İsrailli jurnalistdən sensasiya:“Sülhün davamlılığı mümkün deyil, erməni lobbisi...”

 “...Diasporu əsla sülhə hazırlamır”  

“Ermənilər Azərbaycana və sizi dəstəkləyən yəhudilərə nifrət edirlər”

“Ermənistan müqavilədən boyun qaçırmaq istəsə, Rusiya ilə münasibətlər pozulacaq. Bu, onlar üçün fəlakət olardı”

“Çünki indiki sərhəd Ermənistanı yeganə müttəfiqi olan İrandan ayırır. Yəni tamamilə tək qalacaqlar”


Azərbaycan elə  tarix yazdı ki, bu günlər təkcə bizim özümüzdən ötrü yox, dünya üçün əhəmiyyətlidir. Folklorda deyilənləri təsdiqlədik: bütün çətinliklərə rəğmən, xeyir şərə, işıq qaranlığa qalib gəldi! Əslində həmişə belə olmur. Haqsızlar, zalımlar, işğalçılar heç vaxt sonadək addımlaya bilmirlər. Mütləq nə vaxtsa ya dayanırlar, ya dayanmağa məcbur qalırlar. Əlbəttə, ermənilər elə millətdirlər ki, öz xoşluqları ilə təslim olmazdılar. Fəqət “Harop”larımız başlarına yağış kimi yağanda dünyada tarixi ədalət deyilən bir məfhumun olduğunu anladılar. Bunu biz təkcə düşmənlərimizə yox, bütün planetə isbatladıq. Elə ona görə Fransa siyasi hakimiyyətitək bədxahlar istisna olmaqla, əksər dünya dövləti bizi dəstəkləyir, alqışlayırlar. O cümlədən də İsrail. 

Odur ki, “Sherg.az” olaraq bu dəfə israilli jurnalist, siyasi analitik Raşel Avrahamla müzakirə apardıq:

-Sizcə, müharibənin başlanmasını şərtləndirən məqamlar nələr idi?

-Ermənistanda Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış edən bir siyasi hakimiyyət var. Bu təcavüz sentyabrın 27-də daha da böyüdü. Ermənilər münaqişə zonasından xeyli uzaq əraziləri hədəf aldıqlarına görə onlarca mülki obyektə ziyan dəydi, dinc şəxslər qətlə yetirildi. Amma buna görə cavab verdilər. Nəticədə 1990-cı illərdə Xocalı soyqırımından sonra işğal edilən torpaqların böyük bir hissəsi işğaldan azad edildi. Onu da deyim ki, Azərbaycan yalnız özünü müdafiə edirdi. Siz məsələni otuz ildir sülh yolu ilə həll etmək barədə düşünürdünüz. Azərbaycan mənə bir çox cəhətdən İsraili, Ermənistan isə Fələstini xatırladır. Dediyim kimi, barışıq sizin üçün hər zaman prioritet olub. Buna baxmayaraq, hücuma məruz qaldınız və  özünümüdafiəyə görə qınandınız.

 -Rusiyanın ilk həftələrdəki səssizliyini necə qiymətləndirirdiniz? Rəsmi Moskvanın məqsədi nə idi?

- Ermənistan baş nazirinin Qərbə yaxınlaşması, əlbəttə, Kremlin ürəyincə deyil. Həmçinin onun hakimiyyətə gəlmə tərzi də bəyənilmədi. Eyni zamanda Azərbaycan Rusiya ilə münasibətlərini xeyli yaxşılaşdırdı və Moskva indi öz orbitindən kənarda olan müstəqil postsovet respublikaları arasında ən yaxşı münasibəti məhz rəsmi Bakı ilə qurub. Bu səbəbdən  Azərbaycan bütün ərazini geri almaq ərəfəsində olana qədər sözün əsl mənasında susdular. Yalnız o məqamda müdaxilə etdilər ki, Moskva iki tərəf arasında təsir gücünü artıra bilsin. Beləliklə, Moskvaya qarşı çıxan Ermənistanın baş nazirini alçaltmağa və bölgədəki öz təsirlərini artırmağa müvəffəq oldular.

