Şəhid məzarları da azadlığa qovuşur

Allahverdi Bağırovun Ağdamdakı məzarı səliqəyə salındı

"Dəmir lövhə təzələnib, üzərinə adı, soyadı yazılıb. Övladları məzarın yerini bilirdilər, ona görə səliqəyə saldılar"


Torpaqlarımızın işğaldan azad olunması ilə şəhid məzarları da azadlığa qovuşur. 
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun Ağdamdakı məzarı ziyarət məkanına çevrilib artıq. Doğmaları, yaxınları, döyüş yoldaşları bir neçə gündür ki, qəhrəmanın məzarını ziyarət edirlər. A.Bağırovun övladları da atalarının məzarını ziyarət edib. Qeyd edək ki, A.Bağırovun 3 övladı - 2 qızı və 1 oğlu hər üçü hərbçidir. Bununla bağlı sosial şəbəkələrdə foto və videolar yayılır. 

Videoların birində Milli Qəhrəmanın iki qızı torpaqlarımızın işğaldan azad eidlməsinə görə, Ali Baş Komandan və rəşadətli ordumuza təşəkkür edirlər. Dövlət Sərhəd Xidmətinin zabiti olan, Tibb xidməti kapitanı Aynur Bağırova videoda atası Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına qayıdışına görə Ali Baş Komandana təşəkkürünü bildirib:

“Atamın həmişə mənə arzuladığı peşəyə yiyələnərək bu gün fəxrlə Dövlət Sərhəd Xidmətinin zabiti kimi onun məzarını ziyarət etməyimlə qürur duyuram. Bu qələbə sevincini bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Əminəm ki, 27 ildən sonra işğaldan azad edilmiş Ağdama gəlişimizlə atamın və digər şəhidlərimizin nigaran ruhları bu gün rahatlıq tapacaq”.

A.Bağırovun digər qızı, DSX-nın polkovnik-leytenantı Zümrüd Bağırova isə deyib ki, sonuncu dəfə atasının məzarını 6 yaşında ziyarət edib:

"1993-cü ildə tərk etdiyim Vətən torpağında, sonuncu dəfə 6 yaşında olmuşam və bu gün yenidən atamın məzarı önündəyəm. Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam.

Doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə və qəhrəman döyüşçülərimizə öz dərin təşəkkürümü bildirirəm. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”.

Xatırladaq ki, bir neçə il öncə araşdırmaçı jurnalist Asəf Quliyev Allahverdi Bağırovun dağıdılmış məzarı  ilə bağlı sənədli film hazırlayıb, “Məzar” adlı. Filmdə Milli Qəhrəmanın məzarının vaxtilə onunla dostluq münasibətləri olmuş bir erməni tərəfindən düzəldilməsi, lakin sonra erməni vandalları tərəfindən yenə dağıdılmasından danışılır. Lakin hazırkı məzarda, videodan da  göründüyü kimi nə sinə daşı, nə də baş daşı var. Sadəcə, dəmir lövhədir və orada şəhidin adı yazılıb. 



Hərbçi-jurnalist, qazi Rey Kərimoğlu Milli Qəhrəmanın məzarı ilə bağlı “Şərq”ə bunları dedi: 

- Ağdamda iki Şəhidlər Xiyabanı vardı. Birincisi, 1941-45-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə və ətrafındakı parkın arxasında salındı. Döyüşlərdə şəhid olanlar orada dəfn edilirdi. Getdikcə şəhidlərin sayı artdığından “Uzundərə” adlanan ərazidə İkinci Şəhidlər Xiyabanı salındı. Bilirsiniz ki, Qarabağ müharibəsində ən çox şəhid verən məhz Ağdam rayonu olub – 6 minə yaxın. Amma Şəhidlər Xiyabanında qəbirlərin üstü hələ götürülməmişdi, baş daşları qoyulmamışdı. Şəhid məzarlarına dəmir lövhə vurulurdu, adları, doğum və şəhid olduqları tarix yazılırdı. Müharibə davam etdiyi üçün şəhid məzarlarının düzəldilməsi işi ləngiyirdi. Belə düşünürdülər ki, müharibə bitdikdən sonra şəhid məzarlarının hamısı eyni qaydada düzəldilsin. Bakıdakı Şəhidlər Xiyabanında olduğu kimi. O zaman bunu etmək qismət olmadı. İndi artıq torpaqlarımız mənfur düşməndən azad edilib. Şəhidlər Xiyabanı da lazımi qaydada abadlaşdırılacaq. 

R.Kərimoğlu qeyd etdi ki, Milli Qəhrəman Allahverdi Bağırovun da dəfn olunduğu yerdə o zaman (1992-ci ildə. A.Bağırov 1992-ci il iyunun 14-də minaya düşərək şəhid olub – red.) sadəcə qara dəmir lövhə qoyuldu: 

- Lakin ermənilər Şəhidlər Xiyabanını dağıtdılar, dəmir lövhələri daşıyıb apardılar. Amma A.Bağırovun məzarı başındakı dəmir lövhə isə son zamanlaradək qalırdı. Amma adı pozulmuşdu. Dediyim odur ki, müharibə davam etdiyi üçün A.Bağırovun da məzarının üstü götürülməmişdi. Fikir verirsinizsə, rəhmətlik A.Bağırovun  məzarında heç sinə daşı da yoxdur. Məzarın üzərinə çınqıl tökülüb. Dəmir lövhə təzələnib, üzərinə adı, soyadı yazılıb. Övladları məzarın yerini bilirdilər, ona görə səliqəyə saldılar. İnşəllah, bu məzar da, digər şəhid məzarları kimi dövlətimiz tərəfindən şəhid adına layiq şəkildə bərpa olunacaq.       

Bu günlərdə ailə üzvləri, övladları şəhidin məzarını ziyarət ediblər. Bütün Qarabağda tanınan Seyid Lazım Ağanın nəvəsi Yusif Ağa və A.Bağırovun Ceyhun adında bir qohumu tərəfindən məzar ziyarət olunub. A.Bağırov Ağdamda böyük nüfuza malik şəxs idi. Onun bir sözünü iki edən olmayıb. Allahverdi Bağırov şəxsi  nüfuzu hesabına Birinci Qarabağ savaşında çoxlarının bacara bilmədiyi böyük əməliyyatlara imza atdı. Əsir və girovların qaytarılması da A.Bağırovun nüfuzu sayəsində mümkün olurdu. Vətən belə oğulları ilə daim fəxr edəcək. A.Bağırovun ruhu həm də ona görə şaddır ki, övladları onun yolunu, məsləyini davam etdirir. Hər 3-ü hərbçidir. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu