İctimai rəy sözünü dedi

İgid topçumuzun şəkli araq şüşələrinin üstündən yığışdırılacaq

"Cəsur, imanlı əsgərlərimiz şəkilləri kimlərinsə pul qazanmaq məqsədilə istehsal etdiyi araq şüşələrinə vurulsun deyə vuruşmayıblar"

"Bəzi fürsətçilər müharibədə qazandığımız şanlı qələbəyə bu cür davranışları ilə kölgə salmağa çalışırlar. Bunun qarşısı mütləq alınmalıdır və birilərinə anlatmaq lazımdır ki, Azərbaycan xalqının dəyərlərini pulla ucuzlaşdırmaq milli cinayətdir"


Topçu Vüsal Şahkərimovun “şərəfi”nə “Topçu” arağı satışa çıxarılır. Vətən müharibəsində adını əzəmətli görünüşü ilə tarixə yazmış bir qəhrəmanımızla bağlı belə bir hadisənin baş verməsi, ictimailəşməsi, mübahisələrin yaranması nə qədər acıdır! Vüsal Şahkərimov şərəfli-şanlı əsgərdir. Hayıf ki, “Azqranata” şirkəti sayəsində şərəf ifadəsini dırnaqarasına almaq məcbuyyətində qalırıq. Spirtli içki şüşəsinin üzərinə cəsur əsgərin fotosunu yerləşdirmək kimi eybəcər əmələ əl atan şirkət bununla Vətən müharibəsində əldə etdiyimiz zəfərə kölgə saldığının ya fərqində deyil, ya da fərqində olsa belə, biznes maraqlarını üstün tutur, demək. Qəhrəman topçumuzun şəklinin araq şüşəsinə vurulması ictimaiyyətdə partlayış effekti yaradıb. Sosial şəbəkələr “dağılır”.

Fürsətcillər lənətlənir. Qəhrəman əsgərlərimizin timsalında Vətən savaşımızın təbliği üçün arağamı möhtac qaldıq?! Nə Vüsal Şahkərimovun, nə də onun kimi minlərlə igid döyüşçümüzün tanıdılması, yaddaşlara həkk olunması üçün araq şüşəsinə ehtiyacımız yoxdur. Bu igidlər onsuz da xalqın qəlbində özlərinə abidə ucaltdılar. Xalqın sevgisini əbədilik qazandılar. Əgər kimsə cəsur əsgər və zabitlərimizi ölkədən kənarda tanıtmağı qarşısına məqsəd qoyursa, bunu araq “butılka”sı ilə etmək ən alçaq hərəkətdir. Azərbaycan xalqı əyyaş deyil. Fikriniz başqa xalqlara gedibsə, Azərbaycan xalqını yaddelli dəyərlərlə ölçməyin.

Kimlərsə Rasputinin, ya da hansısa hökmdarlarının, çarlarının adının araq şüşəsinə yapışdırılmasından həzz ala bilər. Lakin Azərbaycan xalqı üçün görkəmli şəxsiyyətlərinin, dahilərin və o cümlədən qəhrəman əsgərinin şəklinin araq şüşəsinə yapışdırılması qəbuledilməzdir.

“Azqranata” şirkəti topçu Vüsalın şəklini araq şüşəsinə vurmağına “haqq” qazandırmaq istəyir və indiyədək bir sıra dahilərin adına da şərab istehsal etdiklərini deyir, üstəlik əsgərin atasına istinad edərək onun razılığının alındığını bildirib.

Şirkətin rəyini “Qafqazinfo” saytı verib. “Azgranata” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli sayta bildirib ki, topçumuzun təsvirinin şirkət tərəfindən istehsal olunan içki şüşəsinə vurulmasında məqsəd ordumuzun gücünü, şücaətini göstərməkdir və hüquqi tərəfdən də heç bir qanun pozuntusuna yol verilməyib:

“Bizim İdarə Heyətinin sədri Şaiq Mirzəyev hüquq üzrə fəlsəfə doktorudur, tanınmış vəkillərdən biridir. Burada qanun pozuntusuna imkan yaradacaq nüans olsaydı, sədrimiz özü ona icazə verməzdi.

Marketinq şöbəmizin ona yaxın əməkdaşı var və onlar bu şəkil vurulmamışdan əvvəl bununla bağlı araşdırma aparıblar. Topçumuz Vüsal bəyin atasıyla əlaqə saxlanılıb. O, bu təklifimizi son dərəcə hörmətlə qarşılayıb və hətta sevinib ki, oğlunun şəkli bizim brendin üzərində olacaq. Əgər qanun pozuntusu hesab olunursa, ortaya çıxarılsın və biz  cavab verməyə hazırıq”.

Müdafiə Nazirliyindən razılığa gəlincə isə, Ü.Günəşli qeyd edib ki, nazirlikdən razılıq almalı deyillər və şəkil sahibi və ya ailəsi ilə razılıq  yetərlidir. O həmçinin əlavə edib ki, təmsil etdiyi şirkət indiyə qədər bir çox tanınmış simaların adına içki istehsal edib: “Şirkətimiz tərəfindən Rasim Balayevin adına araq buraxılıb, generalların adına olan konyaklarımız var.

Tarixi şəxsiyyətlərimizin - “Dədə Qorqud”un adına, Xürrəmilər hərəkatı ilə bağlı içkilərimiz var. “Karifey” adı ilə şəxsi heyətin adına konyak istehsal etmişik. “Nizami”, “Füzuli” adına konyak və araqlar istehsal ediblər. Burada qanundankənar heç nə yoxdur. Bizim də gücümüz buna çatır, nəşriyyat evi, təhsil şöbəsi deyilik ki, kitab istehsal edək. Biz də bu sarıdan həmin şəxsləri tarixə salmaq istəyirik. Bu şəkli vurmaqla ordumuzun gücünü, şücaətini göstərmək istəyirik. Vüsalın  şəkildə duruşu bizim ordumuzu simvolizə edir. Bu içki məhdud sayda - 10 min ədəd satışa çıxarılacaq və bir neçəsi də muzeyimizdə saxlanılacaq”. 

İctimaiyyətdəki kəskin narazılıq topçu Vüsalın atasının da fikrini dəyişib. 

Vüsalın atası İslam Şahkərimov Modern.az-a deyib ki, bunun üçün şirkətlə hansısa müqavilə imzalanmayıb və ödəniş olunmayıb:
“Mənimlə əlaqə saxladılar və bildirdilər ki, Vüsalın fotosu olan məhsul istehsal etmək istəyirlər, razılıq verdim. Amma indi narazılıq yarandığını görürəm. Ona görə də qərara gəldim ki, şirkətə oğlumun fotosu olan məhsulun istehsalının dayandırılması ilə bağlı müraciət edim. Çünki anlayıram ki, doğru qərar olmayıb”.

Dünən “Nizami”, “Füzuli”, “Xətai”, bu gün topçu Vüsal... Xalqımızın dəyərləri ilə belə ucuz rəftar edənlərin cavabı hələ o zaman verilməliydi. Amma yenə səhlənkarlıq edildi. Layiqli cavab almayanlar da kommersiya maraqlarını yenə milli dəyərlərdən üstün tutdular. Belə görünür, bu da sonuncu olmayacaq. Vüsal bütün Azərbaycanın oğludur.

Necə ki, şəhidlər üçün “Vətən sağ olsun” söyləyirik, Vətən oğulları olduqlarından, eləcə də ordu sıralarında olan hər bir əsgərimiz öncə Vətənin oğlu, sonra ata-anasının övladıdır. Bu mənada Vüsalın valideyni də oğlunun şəklinin araq şüşəsinə vurulmasına icazə verməzdən öncə ictimaiyyətdə bunun necə qarşılanacağını düşünməliydi, həm də hazırda cəbhədə Vətənə xidmətini davam etdirən oğlunu. 

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli igid topçunun şəklinin araq şüşəsinə vurulmasını milli dəyərlərimizə təhqir hesab edir: “Açığı, bu bir rəzalətdir. 

Dini, milli-mənəvi dəyərlərimizə qarşı təxribat və təhqirdir... Doğrusu, biz gözləyirdik ki, topçu Vüsal kimi igidlərimizin şəkillərini tarix dərsliklərinin üzərinə vursunlar. Amma nə yazıqlar olsun ki, nəfsinə, tamahına hakim olmayanların ucbatından qəhrəmanımızın şəklini araq şüşəsinin üstündə gördük. 

Bizim Müzəffər Ordumuz, cəsur, imanlı əsgərlərimiz şəkilləri kimlərinsə pul qazanmaq məqsədilə istehsal etdiyi araq şüşələrinə vurulsun deyə vuruşmayıblar. Bu, əslində əsgərə, keçmiş və indiki savaşlarımızdakı on minlərlə şəhid və qazilərimizin ruhlarına da təhqirdir. Pul qazanmaq xatirinə Müzəffər Ordumuzu bu qədər aşağılamaq olmaz. Bir Azərbaycan vətəndaşı olaraq bu cür davranışları qınayır və bütün Azərbaycan ziyalılarından, din xadimlərindən, hər bir imanlı, vicdanlı azərbaycanlıdan da bu mənfur addıma öz etirazlarını bildirmələrini xahiş edirəm...”. 

Qeyd edək ki, Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli milli-mənəvi dəyərlərimizin təhqir olunmasına yönəlmiş bu hərəkətin qarşısının dövlət səviyyəsində alınması xahişi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevə müraciət edib. S.C.Əzimbəyli bildirib ki, 44 günlük Vətən savaşı zamanı DTX bütün heyəti dəqiqliklə çalışaraq ölkədə hər hansı bir təxribatın baş verməsinə imkan vermədi,  amma bəzi fürsətçilər müharibədə qazandığımız şanlı qələbəyə bu cür davranışları ilə kölgə salmağa çalışırlar. Bunun qarşısı mütləq alınmalıdır və birilərinə anlatmaq lazımdır ki, Azərbaycan xalqının dəyərlərini pulla ucuzlaşdırmaq milli cinayətdir. S.C.Əzimbəyli topçu Vüsalın atasının “Topçu” arağından imtinasının da təqdirəlayiq olduğunu dedi: 

- Bu, igid topçumuzun adına yaraşan hərəkət oldu. Biz o atadan məhz belə davranış gözləyirdik. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu