Azərbaycan qızıl ehtiyatlarını artırmaq imkanı qazanacaq

Bu, həm iqtisadi təhlükəsizlik baxımından çox vacibdir, həm də o ölkənin valyuta ehtiyatlarının artırılmasına  birbaşa təsir göstərir

“AzerGold” QSC tərəfindən Regional Emal Sahəsinin yaradılmasının ilk addımı olaraq “Ağyoxuş” qızıl yatağı istismara verilib. “AzerGold” QSC tərəfindən nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində Daşkəsəndə yerləşən “Çovdar” Filiz Emalı Sahəsinin bazasında “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınıb.  Layihənin icrası ilə tanışlıq məqsədilə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və İqtisadiyyat nazirinin müavini, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf “Çovdar” Filiz Emalı Sahəsində olublar. Qeyd edilib ki, hazırda “Ağyoxuş” yatağının birinci mərhələsi (“Ağyoxuş 1”) üzrə hasilat işlərinə başlanılır. 

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, “Ağyoxuş” nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə 7 km yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır. Ekspert vurğulayıb ki, 2017-ci ildən etibarən bu yataqda kəşfiyyat işləri aparılıb və artıq bu yataqda işlər birinci mərhələyə qədəm qoyub:

"Artıq yaxın zamanlarda həmin yataqdan hasilatın həyata keçirilməsi gözlənilir. Təbii ki, “Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq (“Ağyoxuş 1”, “Ağyoxuş 2” və “Ağyoxuş 3”) və bütün mərhələlərin icrası Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək. 2022-ci ilin sonuna qədər “Ağyoxuş” yatağının üç mərhələsi ilə yanaşı, “Çovdar” yatağının sulfid hissəsi üzrə hasilatından, eləcə də yaxınlıqda yerləşən digər - “Mərəh”, “Tülallar”, “Narçala” yataqlarının istismarından əldə ediləcək filizlərin də məhz burada emal edilməsi nəzərdə tutulur".

Ekspert vurğulayıb ki, Azərbaycan üçün yerli qızıl istehsalının artırılması prioritetdir:

"Son illər Azərbaycan qızıl ehtiyatlarını artırıb. Nəzərə alsaq ki, son bir ildə dünya bazarında qızılın qiymətində 30 faizə yaxın artım var. Təbii ki, bu, kifayət qədər ciddi bir artımdır. Ona görə də ehtiyatlarımızın artırılması həm iqtisadi təhlükəsizlik baxımından çox vacibdir, həm də o ölkənin valyuta ehtiyatlarının artırılmasına  birbaşa təsir göstərir. İşğaldan azad olunmuş ərazilərimizdə yerləşən yataqların da həcmi nəzərə alınsa, o zaman növbəti mərhələdə Azərbaycan yerli istehsalı artırmaqla həm qızıl ehtiyatını artırmaq imkanı qazanacaq, həm də artıq əldə edilən həmin qızılların bir qisminin emal sənayesi üçün istifadəsi imkanı olacaq. Ümumilikdə, növbəti illərdə yerli qızıl istehsalının həcmində kəskin artımların olacağını proqnozlaşdırırıq".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu