Vətəndaşlarımız tələsməməlidir

Yağış yağdıqca torpağın dərinliklərində olan minalar daha da üzə çıxa bilər

İşğaldan azad edilən ərazilərimizin minalardan təmizlənmə prosesi davam edir. Ötən gün də Ağdam şəhərinə gedən yolunun ətrafında minatəmizləmə əməliyyatı keçirilib. Artıq 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib. Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağdamda ərazilərin minalardan təmizlənmə prosesində “Bozena-5” markalı mexaniki minatəmizləyən maşınından da istifadə edir. Qeyd edək ki, “Bozena-5” Slovakiyanın “Slovak Way Industries” şirkəti tərəfindən istehsal edilib.

Azərbaycan bu texnikaları 2008-ci ildə əldə edib. Həmin il ilk olaraq 5 ədəd “Bozena-5” alınıb. Bu texnikadan piyada və tank əleyhinə minalardan ərazilərin təmizlənməsində istifadə edilir. “Bozena-5” 5 km uzaqlıqdan idarəedici bir maşındır. Həmin məsafədən idarə edilmə müddəti 11 saatdır. Ümumi çəkisi 12 ton olan “Bozena-5”in qiyməti 1,5 milyon dollar civarındadır. Minalı ərazilərdə 2,6 enində koridor aça bilən texnikanın ön hissəsində dəqiqədə 400-500 dövrə vuran 52 zənciri var. Zəncirlərin arxa hissəsində olan lövhə isə zirehlidir. “Bozena-5”in maksimum sürəti saatda 9 km-dir. Texnikanın minalardan təmizlənmə dərinliyi 300-350 mm-ə qədərdir. 



Hərbi ekspert Azad İsazadə bildirib ki, ermənilər işğal altında olan ərazilərimizin böyük hissəsini minalayıblar:

“Ağla gəlməyən yerlərə belə minalar, tələ-sürprizlər qoyulub. Yolların kənarları, cığırlar, ehtimal olunan keçid yerləri, evlərin xarabalıqları və ən çox da qəbiristanlıqlarımızı nümunə deyə bilərik. Ərazidə hərəkət marşrutlarından yoxlanıldıqdan sonra istifadəyə verilən cığırlardan çıxdınsa belə minaya düşmək mümkündür.

ANAMA tərəfindən Ağdamda ərazilərin minalardan təmizlənmə prosesində “Bozena-5” markalı mexaniki minatəmizləyən maşınlardan istifadə olunur. Bu maşınlardan minalar təmizlənərkən təhlükəsizlik məqsədilə istifadə edilir. Təbii ki, hər bir mina təmizlənərkən orada ən vacibi olan insan faktorudur. Minanın partlaması insan itkisi deməkdir.

Ərazilərdə tapılan minalar köhnə də, yeni də ola  bilər. Ona görə də mütləq mühafizə geyimindən istifadə edilir. Amma bu mexaniki minatəmizləyən maşınlar vasitəsilə təhlükəni tam sıfıra endirmək mümkün ola bilər. 

Sözsüz ki, elə minatəmizləyən maşınlar var ki, onlar mina sahələrini sadəcə olaraq şumlayır. Amma əlbəttə ki, bu maşınlar vasitəsilə minalar daha tez təmizləniləcək. Ancaq elə sahələr var ki, maşınların ora keçməsi qeyri-mümkündür. Məsələn, ya yollar dardır, ya çökəkdir və sair.

Bir məsələni xüsusi olaraq qeyd edim ki, işğaldan azad edilmiş ərazilərimizdə minaları 10-15 ilə tam təmizləmək mümkün olsa da, nəzərə almaq lazımdır ki,  insanlar hardasa minalarla yenidən rastlaşacaqlar.

Hətta İkinci Dünya müharibəsindən indiyədək minalar partlamaqdadır. Yəni üstündən illər keçsə də, minalar hələ də tapılır. Torpağın bəzən dərinliklərində partlamamış mərmilər olur.

Onlar torpaqda yavaş-yavaş çürüməyə doğru gedir. Yaxud da yağış yağdıqca torpağın dərinliklərində olan minalar daha da üzə çıxa bilər. Bu baxımdan doğma torpaqlara dönməyə vətəndaşlarımız tələsməməlidir". 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu