Qarabağ müzakirəsi! - “Patrul xidməti işində Rusiya-Türkiyə qarşıdurması var”

“Yəni türklər sadəcə Bakıda yerləşdirilmiş müşahidə məntəqəsində yox, bölgədə patrul xidməti göstərəcək”

“Lakin bu məsələ ilə bağlı Rusiyadan təsdiq eşitmədik. Beləliklə, bu mövzuda Rusiya-Türkiyə qarşıdurması olduğunu görürük”

“Ona görə də telefon danışığı zamanı NATO-nun baş katibi ilə müəyyən məsləhətləşmələr aparıla bilər”


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Ankaradakı diplomatik mənbələrin məlumatına görə, müzakirələr zamanı Çavuşoğlu və Stoltenberg Dağlıq Qarabağdakı vəziyyətə də toxunublar. Türkiyə XİN rəhbəri və NATO-nun baş katibi Şərqi Aralıq dənizi və Əfqanıstandakı vəziyyət barədə də fikir mübadiləsi aparıblar.
Məlumdur ki, Türkiyə NATO-nun üzvü kimi aparıcı mövqeyə malikdir. Bu baxımdan, qardaş ölkənin NATO-nun baş katibi ilə bölgədəki durumla bağlı fikir mübadiləsi aparması mühüm əhəmiyyət kəsb edib.



Siyasi analitik Turab Rzayevin “Sherg.az”a açıqlamasına görə, Türkiyə NATO-nun Cənub və Şərq qanadının ən güclü ordusuna malik ölkəsidir. Ona görə Türkiyə ilə NATO arasında daimi müzakirələrin aparılması normaldır.
Ekspert diqqətə çatdırıb ki, Qarabağ münaqişəsi ilə bağlı tam yekunlaşmayan bəzi məsələlər var:

“Üçtərəfli bəyanat imzalandı, lakin orada elə şərtlər var ki, necə həyata keçirildiyi hələ bəlli deyil. Eyni zamanda bəzi müddəalar ümumi şəkildə elan olunsa da, onların üzərində detallı şəkildə işlənilməyib. Böyük ehtimalla tərəflər telefon danışığı zamanı bu barədə fikir mübadiləsi aparıblar.
Türkiyənin bəzi istəkləri var.

Məsələn, bir neçə gün öncə Türkiyə ordusundan verilən məlumata görə, onlar rus ordusu ilə birgə müşahidə məntəqələri arasında patrul xidməti aparmaq istəyirlər. Rusiya isə bunu qəbul etmək istəmir və əsaslandırır ki, guya ermənilər soyqırıma məruz qalıblar, türklərdən qorxurlar və psixoloji zərbə alıblar.

Amma Türkiyə bu istəyi barədə çox israr edir. Daha sonra Türkiyənin müdafiə naziri Hulisi Akar bildirdi ki, türk ordusu da müşahidə məntəqələri ətrafında ruslarla birlikdə patrul xidməti aparacaq. Yəni türklər sadəcə Bakıda yerləşdirilmiş müşahidə məntəqəsində yox, bölgədə patrul xidməti göstərəcək. Lakin bu məsələ ilə bağlı Rusiyadan təsdiq eşitmədik.

Beləliklə, bu mövzuda Rusiya-Türkiyə qarşıdurması olduğunu görürük. Hər iki ölkə öz istədiyini və fikirlərini önə çəkmək istəyir. Aydın məsələdir ki, hər ölkə strateji hədəflərinə çatmağa çalışır. Bununla bağlı Türkiyənin mövqeyi də bəllidir. Türkiyə istəyir ki, ordusu bölgədəki ərazidə olsun. Ona görə də telefon danışığı zamanı NATO-nun baş katibi ilə müəyyən məsləhətləşmələr aparıla bilər”.

T.Rzayev qeyd edib ki, Türkiyənin Qarabağ münaqişəsində aktiv iştirakından NATO daxilində narahat olan qüvvələr var:

“Bu qüvvələrin başında Fransa, daha sonra Hollandiya, Belçika və Almaniya  dayanır. Hətta Amerika dövlət katibi Mayk Pompeo da Trampın ümumi siyasətinə zidd olaraq antitürk açıqlamalar verdi. Buradan belə bəlli olur ki, ola bilsin, Bayden hökumətinin münaqişəyə baxışı Trampdan fərqli olacaq. Bəlkə də, Bayden münaqişənin hərbi yolla həllinə qarşı çıxsın və yaxud Fransanın mövqeyinə yaxın çıxış etsin.

Əlbəttə ki, NATO və pentaqon da Baydenin mövqeyini nəzərə almalıdırlar. Düşünürəm ki, Çavuşoğlu ilə Stoltenberq söhbət zamanı Baydenin xarici siyasətindən qaynaqlanan məsələlərlə bağlı da fikir mübadiləsi aparıblar”.

Analitikin qənaətincə, istənilən halda üçtərəfli bəyantandan sonrakı məsələlərlə bağlı fəaliyyətimizi kifayət qədər sürətləndirməliyik ki, bəzi məsələlərlə bağlı geriyə dönüş olmasın:

“Bunlar içərisində işğaldan azad olan rayonların boşaldılması, ordumuzun ora yerləşməsi, həmçinin türklərin ruslarla patrul xidməti aparması var.

Patrul xidməti alınmadıqda isə Dağlıq Qarabağ ətrafındakı bir neçə mövqeyə türk ordusunun hərbi təlim mərkəzi şəklində yerləşdirilməsi aktiv şəkildə həyata keçirilməlidir.

Çünki artıq Bayden hökuməti Fransanın mövqeyinə daha yaxın mövqe sərgiləmək istəsə, Amerikanın yeni administrasiyasını fakt qarşısında qoyaq. Əlbəttə ki, bundan sonra kimsə bizdən qazandıqlarımızı və ya geri addım atmağımızı istəyə bilməyəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu