Sərnişinlər 16 dəqiqə vaxta qənaət edəcək

Yollarda yaradılacaq xüsusi zolaqlarda hər avtomobil hərəkət edə bilməyəcək

Hansı prospektlərdə mümkündürsə, bu zolaqların tətbiq olunması vacibdir

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda yaradılan xüsusi avtobus zolaqları əsasən pandemiya dövründə xüsusi nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə şərait yaradacaq. Bunu jurnalistlərə açıqlamasında agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, bu zolaqlar həmçinin sərnişinlərin vaxtında mənzil başına çatmasına yardımçı olacaq: "Mikayıl Hüseynov küçəsində yaradılan zolaq cənub istiqamətindən şəhər mərkəzinə daxil olan zolaqla hərəkət marşrutlarıınn xüsusən pik saatlarında intervallardakı gecikmələri aradan qaldıracaq.

Bu istiqamətdə şəhərə daxil olan sərnişin avtobuslarının hərəkətlərində gecikmələr yaranır. Hərəkət zolağı tam istifadəyə veriləndən sonra bu problem aradan qalxacaq. Gecikmələr 20 dəqiqədən 4 dəqiqəyə düşəcək. Sərnişinlər bu küçədə 16 dəqiqə vaxta qənaət edəcək. Bu, pandemiya vaxtında olduqca əhəmiyyətli göstəricidir. Bu zolağın istifadəyə verilməsi həmin küçədən sonrakı ərazilərdə sərnişinlərin daha az müddətdə avtobus gözləməsinə şərait yaradacaq.

Mais Ağayev qeyd edib ki, yaxın günlərdə Qara Qarayev və Atatürk prospektlərində də xüsusi zolaqların yaradılmasına başlanılacaq:

"Zolaqlarda qanunun tələbinə uyğun olaraq yalnız marşrut avtobusları və ekspres xətləri hərəkət edə bilər, digər avtomobillərin hərəkəti qadağandır. Zolaqda həmçinin operativ nəqliyyat vasitələri də hərəkət edə bilər. Bu da xüsusən təcili yardım avtomobillərinin çağırış yerinə vaxtında çatmasına yardım edəcək".

Mövzuya münasibət bildiriən nəqliyyat eksperti İlqar Hüseynli deyir ki, avtomobil yollarında xüsusi zolaqların yaradılması təqdirəlayiqdir. Ekspert vurğulayıb ki, bu tip zolaqlar bir çox xarici ölkələrdə mövcuddur:

"Dünyanın inkişaf etmiş ölkələrində, ümumiyyətlə, əksər ölkələrində təcili yardım maşınları üçün ayrıca zolaqlar var ki, ora digər nəqliyyat vasitələrinin girişi qadağan olunur. Yalnız xüsusi əməliyyatlar zamanı o zolağa polisin və yanğınsöndürmə maşınlarının girişinə icazə verilir. Müstəsna olaraq, bu yol təcili tibbi yardımlar üçün nəzərdə tutulur.

Dünya təcrübəsində sürücülər tərəfindən buna çox ciddi şəkildə əməl olunur. Təbii ki, biz də bu adaptasiya dövrünü keçənə qədər müəyyən sürücülərimiz o yollara girəcəklər. Yaxşı olar ki, xüsusi ayrılmış o zolağa girən avtomobil nəqliyyat vasitələri üçün cərimələr, müxtəlif sanksiyalar tətbiq olunsun ki, hər bir vətəndaşımız anlasın ki, artıq bu yol yalnız təcili tibbi yardım üçün nəzərdə tutulub". 

Ekspert əlavə edib ki, hansı prospektlərdə mümkündürsə, bu zolaqların tətbiq olunması vacibdir:

"Hesab edirəm ki, eni uyğun gələn yollarda onu tətbiq edilməsi məqsədəuyğundur. Amma təbii ki, elə prospektlər var ki, onun ölçüləri buna imkan vermir. Orada isə sürücülərimiz anlayışlı şəkildə təcili tibbi yardım maşınlarına özləri yol verib, şərait yaratmalıdır". 

İ.Hüseynli qeyd edib ki, xüsusi zolaqlarla bağlı tədricən effektli bir ölçü görüləcək:

"Bilirsiniz ki, sürücülərimiz vaxtilə təhlükəsizlik kəmərlərindən istifadə etmirdilər. Cərimələr və xüsusi sanksiyalar tətbiq olunmaqla bütün yollarda hərəkət edənlərdən artıq yüzdə 99 faizi kəmərlərdən istifadə edir.

Hesab edirəm ki, bu üsul burada tətbiq olunmalıdır. Çünki bu zolaqlarda istifadə gələcəkdə xüsusi əhəmiyyətə malik olacaq".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu