Yetər ki, hamı məsuliyyətli olsun

Dövlət-xalq birliyi ilə koronavirusdan xilas ola bilərik


Vəziyyət ürəkaçan deyil. Yoluxma sayı artan rəqəm üzrə irəliləyir. Belə vəziyyətdə bəzi insanların hələ də məsuliyyətsiz davranışı, tibbi maskalardan düzgün və tələb olunan hallarda istifadə edilməməsi, sosial məsafənin saxlanmaması, gigiyena qaydalarına riayət edilməməsi, iaşə obyektlərində qayda pozuntuları, həmçinin ictimai nəqliyyatdakı dözülməz şərait təəssüf ki, bu gün koronavirus infeksiyasına yoluxma sayında kəskin artıma gətirib çıxarıb. Vətən müharibəsi başa çatdıqdan sonra mövcud karantin qaydaları bir qədər sərtləşdirilsə də, bu, gözlənilən nəticəyə gətirib çıxarmadı.

Artıq daha sərt qaydalara, bəlkə də SMS icazə sisteminə yenidən qayıdış barədə düşünmək lazım gəlir. Qarşıdakı günlərdə xüsusi sərt karantin rejiminin tətbiqinə başlanacağına dair proqnozlar verilir. Belə olacaqsa, bilməliyik ki, vəziyyətin bu hala çatmasında cəmiyyət olaraq biz vətəndaşlar da günahkarıq. Bəzimiz tibbi maska taxmamaqla, bəzimiz də maskasızlara etiraz etməyib susmaqla. Çünki ictimaiyyətin etinasızlığı dövlətə əlavə problemlər yaradır. Əziyyət çəkənsə hamımız oluruq.  
      
Sərt tədbirlər qaçılmazdır

Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçılmaz edəcək.

Bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Onun sözlərinə görə, bir çox ölkələr yoluxma sayının artmasına görə sərt təbirlərə, məhdudiyyətlərə gedirlər:

"Bütün ölkələrdə çarpayı sayı, tibbi personalın sayı məhduddur. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla təkcə özünü deyil, ailəsini, yaxınlarını da qorumuş olur. Maskadan istifadə və digər karantin qaydalarına əməl etməyin məsuliyyətini hər bir vətəndaş hiss etməlidir".
V.Əliyev qeyd edib ki, artıq virusdan təkrar yoluxma halları da təsdiqlənib, buna görə də virusdan sağalan insanlar arxayınlaşmamalıdır. 
Qeyd edək ki, koronavirusdan sağalan məşhur həkim, millət vəkili Rəşad Mahmudov video-müraciət yayıb. 
“Bugünə kimi COVID-19 virusu haqqında sayını bilmədiyim qədər müsahibələr verdim, TV verilişlərdə çıxış etdim və dünyada olan təcrübələri həm öyrəndim, həm də ictimaiyyətlə paylaşdım. Bu gün isə virusa yoluxmuş və sağalmış fərd kimi təcrübəmi, o cümlədən mövcud olan təhlükəni və müalicə metodunu paylaşmaq istəyirəm” deyən millət vəkili xəstəliklə bağlı vətəndaşlara çağırış edib. 

“Əsas, qorxu və stresi yenməkdir”

Qeyd edək ki, millət vəkilinin koronavirusa yoluxduğu xəbəri yayılmışdı. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini olan tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov sözügedən video-müraciətdə xəstəliyə yoluxması və müalicə metodu barədə danışıb. Ona ünvanlanan çox sayda suallara cavab verən həkim qeyd edib ki, bütün ölkələrdə səhiyyənin qarşılaşdığı ən böyük problemlərdən biri zaman içərisində çarpayı və bu mübarizədə istifadə olunan insan resurslarının tükənməsi təhlükəsidir:

“Ölkənin koronavirus üçün ayrılmış ən yaxşı xəstəxanasında işləməyimə, ağciyərlərimin tutulmasına və onun müəyyən bir hissəsinin pnevmoniya olmasına, xəstəliyin yarada biləcəyi bütün xüsusiyyətlərin halsızlıq, şiddətli ağrılar, dad və iybilmə duyğusunun itməsinə, ciddi baş ağrısı və digər problemlər yaşamağıma baxmayaraq, ev şəraitində qripin bizə diktə etdiyi sadə üsullardan istifadə etdim. Bol maye və çay qəbul etdim, eyni zamanda bal, mürəbbələr və təbii qidalardan istifadə etdim. Bunlarla yanaşı ölkəmizdə çox rahat tapılan sadə antiviral dərmanların erkən dönəmdə istifadəsi vacibdir. Yüksək hərarət olduqda isə parasetamol, vitamin C istifadə etməklə və yataq istirahəti ilə bu xəstəliyin öhdəsindən gələ biləcəyimə inanırdım. İnanıram ki, bütün insanlar sadə yanaşsalar, bu xəstəlikdən canlarını qurtara bilərlər.

Virusun ən çox istədiyi məqam insanların stres və qorxuya düşməsidir. Tövsiyə edirəm ki, heç bir insan qorxuya və stresə düşmədən immun sistemini möhkəm tutmağa çalışsın. Eləcə də insanların lazımsız yerə xəstəxanalara axın etməsi bu virusun özündən böyük təhlükələr yaradır. Odur ki, virutik şikayətlərə görə xəstəxanada yatmağı doğru qəbul etmirəm və bu, gün keçdikcə dünya tibbi tərəfindən bir daha təsdiqlənir. Xəstəxanalara sadəcə oksigen müalicəsi üçün getmək tövsiyə oluna bilər, onun xaricində xəstəxanalara üz tutmaq bizə faydadan çox ziyan gətirəcək.

Lazımsız müalicələrin bu xəstəlikdən əziyyət çəkən və ağırlaşan xəstələrin anemnezində daha çox problem yaratdığını görürük. Yəni xəstəliyin ilkin mərhələlərində virus olmasına baxmayaraq, superinfeksiya olmadan antibiotiklərin kontrolsuz və nəzarətsiz istifadəsi, “Deksametazon” kimi immun supressiv müalicənin insanlar tərəfindən kütləvi şəkildə istifadəsi əks göstərişlər verir. Odur ki, bu dərmanlardan həkim nəzarəti olmadan qətiyyən istifadə etmək olmaz. Bu gün ağırlaşmaların ən böyük səbəbi də bu dərmanlardır”.
Həkim vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, vaxtında antiviral terapiya və özümüzə diqqət etməklə virus bir həftə, 10 gün içində keçib gedəcək və heç bir iz qoymayacaq xəstəlik olacaq.

Qaydalar hələ də pozulur

Yoluxma sayının artımında vətəndaş məsuliyyətsizliyinin də təsirinin böyük olduğunu yazmışdıq. Qaydaların ən çox pozulduğu məkanlar məhz ictimai iaşə obyektləridir. 

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə müəssisələrində 1841 reyd keçirilib.
Agentliyin məlumatında bildirilir ki, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəmkir, Sabirabad, Ağstafa, Mingəçevir) üzrə 999 ictimai iaşə obyektində monitorinq keçirilib.
Reyd keçirilən 111 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır: "Unutmaq olmaz ki, koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün bu qəbildən olan tədbirlərin daim diqqət mərkəzində saxlanması və mütəmadi qaydada qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacib şərtlərdəndir.

AQTA bir daha sahibkarları və istehlakçıları koronavirus pandemiyası ilə bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır".

Həkim təyinatı olmadan müalicə aparmayın!

Türkiyəli professor doktor Alpay Azap hesab edir ki, antibiotiklər barədə tədbirlər görülməzsə, yaxın 30 ildə insanlar çox sadə infeksiyalardan öləcəklər. Bu barədə Türkiyə mətbuatında material dərc olunub. Tanınmış alim antibiotiklərin yalnız bakteriyaların səbəb olduğu infeksiyalara qarşı təsirli olduğunu deyib:

“Odur ki, antibiotiklər qrip və soyuqdəymə kimi infeksiyalarda deyil, bakteriyaların səbəb olduğunu düşündüyümüz infeksiyalarda həkimin tövsiyəsi ilə istifadə olunmalıdır. Antibiotiklər bütün canlı hüceyrələrə zərər verə biləcək ciddi dərmanlardır. Antibiotiklərin lazımsız istifadəsi başda ürək, qaraciyər və böyrəklərə ziyan vura bilər.

Antibiotik müqaviməti bakteriyalar antibiotiklərlə qarşılaşdığı zaman meydana gəlir. Hər bir fərdin cəmiyyətdə fərqli xüsusiyyətləri olduğu kimi, istifadə edilən antibiotiklərə qarşı bakteriyaların təbii müqaviməti də fərqlidir. Antibiotiklər ona həssas olan bakteriyaları öldürsə də, anadangəlmə müqavimətli olan bakteriyalar ölmürlər, əksinə, həssas bakteriyaların ölümü ilə yaranmış boşluqdan istifadə edərək çoxalmağa davam edirlər.

Üstəlik özlərinin antibiotikə qarşı müqavimət göstərən genetik xüsusiyyətlərini başqalarına da bulaşdıraraq onların da müqavimət göstərməsinə səbəb olurlar. Bir müddətdən sonra o bakteriya növü antibiotikə qarşı davamlı olur”.

Antibiotiklərin düzgün və rasional istifadəsinin yalnız həkimlərin səyləri ilə mümkün olacağını və bu məsələdən ictimaiyyətin məsuliyyət daşıdığını qeyd edən professor hesab edir ki, antibiotik müqaviməti yaxın gələcəkdə insan sağlamlığı üçün ciddi bir təhlükə yaradacaq:

“Ciddi tədbirlər görülməsə, 2050-ci ilə qədər bu rəqəm 10 milyona çatacaq. İnsanlar çox sadə infeksiyalardan öləcəklər.

Doktor xüsusi olaraq gigiyena qaydalarına riayət edilməsini vacib sayır: “Əllərin yuyulması və ümumi gigiyena qaydalarına riayət etməklə, peyvəndlənmə və immun sistemini gücləndirməklə infeksiyanın qarşısını almaq mümkündür, bu halda antibiotik istifadəsinə ehtiyac qalmayacaq”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu