Düşməni çox ciddi iqtisadi fəlakət gözləyir

Ermənistanın taxıla olan ehtiyacının 25 faizi Qarabağ hesabına ödənilirdi

"Qarabağın işğaldan azad edilməsi onun resurslarını istismar edən Ermənistan üçün çox böyük iqtisadi zərbədir. Hazırda Ermənistanın xarici dövlət borcu təqribən 8,1 milyard dollar, valyuta ehtiyatlarının toplam həcmi isə 0,95 milyard dollardır. Ölkənin xarici dövlət borcu ümumdaxili məhsulun (ÜDM) 60,32 faizinə çatıb. Bu ilin yanvar-sentyabr aylarında - Ermənistan iqtisadiyyatında geriləmə 6,6 faiz olub. İqtisadiyyata sərmayə qoyuluşu cəmi 99 milyon dollar təşkil edib".

Bu sözləri millət vəkili Tahir Mirkişili deyib. T.Mirkişili qeyd edib ki, milli valyuta olan dram sürətlə qiymətdən düşür: "Hazırda 1 dollar 525 dramdır. Qarşıda isə nağd pul çatışmazlığı, hiperinflyasiya, vergi ödənişlərinin kəskin azalması, işsizlik və yoxsulluq səviyyəsinin artımı var. Ehtiyatda olan 500 milyon dollar isə savaş günlərində dramın çökməsinin qarşısını almaq üçün valyuta intervensiyalarına sərf olunub. İkinci Qarabağ müharibəsinin nəticələri isə Ermənistan üçün ümumiyyətlə, fəlakətlidir.

Belə ki, Ermənistanda 10 ən iri vergiödəyicilər arasında "GeoMining Gold", "İnternational Masis Tobacco", "Alex Holding" var. Bu şirkətlərin üçü də Zod, Vejnəli və s. yataqların istismarı, Hadrut, Füzuli və Qubadlı rayonlarındakı tütün plantasiyaları, habelə Kəlbəcər rayonunun təbii ehtiyatlarının istismarı hesabına fəaliyyət göstərirdilər.

Ermənistanın elektroenerjiyə tələbatının 11,3 faizi Qarabağdakı 6 elektrostansiya hesabına ödənirdi. Həmin stansiyaların 3-ü Kəlbəcərdə, biri Suqovuşanda, ikisi də Laçındadır. 

Yəni Ermənistan 5 hidroelektrostansiyadan aldığı elektroenerjini birdəfəlik itirib".

T.Mirkişili əlavə edib ki, Ermənistanın taxıla olan ehtiyacının 25 faizi Qarabağ hesabına ödənilirdi: "Artıq bu mümkün deyil. Çünki Hadrut, Füzuli, Kəlbəcər, Zəngilan və Qubadlı rayonlarındakı tarlalardan ermənilər məhrum oldular.

Və ən nəhayət, Ermənistan dünya şərab bazarına çıxardığı, 8 ölkədə satdığı "Kataro" şərab brendini də itirdi. "Kataro" şərabları Hadrutun Tuğ kəndində istehsal olunur. Həmin kənd də erməni işğalından qurtulub.

Ermənistanı çox çiddi iqtisadi fəlakət gözləyir. Bundan isə onları kimsə xilas edə bilməyəcək".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu