İranlı alimin qətlində Amerika izi... - “Trampın masasındakı ssenari...”

“Rəsmi Tehranın ciddi qarşılıq verməməsi o demək deyil ki, Mohsen Fəxrizadənin intiqamı alınmayacaq”


Bir neçə gün əvvəl İranın nüvə silahı üzrə mütəxəssisi  Mohsen Fəxrizadə sui-qəsd nəticəsində qətlə yetirilib. Bu, nəinki regionda, bütün dünyada ajiotaj yaradıb.  Xamenei qisasın alınacağı barədə söz verib. İran XİN isə məsələdə İsrailin iştirakının olduğunu bildirir. Nüvə mütəxəssisinin öldürülməsi ortaya çoxlu suallar çıxardı. Onlardan ən başlıcası isə, şübhəsiz ki, sifarişçinin kimin olmasıdır. 


BDU-nun professoru, politoloq Əlimusa İbrahimov bu barədə “Sherg.az”a danışıb. Onun fikrincə, kimisə ittiham etmək üçün tələsmək doğru deyil: 

“Bəlkə də, bəzi dairələr üçün sui-qəsdin arxasında  İrana düşmən mövqe sərgiləyən Amerika və İsrail rəhbərlərindən hansının dayandığının əhəmiyyəti yoxdur. Onsuz da onların İranla münasibətdə mövqeləri eynidir. Hər ikisi indiki İran rejiminin mövcudluğunu öz maraqlarına ciddi təhlükə hesab edir. Şənbə günü İran Prezidenti Ruhani bildirmişdi ki, onun ölkəsi su-qəsdi həyata keçirənlərin layiqli cavabını verəcək.

Amma onun sözlərinə görə, Fəxrizadənin ölümü İranı tələsik addımlar atmağa məcbur edə bilməz. İranın düşmənləri bilməlidilər ki, İran xalqı və rəhbərləri bu cinayəti cavabsız qoymayacaq. Vaxtı gələndə onlar layiqli cavablarını alacaqlar.

Sui-qəsdin baş verməsindən dərhal sonra İran xüsusi xidmət orqanlarındakı mənbələr onu İsrailin həyata keçirdiyini bildirib. Amma bu barədə yetərli sübut olması haqqında məlumat yoxdur.Amma nə üçün ABŞ yox, məhz İsrail? 

Axı ABŞ Trampın hələ hakimiyyətdən uzaqlaşmadığı bir dövrdə elə İsrail qədər, bəlkə də, ondan artıq maraqlı idi ki, İranın nüvə sahəsində tədqiqat aparan alimləri aradan götürülsün. Məsələ bundadır ki, sui-qəsdin motivi elə Amerika Birləşmiş Ştatlarının özündə - seçkilərdə yenicə qalib gəlmiş və Prezident olmağa hazırlaşan Co Baydenin bəyanatında gizlənir. Yanvar 20-də ABŞ-da hakimiyyəti təhvil alacaq Bayden çıxışlarının birində elan edib ki, o, İranla P5+1 ölkələri arasında 1915-ci ildə bağlanmış və İranın nüvə sahəsində tədqiqatlarının qarşısını alan müqaviləyə yenidən baxacaq”.
 
Professorun fikrincə, ABŞ heç də “süd içindəki ağ qaşıq” deyil:

 “Hakimiyyəti təhvil vermək ərəfəsində Trampın masası üzərində İranla gərginliyi son həddə çatdırmaq və İranın adekvat tədbir görməyə məcbur etməklə əlaqədar müxtəlif ssenarilər var idi. İranın nüvə obyektlərinin Amerika Hərbi Hava Qüvvələri tərəfindən bombalanması, İranla müharibə, İsrailin Suriyadakı İran hərbçilərinə qarşı total hücumu da bunlar arasında idi. Son anda bombardman, müharibə və Suriya variantı ortadan qalxır və uzun müddətdən bəri Netanyahunun hədəfində olan Möhsen Fəxrizadənin öldürülməsi qərara alınır. Bu sui-qəsd təşkilatçıların məntiqinə görə İranı cavab tədbiri görməyə məcbur edəcək. Beləliklə, ona qarşı Amerika və bəzi müttəfiqlərinin hücum başlayacaqdı. Lakin İran hakimiyyəti təxribata getməyərək özünü Qasem Süleymaniyə təşkil olunan sui-qəsd zamanı apardığı kimi apardı. Bununla Amerikanın İranı daha ciddi cəzalandırmaq istəklərini hələlik alt-üst etdi. Ona görə “hələlik” ki,  qarşıda müəyyən qədər vaxt var və Trampın yeni cəhdləri ola bilər. İran rəhbərliyi Co Baydenlə başlaya biləcək nüvə sahəsində danışıqlara böyük ümid bəslədiyini burada bir daha nümayiş etdirdi. Orada yüksək rütbəlilərdən heç biri sui-qəsdin həyata keçirilməsində Amerikanın iştirakına işarə etmədi. İranın bu gün ciddi qarşılıq verməməsi o demək deyil ki, Mohsen Fəxrizadənin intiqamı alınmayacaq. Ruhanilər gələcəkdə də belə hadisələrin qarşısının alınması üçün müəyyən tədbirlər görməlidirlər. Amma Ruhaninin dediyi kimi, “vaxtı gələndə”. Yəni Baydenlə nüvə sahəsində danışıqlar masası qurulandan sonra”.

Ekspert, həmçinin söyləyib ki, İranda nüvə aliminə qarşı terroru həyata keçirənlərin əsas məqsədlərinə çatmadıqları artıq göz önündədir:

“Sui-qəsdin təşkilatçıları eyni zamanda “İran nüvə sənayesinin” atası adlandırılan Fəxrizadəni öldürməklə bu sahəyə ziyan vurmaq və tədqiqatları dayandırmaq məqsədi güdürdülər. Amma düşünürəm ki, İran alimlərə su-qəsd ehtimalının həmişə mövcud olmasını əsas götürərək bu sahədə yetərincə mütəxəssis yetişdirməyə nail olub”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu