Dünyada koronavirusa yoluxanların sayı son bir həftədə dörd milyona yaxın artıb


Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində təxminən dörd milyon artıb. Bu əvvəlki yeddi günə nisbətən bir qədər azdır. Ölüm sayı isə təxminən 70 min artıb ki, bu, əvvəlki həftədəki göstəricidən daha yüksəkdir.

TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər yayıb.

Təşkilatdan bildirilib ki, 23-29 noyabr tarixləri arasında dünyada 3 935 330 yoluxma və 69 916 ölüm qeydə alınıb. Əvvəlki yeddi gün ərzində (16-22 noyabr tarixlərində) bu göstərici müvafiq olaraq 4 060 891 və 67 221 idi.

ÜST cüzi azalmaya baxmayaraq, dünyada yoluxmanın yüksək olaraq qaldığını, ölüm hallarının isə artmağa davam etdiyini vurğulayır.

İnfeksiyaların azalması Avropada qeydə alınıb (baxmayaraq ki, bu yoluxma sayına görə Şimali və Cənubi Amerikadan sonra ikinci böyük region olaraq qalır). Ötən həftə Avropada ölüm sayı 16-22 noyabr dövrü ilə müqayisədə 5 faiz, Cənub-Şərqi Asiyada 4 faiz, Şimali və Cənubi Amerika qitəsində 2 faiz artıb.

Avropada həftə ərzində 1.57 milyondan çox yeni yoluxma hadisəsi və 35 mindən çox ölüm qeydə alınıb. Şimali və Cənubi Amerikada yoluxmuş insanların sayı 1.65 milyondan çox artıb, 22 mindən çox insan ölüb. Cənub-Şərqi Asiyada 371 mindən çox insan yoluxub, yeddi gün ərzində ölənlərin sayı isə 4.8 mini keçib.

ABŞ-da yoluxmuş insanların sayı 1.15 milyondan çox artıb, onun ardınca isə Hindistan (297 mindən çox yeni yoluxma), Braziliya (218 mindən çox), İtaliya (təxminən 184 min), Rusiya (179 mindən çox), Polşa (130 mindən çox), Almaniya (124 mindən çox), Böyük Britaniya (111 mindən çox), Ukrayna (97 mindən çox) və İran (94 mindən çox) gəlir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu