. Biz onları elə öz qanunları ilə topa tutmalıyıq.

Cəsarət Əliyev 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu