Geriyə dönüş yoxdur...

Razılaşmadan imtina Ermənistan üçün ölümə bərabər olar

Ona görə sakitcə üçlü Bəyanatın müddəalarına əməl edəcəklər

Vətən müharibəsində darmadağın olan və hərbi kapitulyasiyaya imza atan Ermənistan rəhbərliyi Fransa Senatının qondarma qətnaməsindən ruhlanaraq üçlü Bəyanata zidd siyasi açıqlamalar verməyə başlayıb. Ermənistan parlamentinin 10 noyabr gecəsi aksiya iştirakçılarının döyərək küçənin ortasına atdığı spikeri Ararat Mirzoyan feysbuk üzərindən Fransa Senatına təşəkkür edib. O bildirib ki, “Dağlıq Qarabağ konfliktinin” son həlli Fransa və digər Minsk qrupu həmsədri ölkələrinin birgə gücü ilə mümkündür.

O, Senat rəhbəri Jerar Larçerə məktubunda qeyd edib ki, “yalnız “artsax”ın tanınması və erməni kəndlərinin qaytarılması ilə uzunmüddətli sülh mümkündür. Halbuki, üçlü Bəyanatda keçmiş və qondarma “DQR”lə bağlı heç bir status nəzərdə tutulmur. Danışıqlarda hər hansı status müzakirəsi üçün maddə yoxdur. Ən əsası isə Prezident İlham Əliyev heç bir status verilməyəcəyini dəfələrlə rəsmən elan edib. Rusiya tərəfi də rəsmi açıqlama yayaraq, Bəyanatda hər hansı statusun nəzərdə tutulmadığını vurğulayıb. Buna baxmayaraq, Ermənistan rəsmisinin bu cür açıqlama yayması faktiki olaraq Bəyanata qarşı çıxmaqdır. 

Erməni spikerin absurd fikirləri ilə bağlı “Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib ki, Ermənistan hakimiyyəti istənilən məqamdan istifadə edərək öz mövqeyini gücləndirməyə çalışır. Deputatın sözlərinə görə, kapitulyasiya sənədinin imzalanmasından sonra hakimiyyətlə xalq arasında çox dərin ziddiyyət yaranıb. Paşinyana qarşı istefa çağırışları və etirazlar genişlənməkdədir:

“Kabinetin xeyli üzvü istefa verib. Müdafiə və xarici işlər nazirlərinin istefası Ermənistanda dərin hakimiyyət böhranının əlaməti idi. Ölkədə müşahidə olunan dərin xaos bir daha sübut edir ki, 9 noyabrda imzalanmış sənəd Ermənistanın məğlubiyyəti, Azərbaycanın isə zəfəridir. Paşinyan hakimiyyəti xalqla arasındakı bütün dayaqlarını itirmiş vəziyyətdədir. Ona görə də kiçik detallardan, elementlərdən yararlanaraq dirçəlməyə çalışır. Qətnamənin qəbul olunmasının əsas səbəblərdən biri Paşinyanın hakimiyyətinin qorunmasıdır. Qərb dairələri Paşinyanı Ermənistanda hakimiyyətə ona görə gətirib ki, onların maraqlarını təmin etsin. İndi də öz kadrlarını qorumaq üçün əllərindən gələni edirlər. Görüntü yaratmağa çalışırlar ki, Paşinyan ən azından xarici siyasətdə “uğur” qazanır”. 

Parlament üzvünün fikrincə, Fransa Senatının tövsiyə xarakteri daşıyan sənədi qəbul etməsində digər məqsəd regionda Rusiyanın rolunun azaltmaqdır: “ABŞ və Fransa bölgədə yenidən təsiretmə imkanları qazanmaq istəyir. Türkiyə tərəfi də bəyan etdi ki, 30 ilə yaxın müddətdə heç bir iş görməyən həmsədrlər öz “mövcudluqlarını” göstərməyə cəhd edirlər.

Ancaq 9 noyabr Bəyanatına görə, Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmır. Bir məqamı da qeyd edim ki, 500 mindən çox erməninin yaşadığı Fransada il yarımdan sonra növbəti prezident seçkisi keçiriləcək. Çox güman ki, gələcəkdə ermənilərin səsindən yararlanmaq istəyən siyasi qüvvələr qətnamənin qəbulunda maraqlı olublar”. 

E.Mirbəşiroğlu vurğulayıb ki, Senatın qətnaməsindən “ruhlanan” erməni rəhbərliyi Bəyanatdan qaçmaq niyyətini ifadə edə bilər. Amma praktiki olaraq hansısa addımın atılması qeyri-mümkündür:

“Ermənistan ağır məğlubiyyətə uğrayıb və kapitulyasiyaya imza atıb. Ona görə sakitcə üçlü Bəyanatın müddəalarına əməl edəcək. 44 gün ərzində Azərbaycan Ermənistanın bir neçə illik hərbi büdcəsini məhv etdi.

Digər tərəfdən rus sülhməramlıları münaqişə zonasındadır. Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə ifadə etdi ki, Ermənistanın Bəyanatdan imtinaya cəhdi intihar deməkdir.

İstəyi olsa belə Ermənistan heç bir halda anlaşmanın şərtlərindən boyun qaçıra bilməz. Bunun əksinə davranmaq Ermənistanı məhv edər.

Nəzərə alaq ki, Paşinyan müharibənin gedişində ağır vəziyyətə düşmüş ölkənin daha acınacaqlı durum yaşamaması üçün sənədi imzalamağa məcbur qalıb. İndiki məqamda razılaşmadan imtina böyük risk olar”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu