Paşinyanı “tərpədirlər" : “Baş nazir “saman çöpü”ndən yapışır” – Çırpınır !

“Paşinyan başa düşür ki, hakimiyyətdən uzaqlaşdırılması məsələsi hər keçən gün daha da ciddiləşir”

Ermənistan prezidenti Armen Sarkisyan Rusiyaya səfərə gedib. Bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, səfər zamanı Sarkisyan diaspor nümayəndələri ilə görüşlər keçirəcək, Qarabağ və Ermənistandakı vəziyyət ətrafında erməni icmasının üzvləri ilə müzakirə aparacaq. Prezidentin Kremlə səfəri Ermənistan siyasi hakimiyyətindəki çaxnaşmanın daha bir bariz nümunəsədir. Baş nazir Paşinyan tədricən, deyəsən, həm nüfuzunu, həm də idarəçilik qabiliyyətini itirir.



 BDU-nun professor, politoloq Əlimusa İbrahimov qəfil səfərin mahiyyəti barədə “Sherg.az”a danışıb. Onun fikrincə, Paşinyan etimadı doğrulda bilməyib: 

“Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfər edəcəyi haqda xəbər tirajlanan kimi eyni anda  Ermənistan prezidenti Armen Sarkisyanın artıq şəxsi ziyarətlə Moskvada olduğuna dair məlumat yayıldı. Rəsmi məlumatlara görə, Sarkisyan Rusiyadakı diaspor nümayəndələri və erməni icmalarının üzvləri ilə görüşüb.  

Yazılana görə, Dağlıq Qarabağ və Ermənistan ətrafında yaranan vəziyyəti müzakirə edəcək. Bu, o deməkdir ki, Ermənistan prezidenti Rusiyadakı iş adamlarından yardım istəyəcək. O, bunu məhz özünün etməyini istəyir. Deməli, Paşinyana olan inam artıq itib, yaxud baş bazir əvvəl edilən yardımları istiqaməti üzrə istifadə etməyib. 

Belə olmasaydı, Paşinyan Moskvaya nəzərdə tutulan rəsmi səfəri  zamanı iş adamları ilə də görüşüb yardım məsələsini müzakirə edərdi. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan öz protokol şöbəsinin müdiri Eduard Arutyunyanı Moskvaya ezam edib. 

Əldə olunan məlumata görə, Eduard Arutyunyan baş nazirin Rusiyaya səfərini hazırlamaq məqsədi ilə göndərilib və onun ezamiyyət müddəti noyabrın 30-dan dekabrın 1-nədəkdir.  Deməli, yaxın iki-üç gün ərzində Nikol Paşinyan Moskvada Vladimir Putinlə görüşəcək.
 
Rusiya tərəfindən  Paşinyanın səfəri və onun Putinlə görüşüb-görüşməyəcəyi haqqında məlumat verilmir. Ola bilsin, Rusiya prezidenti bu planlaşdırılmamış görüşün vaxtını təyin etməkdə çətinlik çəkir. Təbii ki, telefon zənglərində olduğu kimi, bu dəfə də Paşinyanı “yola verə” bilmir. Putin bilir ki, Nikol Moskvaya gəlirsə, görüşməmiş “əl çəkməyəcək”.

Digər tərəfdən, son iki ayda regionda baş verən hadisələr  fonunda Rusiya xarici siyasətində Ermənistanın Dağlıq Qarabağ müharibəsində məğlub tərəf kimi yerinin müəyyən olunması üçün  ciddi müzakirələrə ehtiyac var”.

Politoloqun sözlərinə, səfər “saman çöpündən” yapışmaq ritorikasıdır:

 “Ermənistanda  müxalifətin Paşinyanı istefaya göndərməklə bağlı mitinqlərin ardı-arası kəsilmir. Əgər anaları itkin düşmüş övladlarını tələb edirlər. Qarabağdan gələn qaçqınlar qalmağa yer tapmadıqlarına görə Ermənistan parlamentinin qarşısında gecələyirlər.

Vəziyyətin bu qədər ağır olması fonunda Paşinyanın Moskvaya səfəri onun tərəfindən olduqca riskli hərəkət kimi qiymətləndirilməlidir.  Sadaladığımız qüvvələr baş nazirin səfərdə olmasını fürsət bilərək birləşib onu hakimiyyətdən uzaqlaşdıra bilərlər. 

Paşinyan bilə-bilə bunu edirsə, deməli, səfərin məqsədi olduqca ciddidir. Hakimiyyət və postunu itirmək qorxusu onu bu riskli səfərə çıxmağa məcbur edir. Paşinyan artıq başa düşür ki, istənilən halda onun hakimiyyətdən uzaqlaşdırılması məsələsi hər keçən gün daha da ciddiləşir.

 Son hadisələr müxalifətin  onu dəyişməkdə qərarlı olduğunu göstərir.  Dağlıq Qarabağda atəşkəsin əldə olunması və  müharibənin saxlanması üçün imzalanan üçtərəfli bəyanatın ardından Ermənistanın baş naziri bir neçə dəfə xalqa müraciət edib. 

Tərəfdarlarını köməyə çağırıb, Fransadan dəstək alıb. Altı aya həm Qarabağda , həm də Ermənistanda vəziyyəti düzəldəcəyi ilə əlaqədar 15 bənddən ibarət “yol  xəritəsi”ni xalqa təqdim edib. Amma ermənilər və xüsusən, müxalifət Qarabağın itirilməsi müqabilində bütün bu təşəbbüslərin əhəmiyyətsiz olduğunu irəli sürür. 

Müxalifətdə artıq Paşinyanı əvəz edə biləcək şəxslərin siyahısını da müəyyən  ediblər. Bunlar Artur Vanesyan, Karen Karapetyan və Vazgen Manukyandır. Hər üçü Ermənistanda ciddi vəzifələrdə çalışmış və Rusiyanın hakimiyətə gətirilə biləcək şansları olan şəxslərdir. Digər tərəfdən də bu şəxslər Paşinyanın iddialarının əksinə olaraq, Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəsin yerinə yetirələcəyini artıq öhdələrinə götürüblər. Vəziyyətin Nikol Paşinyan üçün bu qədər ümidsiz olduğu şəraitdə kömək əlini uzada biləcək yeganə qüvvə yenə də rəsmi Moskvadır”.

O, həmçinin Rusiya prezidentinin məqsədini də açıqlayıb: 

“Putin son müsahibəsində erməni xalqına üz tutaraq ermənilərin məğlub olmasında Paşinyanın günahkar olmadığını bildirib və xəyanatkar damğasını onun üzərində götürməyə çalışıb. Yəni Putin Paşinyanın hələ də hakimiyyətdə qalmasını qəbul edir. Amma, görünür, verdiyi dəstək yetərli deyil və Paşinyanı “tərpədirlər”. 

 Paşinyanın bu tələsikdə Rusiyaya  səfərinin məqsədi elə Putinin ona dəstəyinin daha da artırılması üçün xahiş etməkdir. Əlbəttə, bu dəstək  Dağlıq Qarabağdakı müharibənin dayandırılması haqqında imzalanan üçtərəfli bəyanata düzəlişlər etmək hesabına baş verməyəcək. Çünki Rusiya dəfələrlə  bəyanatın dəyişməyəcəyini bildirib.

Həmçinin Azərbaycan və Türkiyə bəyanata dəyişikliyə heç vaxt icazə verməyəcəklər. Belə olan halda Rusiyanın edə biləcəyi yeganə kömək Qarabağdan qaçıb gələnlərə humanitar yardımın artırılması, onların geri qaytarılmasına vasitəçilik və Paşinyana müxalifətdə dayanan qüvvələrin “ipinin çəkilməsi” ola bilər.

Eyni zamanda Rusiya prezidenti Paşinyanı dəstəkləməsi haqqında tezislərini yeniləməyi və bu istiqamətdə daha ciddi mesajlar verməyi mümkündür. Paşinyanın bunun müqabilində  Rusiyaya nə verə biləcəyi maraqlıdır. Axı siyasətin  də qarşılıqlı maraqlar üzərində qurulması çoxdan məlumdur. Yəni Rusiyanın ermənilərə, xüsusən Paşinyana qarşılıqsız yardım göstərəcəyi ağlabatan görünmür.

Düşünürəm ki, Rusiya prezideni Paşinyanın bu cür alçaldılmasını böyük təbliğat vasitəsinə çevirərək Soros və Qərbə onun nüfuz dairəsini soxulmaq mənasız olduğunu sübut etməyə çalışacaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu