Laçını tərk edən ermənilər hər yerə od vururlar

Dünya mediası Ermənistan tərəfindən varvarcasına dağıdılan şəhərlərimizi Xirosimas ilə müqayisə edirlər

Vüqar  Bayramov: "Yeni mərhələ işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq"

Laçın rayonunu tərk edən ermənilər eynilə Kəlbəcərdəki kimi məskunlaşdıqları evləri söküb yandırırlar. Bu, “RİA Novosti” müxbirinin şəkillərində öz əksini tapıb. Şəkillərdən göründüyü kimi, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra yurdlarından didərgin salınmış azərbaycanlıların evlərinə məskunlaşmış ermənilər oranı tərk edərkən qapı və pəncərə çərçivələri daxil olmaqla mümkün ola biləcək hər şeyi götürməyə çalışırlar. Görüntülərdə ermənilərin çıxdıqları evlərə od vurmağı da öz əksini tapıb.

Millət vəkili Vüqar Bayramov bildirb ki, ermənilər əslində, öz evlərini deyil, 28 il öncə işğal nəticəsində mənimsədikləri və istifadə etdikləri bizim evlərimizi yandırırlar:

"O evlərdə 1993-cü ilədək azərbaycanlılar yaşayırdılar. İşğaldan sonra orada qeyri-leqal məskunlaşan ermənilər indi də Laçın rayonunu ciddi ziyan vurmaqla tərk edirlər.

Görünür, Ermənistan hakimiyyəti bu hərbi cinayətlərin dairəsini hələlik tam təsəvvür edə bilmir və ya etmək istəmir. Amma bütün əvvəlki oxşar hərbi cinayətlərin araşdırılması göstərir ki, söhbət böyük məbləğdə təzminat tələbi və ödənilməsindən gedir. Artıq dünyanın aparıcı media qurumları da işğaldan azad olunmuş və Ermənistan tərəfindən varvarcasına dağıdılan şəhərlərimizi Xirosimas ilə müqayisə edirlər. Bu məhz hərbi cinayətin miqyasını göstərən müqayisələrdəndir".

Ekspert belə hərbi cinayətlərə görə, təzminatın hesablanmasının necə həyata keçiriləcəynə də aydınlıq gətirib: "Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan.

Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur.

Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu da həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur. Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun varvarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq.

Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ həmçinin işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu