"VƏTƏN, TORPAQ, BAYRAQ SEVGİSİ..."

Ermənilər nəyin bahasına olursa olsun İsmayılın tankını susdurmağa, ya da ələ keçirməyə çalışırdılar

Vətən müharibəsi başlayandan onun tankı gecə-gündüz susmurdu. Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində gedən ağır döyüşlərdə düşmən mövqelərini darmadağın etmişdi. O, Quru Qoşunları tərkibində Zəngilana qədər şərəfli döyüş yolu keçmiş və Zəngilana ilk daxil olan tankçılardan biri olmuşdu. Atdığı hər bir mərminin üzərinə ya "Mübariz", ya "Polad", ya "Vətən" ya da "Naxçıvan" sözlərini yazardı... 



Ermənilər nəyin bahasına olursa olsun İsmayılın tankını susdurmağa, ya da ələ keçirməyə çalışırdılar. Hətta bir neçə dəfə cəhd göstərsələr də İsmayıl dəmir atının mövqeyini bir göz qırpımında dəyişmiş, düşmənə başqa istiqamətlərdən sarsıdıcı zərbələr endirmişdi. Belə döyüşlərin birində İsmayılın tankı vurulur, özü isə yüngül yaralanır. Yarasının sağalmasını gözləməyən İsmayıl üç nəfər komanda heyəti ilə birlikdə başqa tankla Laçın istiqamətində gedən döyüşlərə qatılır. Deyir ki, "qəlpə yarası nə vaxtsa sağalacaq, ancaq məğlubiyyət yarası heç vaxt sağalmayacaq..." 


Bir neçə gün olardı ki, yuxusuz idi İsmayıl. Komandanlığın təkidinə baxmayaraq o, dincəlməyə yox, "Vətən sağ olsun!" - deyib, növbəti döyüş tapşırığını yerinə yetirməyə yollanır. Düşmənin müdafiə xəttini yarıb döyüş dostları ilə birlikdə Laçının kəndlərinə doğru istiqamət götürür... 
Həmin gün ağır döyüşlərdən sonra Qubadlının və Laçının bir neçə kəndi işğaldan azad olunur, növbəti gün isə  İsmayılın tankı yanmış vəziyyətdə Güləbird kəndi  yaxınlığından tapılır. Tank komanda heyəti ilə birlikdə yanmışdı... İsmayıl canı qədər sevdiyi  bayrağı yanıb qaralmış ovcunda elə bərk-bərk sıxmışdı ki... 


Tağım komandiri, Baş leytenant Vəliyev İsmayıl Mehman oğlu dostları ilə birlikdə 5 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucaldı.
Hələ uşaq yaşlarından anasını itirən İsmayıl Vətən sevgisinə, Vətən nəvazişinə sığınmışdı. Onun Vətənə olan sevgisi bir dastana sığmazdı. Görəsən, haradan idi onda olan bu Vətən sevgisi, Torpaq sevgisi, Bayraq sevgisi? Onların uğrunda ölməyə hər an hazır idi. Elə onların uğrunda da şəhid oldu... 
Sabah İsmayıl kimi hünərli  neçə-neçə İsmayıllar dünyaya göz açacaq. Bir ölüb, min diriləcəyik... İsmayılın davamçıları "Hay ver mənə, cənab leytenant!" - deyib şəhidlərimizin ruhu qarşısında baş əyəcəklər. Onlar qədər Vətəni, Torpağı, Bayrağı sevəcəklər. Çünki bu Vətən, bu Torpaq, bu Bayraq Mübarizlərin, Poladların, İsmayılların, daha neçə-neçə igid əsgərlərimizin bizə canları bahasına əmanət qoyub getdiyi VƏTƏNdir, TORPAQdır, BAYRAQdır!
Vətən müharibəsinin 39-cu günündə şəhid oldu İsmayıl, 5 gün sonra isə İsmayılın canı qədər sevdiyi üçrəngli bayrağımız Qarabağ səmasında dalğalanmağa başladı... 

Son sözü "Vətən sağ olsun!" - olan qəhrəman Şəhidim,  qanın Azərbaycan bayrağının qırmızı rənginə qarışıb, indi işğaldan azad etdiyin kəndlərimizdə, şəhərlərimizdə dalğalanır... 
Ruhun şad olsun, Şəhidim!!!

Rasim Mədət

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu