Şəhid direktordan danışırlar:“Belə “isti” adam soyuq məzarda necə yatır, görəsən?!”

Ağstafa şəhər 1 saylı tam orta məktəb rayonun sayılıb, seçilən təhsil ocaqlarından biridir. Düzü mən orda oxumamışam, amma doğma məkandır. Bir-neçə dəfə bu məktəbə yolum düşüb. Şəhərin tam mərkəzində yerləşir, açıq rəngli, nur saçan binası var. İçərisi isə hüzurlu, fərəhlidir. Yaxşı xatırlayıram, dəhlizdə fotolardan ibarət lövhə asılıb, Hüseyin  Arifin “Ağstafanın” şeirindən bir bənd də yazılıb:

“Əziz müəllimlər Əmirxan , Aslan
Məmməd, Əmənullah, həlim , mehriban
Dəmiryol məktəbi döndü bir zaman
Kamal ocağına Ağstafanın.”



Elə 1 saylı məktəb ağlımda belə qalıb. Hüseyn Arifin şeiri ilə, yəni ədəbiyyatla. Mənim üçün də harda ədəbiyyat varsa, ora müqqədəsdir. Ona görə daim bu təhsil ocağını sevib, hörmət etmişəm. Bu yaxınlarda isə adını elə xəbərdə oxudum ki, bilmədim qəhərlənim, ya qürur duyum. Hər halda fəxr etdim. Yəqin nədən və kimdən danışdığımı anladınız.  Söhbət şəhid direktor Elvin İmaməliyevdən gedir. Ağstafa şəhər 1 saylı tam orta məktəbin şəhadət şərbəti içən direktorundan müəllimindən...

Bir az Elvin müəllimin həyatından bəhs edək, sonra keçək onu tanıyanların xatirələrinə…

İmaməliyev Elvin Elsevər oğlu 1989 cu il mayın 9-u Ağstafa rayon Qırılı kəndində anadan olub. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsinə daxil olub.

2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq Ağstafa  şəhər 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. Bununla yanaşı Elvin müəllim Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri olub.
Düşmənə  dərs keçən gənc müəllim Şuşa şəhəri yaxınlığında gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalıb.


“…Amma heç kimi dinləmədi”

Elvin müəllimin bacısı Günel İmaməliyeva deyir ki, mərhum “Tovuz” döyüşlərindən sonra səfərbərlik üçün könüllü qeydiyyatdan keçib:
“Müharibə başlayanda söylədi ki, mütləq gedəcəm.  Sentyabrın 29 -u yüksək ab-hava ilə cəbhəyə yollandı. Düzü, ona əngəl olmağa çalışdıq, amma heç kimi dinləmədi.  Noyabrın 5-ə  kimi hər gün danışırdıq. Sonra 3 gün zəng gəlmədi. 8-dən 9-a keçən gecə saat 3-də zəng etdi. Bir kəlmə dedi ki, yaxşıyam. Elə həmin gecə Şuşada olub. Sən demə şəhadətə ucaldığı gecə imiş”.

Günel xanım kövrələrək söyləyir ki, Elvin onun üçün  tək qardaş deyil, həm də müəllim olub:

“Ən böyük dəstəkçim idi, üzərimdə əziyyəti çoxdur. Xatirəmdə ən çox gülüşü, mənimlə etdiyi zarafatlarla qalıb, qalacaq. Ömrümün sonuna kimi həyatımda qoyduğu izlərlə yaşayıb, onunla fəxr edəcəm”.

Şəhid bacısının sözləri gözlərimi doldurur. Özümü toplayıb soruşuram:

-Bəs, indi necəsiniz?

-Onun uşaqlarına görə onları da ataları kimi böyütmək üçün yaxşı olmağa çalışırıq. Amma Elvin kimi bir oğulu itirmək bizə böyük acı oldu.  Yenə də ailəsi üçün ayaqda durmağa cəhd edirik.



Kədərli bacını çox yormaq istəmirəm. Danışdıqca ürəyinin yandığını hiss edirəm. Ona görə sağollaşıram və Elvin müəllimi tanıyan hər kəsin onun haqqında necə xoş sözlər dediyini söyləyirəm. O da belə cavab verir:

“Başqa cür ola da bilməz. O heç kimi incitməzdi, özünün xətrinə dəyərdi, amma qarşısındakına qıymazdı. Onun haqqında çox danışa bilərəm, amma fikrimi cəmləyə bilmirəm. Şübhəsiz ki, Elvindən danışmaq mənim üçün fəxrdir”.

“Aşağı sinif şagirdləri ona ata kimi yanaşırdı”

 Hamı belə deyir. Elvin müəllim haqqında danışanda qürur duyurlar.  Onun həm müəllimi həm də iş yoldaşı olan Arzu Mikayılova kimi. Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Arzu xanım əməkdar müəllimdir.  Elvin müəllimin adını eşidəndə qəhərlənir, kövrəlir. Axı o həm də şagirdini torpağa tapşırıb. Mən çox danışmayım, sözü verirəm Arzu müəllimin özünə:

“Elvin haqqında danışmaq həm çətindir, həm də şərəflidir. Onun  Azərbaycan dili və ədəbiyyat fənnindən repetitoru idim(kövrəlir). O çox bacarıqlı, qabiliyyətli idi. Hər zaman dərslərə hazırlıqlı gələrdi. Sonra eşitdim ki, yüksək  balla ali məktəbə qəbul olunub, uğurla universiteti də başa vurub. Düzü, bir müddət əlaqəmiz kəsildi. Sonra çalışdığım məktəbə direktorluq  üçün imtahan verib. Və yüksək bal topladığı üçün Təhsil Nazirliyi tərəfindən direktor  vəzifəsinə təyin edilib. İlk dəfə onu tanımadım. Özü yaxınlaşıb, dedi: “Müəllim məni tanımadınız?” Elə onda  bu gənc  direktorun, sevimli şagirdim Elvin olduğunu gördüm. Həm mənimlə, həm məktəb kollektivi ilə, həm də şagirdləri ilə səmimi münasibəti vardı.  Çox istedadlı, təşkilatçılıq qabiliyyətinə malik insan idi. Səmimi rəftarı, mülayimliyi ilə şagirdlərin, müəllimlərin rəğbətini, hörmətini qazandı. Aşağı sinif şagirdləri ona ata kimi yanaşırdı. Yuxarı siniflər isə bir qardaş kimi münasibət  bəsləyirdilər. Yəni Elvin müəllim məktəbimizin fəxri idi”.

“Bizimlə qələbə sevincini yaşaya bilmədi”

Qırıq-qırıq, kövrələrək danışan müəllim söhbətin ortasında şagirdi ilə bağlı bir xatirəsini yada salır:

“Ötən il noyabrın 9-u məktəbimizdə, “Bayraq günü” münasibətilə tədbir keçirilirdi. Elvin müəllimə söz verildi, o da danışdı. Sonra arzusunu dilə gətirdi: “O gün olsun üç rəngli bayrağımız Xankəndidə, Şuşada dalğalansın. Əminəm ki, o gün gələcək”. Bu sözləri o qədər əminliklə dedi ki... Hamımızı inanırdı.  Deyirlər, insan ümidlə yaşayar. 30 ilə yaxın müddət keçməsinə baxmayaraq, xalqımız ümidini itirmədi.  Ancaq Elvin müəllimin o fikirləri  əminliklə deməsi həm bizə fəxr gətirdi, həm də onun  özünə qarşı böyük inam yaratdı. Keçən il 9 noyabrda dediyi sözlər gerçəkləşdi. Bu il “Bayraq günü”ndə o Şuşa  uğrunda gedən döyüşlərdə, qəhrəmancasına şəhid oldu. Lakin noyabrın 10-da  cənab Prezident xalqa qələbə müjdəsi verəndə  Elvin müəllim onu eşitmədi.  Bizimlə qələbə sevincini yaşaya bilmədi (ağlayır). Onun şəhidlik zirvəsinə ucalması həm məktəbin şagirdlərini, həm də müəllimlərini üzdü.  Axı o hamımızın sevimlisi idi. Müharibənin ilk günlərindən könüllü döyüşə yollandı. O bizə burda daha çox lazım idi”.



“...Oğul, iki övladını qoyub, hara gedirsən?!”

Arzu xanım Elvin müəllimin daim vətənpərvəlikdən danışdığını, torpaqlarımızın tezliklə işğaldan azad olmasını arzuladığını xatırlayır:

“Bu ümidi, inamı  şagirdlərinə də aşılayırdı. O həm də rayonumuzun könüllü dəstələrinin ilk nümayəndələrindən idi. Evin tək oğlu idi. Atası deyib ki, oğul, iki övladını qoyub, hara gedirsən? Cavab verib ki, ata, onları sizə əmənat edib, gedirəm.  Sonra onun cəbhə yoldaşlarından eşitdik, Elvin müəllimin vətənpərvərliyindən danışdılar. Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdəki şücaətindən bəhs etdilər. Deyirlər, cəbhədə sakitlik olanda, bizi başına yığardı, vətənpərvərlikdən danışardı. Qeyd edim ki, onun şəhidlik zirvəsinə ucalması bizim üçün fəxarətdir. Lakin biz bu ölümü qəbul edə bilmirik.  Mən buna ölüm demərəm, amma onun adı gələndə qəhərlənirəm. Dərsdə də onun adını çəkəndə, ondan bəhs edəndə özümü saxlaya bilmədim. O dediyi sözü də, əməli ilə yerinə yetirdi. 31 yaşında şəhidlik zirvəsinə ucaldı. Məktəbimiz onun adı ilə fəxr edir. Bizimlə daim yaşayacaq. Səməd Vurğunun şeirindən sitat gətirərək deyirəm ki, ölüm sevinməsin, Elvini bizdən aldığı üçün” söyləyən müəllim göz yaşlarını saxlaya bilmir. Və böyük şairin həmin şeirini ağlayaraq səsləndirir:

“Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.”


““Özünüzdən müğayət olun” deyib, telefonu söndürdü”

Daha çox danışa bilməyəcəyini söyləyir. Mən də davam edə bilmirəm, qəhərdən boğuluram. Nə yalan deyim heç göz yaşlarım da sözümə baxmır… Keçirəm məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Sahilə Xəlilova ilə söhbətə… O da hamı kimi Elvin müəllimin yüksək insani keyfiyyətlərindən danışaraq sözə başlayır:

“Çox savadlı,ağıllı,təmkinli mehriban bir insan idi. Hər kəslə ünsiyyət qurmağı bacarırdı. Gəldiyi az müddətə baxmayaraq müəllim və şagird kollektivinin sevgisini qazandı. Elvin müəllim mənim üçün həm iş yoldaşı,həm də qardaş idi. Sən demə onun qismətinə şəhidlik yazılıbmış. Könüllü ordu sıralarına yazılmasından heç xəbərimiz yox idi. Həmin gün məktəbdəydik. Mənim otağıma gəldi, dedi ki, Sahilə müəllim,  biraz işim var. İş vaxtının qurtarmağına baxmayaraq  Elvin müəllim qayıtmadı. Zəng vurdum, söylədi ki, müəllim, müharibəyə gedirəm. Həm təəccübləndim, həm də həyəcanlandım. Bildirdi ki, Vətəni qorumaq borcumdur, getməliyəm. “Özünüzdən müğayət olun” dedi və telefonu söndürdü. Elvin müəllim haqqında bilmirəm nə danışım ki ,onun  gözəl üzünü, xarakterini, insanlığını əks etdirə bilim”.

“Şagirdlərlə direktor kimi yox, dost kimi rəftar edirdi”

Sahilə müəllim, mərhum direktorun şəhidlik xəbərini eşitdikləri gündən də söz açır:  

“İnanın ki, bütün müəllim kollektivi,şagirdlər hamısı məktəbə axın etdilər.Heç kim inanmırdı, inanmaq istəmirdi. O çox mehriban insan idi. Şagirdlərlə bir direktor kimi yox, dost kimi rəftar edirdi. Ona görə hər kəsin gözündə yaş, üzlərində təəccüb və kədər hissi vardı”.

Mütləqdir ki, elə olub deyə düşünürəm. Sonra  Sahilə müəllimlə də sağollaşıram. Hələ növbədə həmsöhbət olacağım insanlar var. Düzü, Elvin müəllim haqqında danışmaq qədər, yazmaq da çətindir. Mənim də missiyam asan deyil.

Məktəbin digər əməkdar müəllimi İndira Səmədova deyir ki, çox az insan gənc yaşda hamının hörmətini qazana bilər. Elvin müəllim həmin gənclərdən idi:

“O yüksək insani xüsusiyyətlərə malik insan idi.Gözəl xarakteri vardı, öz savadı ilə fərqlənirdi. Məktəbdəki tədbirlərdə  şagirdləri vətəni sevməyə, onun tarixini yaxşı öyrənməyə səsləyirdi. Müharibə başladığı gündən cəhbəyə yola düşdü. Vətən torpaqlarının azad edilməsi uğrunda qəhrəmancasına döyüşdü. Heyif ki, qələbə sevincini yaşaya bilmədi. Amma qəlblərdə özünə əbədi iz qoydu. Allah rəhmət eləsin”.

“...Dedi, yox mütləq getməliyəm”

Amin deyib, qısa söhbətimizi yekunlaşdırıram. Növbədə  məktəbin təşkilatçı müavini Xəyalə Əmrahova var. O da mərhum iş yoldaşı ilə ötən illərindən bəhs edir:

“ Biz  Ağstafa şəhər 1 saylı tam orta məktəbə gəlməzdən öncə Qırılı kəndində birgə işlədik. Sonra mən yerdəyişmə elədim. Bir neçə il sonra Elvin müəllim məktəbə direktor təyin edildi. Həm də  Respublika üzrə direktorların işə qəbul imtahanında ən yüksək balı toplamışdı. Elvin müəllim haqqında nə danışsam, çox azdı. Öncə yaxşı insan idi. Bilmirəm onu necə təsvir edim ki, özümdə rahat olum.  Deyim ki, həqiqətən onun haqqında bu sözləri dilə gətirdim. Dostluğa sadiq idi. Hər şeyin yerini bilirdi. Əlavə olaraq işində məsuliyyətli, dəqiq hərəkət edirdi.  Olduqca vətənpərvər insan idi. Hələ dedim ki, müəllim, bilirəm ürəyiniz istəyir, Vətən sağ olsun deyərək gedirsiz. Amma  bizi də fikirləşin. Hazırda işimizin çətin vaxtıdır. Olarmı ki, bir müddət sonra gedəsiz, fikirləşəsiz. Dedi, yox mütləq getməliyəm. Bizim tədbirlərimizdə çıxış edirdi. Onun üçün Vətən öncə gəlirdi. Sonrası da bildiyiniz kimi sentyabrın 27-də könüllü orduya yazıldı, 29-u cəbhəyə yollandı. Noyabrın 9-u da qəhrəmancasına şəhid oldu. Geridə iki azyaşlı övladı, gözəl ailəsi qalıb”.

“Mənim gözümdə tarix yazan müəllimdir”  

Elvin müəllimi iş yoldaşlarından, ailəsindən dinlədik. Bir də onun həyatlarına toxunduğu şagirdləri var. Məsələn Qırılı kəndində Elvin müəllimin şagirdi olan Fəxrin Bayramlı onu bu cür xatırlayır:

“Kənddə sayılıb-seçilən  müəllimlərdən biri idi. Həm uşaqlarla, həm böyüklərlər rəftarı, onlara göstərdiyi qayğıya görə hər kəsin qəlbində böyük yeri var. Qırılı Məktəbində fransız dilini tədris edirdi.  Dərsdə hər kəsin səhvini, heç kəsi incitmədən deməyi bacarırdı. Həmişə bizə Qarabağdan, uğrunda şəhid olduğu Şuşadan danışardı. Mənim gözümdə tarix yazan müəllimdir.  O  “İyul” döyüşləri zamanı şəhid xəbəri eşitdikcə xəcalət çəkirdi.  Deyirdi, onlar bizim üçün şəhid olur, mənsə sadəcə izləyirəm. Bir söz var: Şəhid olmur, şəhid doğulur. Bu sözün  mənasını  Elvin müəllimin şəhidliyi ilə  tam dərindən dərk etdim”.



“Bizim otağın istiliyi ilə maraqlanan bu cür “isti”adam soyuq məzarda necə yatır?!”

Ağstafa şəhər 1 saylı tam orta məktəbin 2019-cu il məzunu Ayşən Tağızadə isə Elvin müəllim haqqında belə danışıb:

“ O məktəbə gələndə bizimlə elə münasibət qurdu ki, sanki illərdir tanış idik.. Bəlkə də, 11 il oxuduğum məktəbdə, heç bir müəllimlə onun qədər yaxın deyildik. Gəldi, siniflərə baş çəkdi. Onda sinif nümayəndəsi idim. Ayağa qalxdım, özümü təqdim etdim. Bizdən dərslə, məktəbdə müəllimlərlə bağlı soruşdu. İstilik sistemi ilə maraqlandı. İndi sadəcə bir şey fikirləşirəm. Biz şagirdlərin otağının istiliyi ilə maraqlanan belə “isti”adam soyuq məzarda necə yatır? Uşaqlarla, xüsusilə də yuxarı siniflərlər məktəbdə müəllim, kənarda isə dost idi. Sinifin ən dəcəli belə elvin müəllimin sözünü yerə salmazdı. Yadıma gəlir, son zəngdə  sinif yoldaşlarıma rəqs öyrədirdim, dekorasiya işləri ilə maraqlanırdım. İnanın, müəllimənin icazə vermədiyi işləri Elvin müəllim ürəklə dəstəkləyirdi. Məni hər zaman səbrlə dinləyirdi. Son zəngə bir gün qalmış ağladım. Dedi, hər şey yaxşıdır. Son zəng günü bizimlə vidalaşdı. Birinci qəbul imtahanında yaxşı nəticə göstərə bilmədim. Anamdan məni soruşub.  Mənə etimad edən insanın güvənini sasırtdığım üçün utanırdım. İkinci imtahanda nəticəm yaxşı oldu. Attestatı götürməyə getdik, şəkil çəkdirirdik. Dedi, sənə güvənirəm, hər işin öhdəsindən gələcəksən”.

“Ondan məsləhət alırdım”

Ayşən deyir, Bakıdan hər gələndə məktəbə gedib, Elvin müəllimə baş çəkərdim:

“Karantin vaxtı məktəblər bağlı idi, yenə də görüşdüm. Dedi, səni izləyirəm, aktivliyin məni sevindirir, YAP-a könüllü yazdıracam. Avqustun 8-i yenə zəng vurmuşdum, məktəbə getməli idim. Heyif onda görüşə bilmədik. Amma hər işdə ondan məsləhət alırdım. Elvin müəllimin ölümü məni çox sarsıtdı. Çünki 2 şəhid verdim. Həm müəllimim  Elvin İmamaəliyev, həm də sinif yoldaşım Nihad Abdullayev Vətən uğrunda canlarını fəda etdilər”.

 Nəhayət söhbətləri də, yazını da yekunlaşdırıram… Ağstafanın müəllim adını şəhidlik zirvəsinə ucaldan igid oğlu Elvin İmaməliyevin xatirələri, onun haqqında deyilən xoş sözləri sizin öhdənizə buraxıram.

Allah rəhmət eləsin…

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəbova Yazarın yazıları
menu
menu