-Yəni Rusiya məqsədinə çatdı?

-Bəli, Rusiya məqsədinə çatdı. Bunu Kremlin vasitəçiliyi ilə imzalanan müqaviləyə uyğun Ermənistanın hər şeyi itirəcəyəni anlamasına əsasən deyə bilərik. Azərbaycan isə sözün əsl mənasında yeni bir dövrə başlamaq ərəfəsində idi. Elə buna görə də işğalçılar, nəhayət, iddialarından əl çəkərək müqaviləni imzalamağa məcbur qaldılar. Paşinyan hər şeyi itirdiyini və xalqına fəlakət gətirdiyini anlayırdı. Hərçənd, bu nöqtəyədək ermənilər heç bir güzəştə getmək istəmirdilər. Yəni hərbi əməliyyatların başlanması zəruri idi. Çünki sülhün davam etməsinin yeganə variantı məhz güc yolu ilə düşməni “ağıllandırmaq” idi. Xatırladım ki, Misir 1967- ci il müharibəsində uduzduqdan sonra İsrail ilə barışdı. Bu, sinayları geri qaytarmaqdan ötrü yeganə yol idi. Məhz həmin məqamda İsraili məhv etmək cəhdlərindən imtina etdilər və yalnız özlərinə aid olanları geri almaq üçün danışıqlar aparmaq istədilər. İndi də həmin situasiyadır: ermənilər Azərbaycana hücum barədə ağılsız qərar verdilər. SonraQarabağdakı qanunsuz işğallarını davam etdirə bilməyəcəklərini anladılar və baş nazir heç olmasa, bir hissə torpağı əlində saxlamaq məqsədilə şərtlərə əməl etməli oldu. Bu, sülhü qorumağın yeganı yolu idi. Təkrarlayıram, məsələ güc təhdidi ilə dəstəklənməsə və hər iki tərəf konsturuktiv mövqe tutmasa idi, heç vaxt barış olmazdı.

 -Müqavilədən danışmışkən, 10 noyabr sazişini necə qiymətləndirirsiniz?

-ABŞ-da erməni lobbisinin tərəfdarı olan Co Baydenin hakimiyyətə gələcəyini nəzərə alsaq, bu, Azərbaycanın xeyrinədir. Çünki o, Azərbaycana dəstək olmayacaqdı. Yəni nə qədər ki, Bayden hakimiyyətə gəlməyib qələbənin dadını çıxarmaq və məsələni Rusiyanın yekunlaşdırmasına nail olmaq daha yaxşıdır.

-Sizcə, Ermənistan bəyanatın şərtlərinə əməl edəcək? Axı o, əvvəlki üç razılaşmanı pozub…

-Nə qədər ki, baş nazir dəyişməyib, bəli, əməl ediləcək. Amma o devriləndən sonra nələr olacağını demək çətindir. Bir məsələdən əminəm: hazırda sosial mediada erməni təhriki çox geniş yayılıb. Erməni lobbisi diasporu əsla sülhə hazırlamır. Yəni sülhün davamlılığı mümkün deyil. Ermənilər Azərbaycana və sizi dəstəkləyən yəhudilərə nifrət edirlər.

-Deməli, müharibənin yenidən başlanması da istisna deyil…

-İrəvandakı rejim dəyişikliyi ehtimalı buna da imkan yaradır. Amma düşünürəm ki, Putin müqaviləninin gücünü qorumaq üçün əlindən gələni edəcək. O, ermənilərin “bata biləcəyi”, sözündən çıxacaq insan deyil. Rəsmi İrəvan Putinə qarşı çıxsa, bunun nəticəsi ağır olacaq.

-Ermənistanda hakimiyyətin dəyişməsindən sonra nələr ola bilər?

-Ölkədə nazirlər ard-arda istefa verir və etirazlar artır. Kütlə hökumətin buraxılmasını tələb edir. İnsanlar arzularını reallaşdıra bilsələr, bəyanatın qüvvədə qalma ehtimalı aşağı düşəcək. Heç olmasa, Paşinyan əsgərlərin həyatına başqasının torpaqlarından daha çox önəm verir. Etirazçılar hakimiyyəti ələ alsalar, imzalanmış müqaviləyə münasibətləri Həmasın İsrail ilə sülhlə əlaqəli fikirlərinə bənzəyəcək, yəni məhv etmək üçün güclərini əsirgəməyəcəklər.

-Bundan sonra diplomatik sferada nələr olacaq?

-Ermənistan müqavilədən boyun qaçırmaq istəsə, Rusiya ilə münasibətlər pozulacaq. Bu, onlar üçün fəlakət olardı. Çünki indiki sərhəd Ermənistanı yeganə müttəfiqi olan İrandan ayırır. Yəni tamamilə tək qalacaqlar. Beləliklə, Ermənistan Şimalı Koreya qədər regional formada təcrid olunacaq və düşmənlərlə əhatə olunmuş “ada”ya çevriləcək.

- Biz ilk günlərdən etibarən Türkiyə və Pakistanla yanaşı, İsrailin də dəstəyini hiss etdik. Azərbaycan-İsrail əlaqələrinə dair nə deyə bilərsiniz?

-İsrailin keçmiş rabitə naziri Ayoob Kara ilə sıx təmasdayam. Hazırda onun həyatını araşdırır və haqqında bioqrafik bir əsər hazırlayıram. Sabiq nazir iki dövlətin əlaqələrini çox yüksək qiymətləndirir və maraqlarımızın Azərbaycanla əlaqəli olduğuna inanır.

-Bir jurnalist kimi fikirləriniz çox maraqlıdır: belə məqamlarda media necə davranmalıdır?

-Situasiyanın ağırlığından asılı olmayaraq, ancaq həqiqəti söyləməliyik. Faktdan başqa heç nə olmamalıdır bizim üçün. Siyasi qüvvələrin, həmçinin lobbinin dedikləri ilə maraqlanmamalıyıq. Xalqa qarşı obyektiv olmalı və bir növ insanlara hesabat verməliyik. 

-Müharibə və siyasi  proseslərlə bağlı xəbərləri hardan alırsınız?

-Öz mənbələrimdən. Bir sıra hallarda mənə başlıqların arxasında nə olduğunu deyirlər.

-Sizcə, dost ölkələr arasında informasiya mübadiləsini daha da sürətləndirmək üçün nə etmək lazımdır?

-Çoxtərəfli dialoqu inkişaf etdirmək məqsədilə veb-seminarlar keçirilməlidir. Dünyada yayılan koronavirus pandemiyasına görə bundan artığına gücümüz çatmır. Əgər məlum xəstəlik olmasaydı, tələbə mübadiləsi keçirmək məqsədəuyğun olardı. Çünki insanlar arasında interaktiv əlaqə dialoqu inkişaf etdirməyin ən yaxşı yoludur. Amma dediyim kimi, təəssüf ki, indi veb-seminarlardan başqa heç nə edə bilmirik.

-Ermənistan ard-arda saxta xəbərlər yayır. Bu barədə nə düşünürsünüz?

-Onlar, beləliklə, özlərini ifşa edir, nifrətlə alışıb-yandıqlarını göstərirlər. Ümumiyyətlə, həmişə məğlublar vasitələrə haqq qazandırır. Belələrinin əxlaqları yoxdur.

-Azərbaycan prezidentinin dünya KİV-nə verdiyi müsahibələrdən, yəqin, xəbəriniz var…

-Bəli, cənab İlham Əliyev çox böyük bir iş görür. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu