Valideynlərin gəlirləri aşağı düşüb

Ümid edək ki, tələbələrin təhsil haqlarında müəyyən güzəştlər ediləcək

Çünki dünyanın bir çox ölkələrində artıq distant təhsil zamanı təhsil haqları əvvəlki dövrlə müqayisədə ən az 50 faiz ucuzlaşıb

"Şagirdlərin summativ qiymətləndirmələri ilə bağlı müvəqqəti qaydalar hazırlanır. İlkin məlumatlara görə, orta təhsil məktəblərində birinci sinifdə oxuyan şagirdlərin bilikləri hər hansı formada qiymətləndirilməyəcək. Yəni birinci siniflərdə oxuyan şagirdlərə nə böyük, nə də kiçik summativ qiymətləndirilmə həyata keçirilməyəcək. Digər siniflərdə oxuyanlar isə kiçik summativ qiymətləndirilmələrə cəlb edilməyəcəklər. Onlar yalnız birinci yarım il üçün ümumi qiymətləndirməyə görə BSQ-yə cəlb ediləcəklər.

Bu da müxtəlif formalarda həyata keçiriləcək". Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O vurğulayıb ki, hazırda Bakı-Abşeron-Sumqayıt ərazilərində oxuyan şagirdlərin 75 faizi onlayn platformada iştirak edərək dərslərə qoşulur, 25 faizi isə qoşula bilmir: "İlkin növbədə onlayn dərs platformasına qoşulanların bilik və bacarıqları yoxlanılacaq. Ondan sonra isə mərhələli şəkildə dərsə qoşulmayan şagirdlərlə bağlı məktəbdaxili qiymətləndirilmə həyata keçiriləcək. Təbii ki, burada müəyyən qədər problemlər ortaya çıxacaq. Yəni onlayn qiymətləndirmədə kənar müdaxilənin olması qaçılmaz və danılmazdır.

Çünki kiçik summativ qiymətləndirməni həyata keçirməkdən ötrü müəllimlər elektron baza yaratmalı, bu platformanı şagirdlərə verməlidirlər. Bunu yerinə yetirən zaman valideynlər və ailə üzvləri tərəfindən şagirdlərə kömək edilməsi qaçılmazdır. Etiraf edək ki, bu da qiymətləndirməyə təsir göstərə bilər. Amma bir məqamı da diqqətdən yayındırmaq lazım deyil ki, indiyə qədər Təhsil Nazirliyi məktəblərdə onlayn platforma yaratmalı idi.

Hər bir şagird bunun sayəsində şəxsi kabinetə daxil olub məyyənləşdirilmiş vaxt ərzində imtahanlarda iştirak edə bilərdi ki, kənar müdaxilə olmasın. Keçən illəri məktəbdaxili qiymətləndirmə ilə bağlı ciddi problemlər yaşandı. Hesab edirəm ki, bu il həmin problemlər olmayacaq". 

Ekspert ali təhsil müəssisələrində tələbələrin təhsil haqlarında müəyyən güzəştlərin edilməsini məqsədəuyğun  hesab edir:

"Ali təhsil müəssisələri mart ayından bəri tədris prosesini ənənəvi formada həyata keçirmədiyinə görə, təhsil haqlarında tələbələrə müəyyən güzəştlər etməli idilər. Çünki bu şəraitdə tədris həyata keçirilərkən, tələbələr ciddi şəkildə vəsait itirirlər. Amma ali təhsil müəssisələrində yenə həmin xərclərin müəyyən qismi qalır.

Təbii ki, ali təhsil müəssisələri də əvvəl olduğu kimi, indi də müəllimlərə əmək haqqı ödəyir. Ali təhsil müəssisələri əvvəllər kommunal xərclər - su, işıq pulu və digər xərcləri ödəyirdilər. İndi isə ödəmirlər. Ona görə də bu xərclərin balanslaşdırılması lazımdır. İnanıram ki, Nazirlər Kabineti qərar qəbul edərək, ali təhsil müəssisələrində maliyyələşdirməyə yenidən baxacaq.

Ümid edirəm ki, ən azından indiki situasiyada həm valideynlərin gəlirləri aşağı düşdüyünə görə, eyni zamanda universitetlərin xərcləri azaldığına görə tələbələrin ödədiyi təhsil haqları ən azı 50 faiz azaldılacaq.

Çünki dünyanın  bir çox ölkələrində artıq distant təhsil zamanı təhsil haqları əvvəlki dövrlə müqayisədə ən az 50 faiz ucuzlaşıb". 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu