“Azərbaycan və Türkiyə bölgədə “oyun qaydaları”nı dəyişdirir” - ŞƏRH

Azərbaycanın sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları təkcə torpaqlarımızın azadlığı ilə nəticələnmədi. Bu, həm də bölgədəki geostrateji durumu dəyişdi. Region ölkələri indi Azərbaycanla münasibətlə daha diqqətli olmağa çalışmalıdırlar. Çünki biz illərdir davam edən erməni mifini darmadağın etdik. Göstərdik ki, o içi boş şardan başqa bir şey deyilmiş. Bəs qələbəmizin regiondakı vəziyyətə təsiri nədən ibarət olacaq?

 BDU-nun professor, politoloq Əlimusa İbrahimov “Sherg.az”a açıqlamasında bu suala cavab verib:


“Əlbəttə, Azərbaycanla- Ermənistan arasında son iki ayda baş verən müharibə və Azərbaycan torpaqlarının işğaldan azad olunması yenə də diqqət mərkəzindədi. Bu proses, heç şübhəsiz, hələ uzun müddət müzakirə mövzusu olacaq. Azərbaycanın öz əzəli torpaqlarını geri qaytarması Prezident, Ali Baş Komandan İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələrində qeyd etdiyi kimi, regionda yeni geostrateji şərait və qüvvələr balansının yaranması ilə nəticələndi.

Azərbaycan və Türkiyə bölgədə “oyun qaydalarını” dəyişdirən aktorlara çevrilirlər. Rusiya da bunu normal qarşılayır. Prezident Vladimir Putinə görə, baş verən hadisələr SSRİ-nin dağılmasından doğan reallıqdır. İstəyib- istəməmələrindən asılı olmayaraq həm regional, həm də  beynəlxalq qüvvələr bu reallıqla  razılaşmaq məcburiyyətindədirlər.

Yeni yaranmaqda olan şəraitin bəzi dövlətlərin maraqlarına zidd olduğuna görə süni surətdə mane olmaq cəhdləri nəticə verməyəcək. Ermənistan təbliğat maşını bütün istiqamətlər üzrə fəaliyyət göstərərək Azərbaycan ordusunun  möhtəşəm qələbəsini kiçiltmək məqsədilə zəfərin region dövlətləri, xüsusən İrana qarşı yönələn təhlükə olduğunu vurğulayır. Döyüşlərin davam etdiyi 44 gün ərzində İranın siyasi və həm də hərbi dairələrindən istədikləri yardımı almadıqlarına baxmayaraq, onlar İran cəmiyyətini Azərbaycana qarşı qaldırmaq üçün yeni-yeni təşəbbüslər edirlər.

Erməni siyasətçilər öz nəzarəti altında olan kütləvi informasiya vasitələrində torpaqlarımızın işğaldan azad olunmasını İran üçün ciddi strateji təhlükə hesab edirlər.  Buna sübutu kimi gülünc dəlillər gətirirlər. “ Euroactiv” saytında  Dnyaneş Kamat adlı bir müllifin yazısı dedilərimizin əyani sübutudur. Müəllif Dağlıq Qarabağın işğaldan azad olunmasının İran üçün ciddi təhlükə olacağını çox gülünc və ucuz misallarla əsaslandırır.

Bu sübutlardan  birini nəzərdən keçirməklə erməni təəssüblü Kamatın sonrakı dəlillərinin də puç olduğunu görərik. Kamatın fərziyyəsinə görə, Azərbaycan- İran arasında  işğal olunmuş torpaqlar hesabına sərhədlərin uzanması İsrailə  İrana qarşı kəşfiyyat aparmaq üçün daha geniş ərazi verəcək”.

O, həmçinin Azərbaycan-İran münasibətlərinin gələcək perspektivindən də söz açıb: “Məntiqsizliyin bu dərəcəyə çatması həqiqətən təəccüblüdür. Sanki hərbi texnologiyaların və xüsusən İsrail hərbi sənayesinin bu günkü inkişafı fonunda israillilər gəlib Azərbaycan-İran sərhədində müşahidə məntəqələri quraraq  durbinlə İranda baş verənləri müşahidə edəcək. Erməniləri narahat edən məsələ tamam fərqlidir. Onlar Qarabağın işğaldan azad olunmasını Azərbaycanla İran arasında münasibətlərin daha da inkişaf etdirilməsinə ciddi müsbət təsir göstərəcəyinə görə narahatdılar.

Qeyd etdiyimiz kimi, hələ müharibənin  gedişində İranda mövcud siyasi qüvvələrin, demək olar ki, hamısı Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün başlatdığı mübarizəni dəstəklədiklərini bildirmiş, ermənilərin işğalçı olduqlarını dolayı yolla təsdiqləmişlər. Ermənistana müxtəlif yollarla  göndərilən maşın karvanlarının da qarşısı alınmış və erməni separatçıları ümid etdikləri yardımdan məhrum olmuşlar. İş o yerə çatıb ki, canlarını qurtarmaq üçün Araz çayını keçən erməni əsgərlərindən hələ də xəbər yoxdur.

Ermənilərin ucuz və qərəzli iddialarının əksinə olaraq hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həll olması ilə Azərbaycanla –İran arasında mövcud olan ən böyük narazılığı aradan qaldırılmış olur. Bildiyimiz kimi, biz həmişə Azərbaycan-Ermənistan münaqişəsində İranın Ermənistanı dəstəkləməsi ilə əlaqədar narazılıq bildirirdik. İrandan-Ermənistana göndərilən maşın karvanlarının videoloarı davamlı olaraq sosial şəbəkələrimizdəm də nümayiş etdirilirdi.

Bu videolorın, az qala, hamısını elə Ermənistan xüsusi xidmət orqanları məqsədyönlü şəkildə - Azərbaycan hakimiyyəti və ictimaiyyətində İrana qarşı qıcıq yaratmaq üçün yayırdı. Beləliklə, işğal altında olan torpaqlarımızın azad olunması ilə erməni təbliğat maşının ən böyük  alətini əlindən alındı”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu