Bəyanat sonadək icra olunacaq ! - “...Qətiyyətimizi qoruyuruq”

Prezident İlham Əliyev Laçın rayonunun azad olunması ilə bağlı xalqa bugünkü müraciətində çox mühüm məqamlara toxunub. Dövlət başçısı, həmçinin bildirib ki, noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Ali Baş Komandanın sözlərinə görə, belə cəhdlər var: 


“Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir”.

Millət vəkili Sevil Mikayılova bu barədə “Sherg.az”a danışıb. O, əldə edilən uğuru böyük qələbə kimi qiymətləndirib: 

“Bəyanat sonadək həyata keçiriləcək. Sözügedən sənədin tələblərinə müvafiq olaraq 3 rayonumuz artıq geri qaytarılıb. Özü də qan tökülmədən. Bu, çox mühüm məqamdır. Əlbəttə, digər bəndlər də yerinə yetiriləcək.

Dövlət başçısının dediyi kimi, təzyiqlər olsa da, biz qətiyyətimizi qoruyuruq. Son nəticə mütləq Azərbaycanın dövlət maraqlarına uyğun olacaq.

Yəni biz Cənubi Qafqazda sülhü və təhlükəsizliyi təmin edəcəyik. Növbəti mərhələdə isə, əlbəttə, azad olunan ərazilərdə yenidənqurma işlərinin görülməsi, qaçqın və məcburi köçkünlərin dədə-baba torpaqlarına geri qaytarılmasıdır.

Beləliklə, Azərbaycanın həm iqtisadiyyatı daha da güclənəcək, həm də vətəndaşlarımızın həyat şəraiti, rifahı daha da yaxşılaşacaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu