Ermənistanda nifrət alovlanır

Ağır məğlubiyyət Ermənistanın "dizini yerə gətirib"

Qarabağdan qaçan ermənilərlə, İrəvan ermənilərinin böyük savaşı başlayıb

İkinci Qarabağ savaşının ermənilər üçün tam kapitulyasiya ilə başa çatmasından sonra Ermənistanda yerli ermənilərlə Qarabağdan qaçaraq oraya getmiş qarabağlı ermənilər arasında qarşıdurma yaranıb. Sosial şəbəkələrdə buna dəlalət edən paylaşımların sayı sürətlə artmaqdadır. Sosial şəbəkələrdə irəvanlı ermənilər, yəni "yerevansi"lər aşkar şəkildə deyirlər ki, qarabağlı ermənilərə, yəni "karabaxtsi"lərə nifrət edirlər. Əslində, Ermənistandakı ermənilər həmişə qarabağlı həmcinslərinə nifrət ediblər, onları "türkdən dönmə" adlandırıblar.

İndi bu nifrət daha da güclənib. Ermənistan Hərbi Polisinin sabiq zabiti Vardan Qukasyan da "ermənistanlı erməni olaraq" qarabağlı ermənilərə nifrətini izhar edib. Onun dediyinə görə, Qarabağdakı həmcinsləri həmişə Ermənistan hərbçilərinə nifrət ediblər: "Cəhənnəm olun, indi Rusiyadan və Azərbaycandan nə isə istəyin. Sizi əla tanıyıram. Polisdə işləmişəm, qarabağlı ermənilərin şikayətlərini görürdüm. "Bağdan armudumu oğurlayıb!" yazan siz deyildiniz?! Şuşa həbsxanasında olan erməni əsgərlər dəhşətli işgəncələrə məruz qalırdı. Bunu orada olmuş hər əsgər deyə bilər. 150 əsirimiz var. Bakıda paradda keçirəcəklər onu. Bunu istəyirdiniz?! Sizə görə ölən Ermənistan əsgərlərinə görə quru minnətdarlıq belə, etmirsiniz. Elə hey nə isə istəyir, nə isə tələb edirsiniz. Siz nə həyasız adamlarsınız..." 

V.Qukasyan daha sonra bildirib ki, Qarabağ erməniləri daim Ermənistana minnətdar olmalıdır.

Mövzu ilə bağlı danışan politoloq Ramid Hüseynov bildirib ki, Ermənistanın məğlubiyyəti təkcə hərbi müstəvidə deyil, həm də siyasi-iqtisadi sahədə müşahidə olunmaqdadır. Politoloq qeyd edib ki, kapitulyasiyadan dərhal sonra ölkədə başlanan siyasi böhran, gərginlik və qarşıdurma getdikcə dərinləşməkdədir: "Bu vəziyyətin baş verəcəyi gözlənilən idi.

Çünki terrorçu, separatçı və işğalçı bir dövlət üçün daxili siyasi sabitliyi qoruyub saxlamaq imkanları çox məhdud olur. Xüsusilə də biabırçı məğlubiyyətdən sonra hakimiyyəti qoruyub saxlamaq, siyasi prosesləri, ictimai münasibətləri idarə etmək, əhalinin sosial ehtiyaclarını ödəmək, dağılmış ordunu yenidən bərpa etmək çox çətinliklər törədir". 

Politoloq əlavə edib ki, Ermənistan cəmiyyətində illərdir mövcud olan klanlararası siyasi gərginlik müharibədən sonra daha da böyüməkdədir: "İravən klanı və Qarabağ klanı erməni lobbisinin imkanlarından faydalanmaq, hakimiyyəti əldə saxlamaq üçün daim mübarizə aparıblar. Təkcə hakim qrup səviyyəsində deyil, fərdlər, geniş toplum səviyyəsində də onlar arasında daim ziddiyətlər mövcud olub.

Hazırkı hakimiyyətdən fərqli olaraq əvvəlki iki hakimiyyət nümayəndələri - Koçaryan və Sarkisyan Qarabağ ermənilərinin nümayəndələri olublar. Onların uzun müddət hakimiyyətdə olmaları, hakim təbəqənin isə əsasən Qarabağdan olan ermənilərdən təşkil olunması paytaxt təmsilçilərinin ciddi narazılığına və qısqanclığına səbəb olub. Paşinyan hakimiyyətinin getdikcə zəifləməsi, nüfuzunu itirməsi yenidən Qarabağ klanını hərəkətə gətirib.

Bu səbəbdən də İrəvan erməniləri yenidən üstünlüyün digər klanın əlinə keçməsi ilə heç cür razılaşmaq istəmirlər. Deməli, vəzifələr uğrunda bu mübarizə heç şübhəsiz ki, təkcə siyasi elita arasındakı gərginliyin artmasına xidmət etməyəcək, bu həm də vətəndaş müharibəsinin baş verməsini qaçılmaz edəcək.

Hesab edirəm ki, Paşinyan hakimiyyəti özünü demokratik düşüncəli aparmaqla, qərbin köməyinə arxalanmağa çalışması ölkədəki ictimai-siyasi böhranı daha da dərinləşdirəcək. Habelə, bu addımıyla ən böyük müttəfiqi və əzəli himayədarı olan Rusiya ilə münasibətlərin gələcək taleyinə də ciddi zərbə vuracaq".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu