Moskvaya aramsız zənglər: “Paşinyan düşmən axtarışında...” – Rusiyanı “qaralayıb”

“Xarici düşmən qismindəsə, yəqin ki, daha çox Rusiyanın hədəfə alınmasına cəhd göstəriləcəyini düşünmək olar”

“Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə gecə iki dəfə telefonla danışdığını bəyanlayıb”

“Bu, onun üstüörtülü şəkildə Ermənistanın əsas problemlərinin Kremldən qaynaqlandığını qabartmaq cəhdidir"

“Nikola bu işdə Fransa başda olmaqla, bəzi Qərb dövlətləri də kömək etməyə çalışır”



Ermənistan hakimiyyəti daxilində təşviş hökm sürür. Ötənlərdə bu ölkənin baş naziri Nikol Paşinyan gecə saatlarında rusiyalı həmkarı Vladimir Putinlə iki dəfə telefonla danışıb. Bu barədə N.Paşinyanın özü “Facebook” hesabında yazıb. Baş nazir bildirib ki, V.Putinlə Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələri, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi, itkin düşənlərin axtarışı, sülhməramlıların yerləşdirilməsi və sərhədlərin müəyyənləşdirilməsi, bölgədəki nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məsələləri müzakirə ediblər.

Əlbəttə, bütün bunlar öz öğlkəsində Paşinyan hakimiyyətinə qarşı yaranan real təhdidin, təhlükənin bariz nümunəsidir. Erməni baş nazir postunu itirmək qorxusu hər ötən gün onun təlaşını bir az artır. Nikolun formalaşdırdığı komanda üzvlərinin etimadsızlığı, müxalifətin kütləvi etirazları, istefalar işğalçı ölkədəki siyasi kataklizmi daha da dərinləşdirir. 

Düşmən ölkədəki durumu şərh edən jurnalist-analitik Elçin Xalidbəyli “Sherg.az”a söyləyib ki, Ermənistanın taleyi ciddi təhlükə altındadır:

"Savaşda biabırçı məğlubiyyət və ardından imzalanmış kapitulyasiya sənədi Ermənistan üçün real fəlakət situasiyası yaradıb. Geopolitik proseslərin sonrakı inkişafı Ermənistanın bir dövlət kimi mövcudluğunu belə, şübhə altına sala bilər.

Ümumiyyətlə, Ermənistanın bu situasiyadan çıxmaq şansı o qədər də qənaətbəxş deyil. Çünki bu vəziyyət düşmən ölkənin resursları yenidən özünü bərpa etmək üçün yetərli deyil.

Hələ savaşdan öncə Ermənistan olduqca ciddi maliyyə-iqtisadi və sosial böhranla üzləşmişdi. Paşinyan hakimiyyətinə qarşı indiki etirazların yaxın aylarda sosial şüarlı narazılığa çevrilə biləcəyi qətiyyən istisna deyil. Ona görə də, Paşinyan hakimiyyəti hazırda ciddi isterika içindədir".

E.Xalidbəyli vurğulayıb ki, Ermənistanın kadr potensialı olduqca məhduddur:

"Yəqin ki, Paşinyan hakimiyyəti indiki situasiyadan çıxmaq, özünü və hakimiyyətini qorumaq üçün daxili və xarici düşmən axtarışını intensivləşdirəcək. Daxili düşmən qismində Köçəryan-Sarkisyan cütlüyünün və onlara bağlı olan Qarabağ klanının hədəfə çıxarılmağa cəhd göstərildiyi müşahidə edilir.

Xarici düşmən qismindəsə, yəqin ki, daha çox Rusiyanın hədəfə alınmasına cəhd göstəriləcəyini düşünmək olar. Hətta bu prosesin başlandığı da nəzərə çarpır. N.Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə gecə iki dəfə telefonla danışdığını bəyanlaması da üstüörtülü şəkildə Ermənistanın əsas problemlərinin Kremldən qaynaqlandığını qabartmaq cəhdidir".

Ekspertin fikrincə, Nikol Paşinyan çox hiyləgər oyun oynayır:

"O, həm savaşda məğlubiyyətin, həm də ölkədaxili problemlərin günahını əsasən Rusiyanın üzərinə yükləməyə çalışır. Paşinyan buna nail olarsa, tezliklə Ermənistanda özünə qarşı olan etiraz dalğasını və qəzəbi Rusiyaya qarşı yönəldə bilər.

Bu halda, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin daha da artmasına paralel olaraq, N.Paşinyanın hakimiyyətinin möhkəmlənməsi meyllərini müşahahidə edə bilərik. Ona bu işdə Fransa başda olmaqla, bəzi Qərb dövlətləri də kömək etməyə çalışır.

N.Paşinyan da buna əsaslanaraq, “Rusiya pisdir, Qərb daha yaxşıdır və dostumuzdur” fikrini təbliğ etməyə çalışır. Belə görünür ki, N.Paşinyan öz hakimiyyətini möhkəmləndirmək şansı qazana bilər".

Aygün Tahirqızı 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu