Makron "cığal oyunçu"dur -  "Türkiyə-Rusiya qarşıdurması yaratmaq istəyirdi" 

 “XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Anadoludakı ermənilərdən öz məqsədləri üçün istifadə etməyə çalışan Qərb uydurma soyqırım iddiaları ilə erməniləri rahatlatmağa və öz tərəflərində saxlamağa çalışırdılar. Fransa Senatının indiki qərarı bir qədər buna bənzəyir”. 

Bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. 

Analitik bildirib ki, Fransa özünü qlobal siyasətdə böyük dövlətlər tərəfindən istifadə olunan “cığal oyunçular” kimi aparır: 

“Sarkozi və Makron hakimiyyətlərinin Yaxın Şərq və Cənubi Qafqaz siyasətləri Fransanın ənənəvi, nisbətən balanslı xarici siyasi xəttiylə uyğunluq təşkil etmir. Makronun “cığal oyunçu” davranışını idarə edənlərin əsas məqsədlərindən biri regionda açıq hərbi Türkiyə-Rusiya qarşıdurması yaratmaq idi.

Beləcə bu iki dövlət diqqət və enerjilərini Yaxın Şərqdən, Aralıq dənizi hövzəsindən və Şərqi Avropadan Cənubi Qafqaza yönəldəcək və hər ikisi çox şey itirəcəkdi. 2020-ci ilin iyul və sentyabr aylarında Ermənistanın provokasiyalarının arxasında həm də bu amil var idi.

Amma 2016-cı ildə Rusiyanın Ankaradakı səfiri Karlovun öldürülməsinə fərqli reaksiya verərək daha da yaxınlaşan Türkiyə və Rusiya, bu dəfə də diqqətli davrandı. Proseslərin gələcəyində Ərdoğan-Putin dialoqu çox əhəmiyyətli olacaq”. 

A.Aslanlıya görə, Fransa BMT TŞ-nin daimi üzvü olsa da, Cənubi Qafqazda ən təsirli dövlətlər qrupunda deyil: 

“Prosesin gedişatında Rusiya və Türkiyənin razılaşmaları nəticə yarada biləcək imkana malikdir. Azərbaycan və Türkiyənin mövqeyi hələlik aydındır. İran isə keçən dəfə “ofsaytda qaldığı üçün” çox güman ki, bu dəfə mövqeyini ənənəvi siyasətindən daha çox gedişata görə müəyyən edəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu