Laçından sonra nə baş verəcək?

Rayonlar boşaldıldı, indi prosesin ikinci mərhələsi başlayır

Yaxın günlərdə Azərbaycan vətəndaşlarının Xocalıya, Xankəndinə, Xocavəndə və digər ərazilərə geri dönməsi təmin ediləcək

Azərbaycan güclü bənddir və bütün proseslərə öz diktəsi ilə nəzarət edir

Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin çıxması üçün verilən vaxt sona çatdı. Dekabrın 1-də işğal altındakı sonuncu rayonumuz - Laçın da öz qanuni sahibinə qaytarıldı. Qarabağ məsələsinin birdəfəlik həllində yeni mərhələyə qədəm qoyuldu. Bundan sonra çox şey, hətta hər şey Ermənistana rəhbərlik edənlərin və bütövlükdə erməni xalqının sülhdə nə dərəcədə maraqlı olmasından asılı olacaq. Əgər yenə də “böyük Ermənistan” xülyasından dolayı sərsəm iddialar davam edəcəksə, ermənilər revanş hissi ilə yaşayacaqsa, ən əvvəl özlərinə ölümcül zərbə vurmuş olacaqlar. Bununla da inkişaf qatarından həmişəlik qalacaq, öz olan-qalan dövlətçiliklərini də itirəcəklər.

“Vesti Kavkaza” federal informasiya və analitik agentliyinin baş direktor müavini, siyasi ekspert Andrey Petrovun fikrincə, dekabrın 1-dən sonra ilk növbədə Ermənistanın Azərbaycanın azad edilmiş bölgələri ilə sərhədlərinin demarkasiyası və delimitasiyası məsələsi kəskin şəkildə gündəmə gələcək. Ekspert hesab edir ki, yeni nizamlamanın birinci mərhələsinin başa çatması tərəflər arasındakı problemli məsələlərin həmişəlik qapanmaq mərhələsinə keçid demək olacaq: “İrəvan Zod qızıl yatağının ən azından bir hissəsinin Ermənistan ərazisində qalmalı olduğunu sübut etməyə çalışır. Həmçinin sərhəd boyu işğal altındakı Azərbaycan torpaqlarının heç olmasa kiçik hissələrini tərk etməmək cəhdləri yəqin ki, davam edəcək. Odur ki, Rusiya sərhəd mühafizəsinin işi burada vacib olacaq. Erməni mütəxəssislər ən azından soydaşlarının qayıtdıqları Xankəndi, Xocavənd, Xocalı, Əsgəran və Ağdərədə minaları təmizləməlidir. Rusiyanın başqa torpaqlarda da sapyorların işə cəlb olunmasını tələb edəcəyi şübhə doğurmur. Moskva üçün Azərbaycan torpaqlarında məhz erməni ordusunun bu qədər sıx şəkildə minalar basdırmasına göz yummağın və bununla Rusiya sülhməramlılarının da həyatını riskə atmağın heç bir əsası yoxdur”. Siyasi şərhçi qeyd edib ki, erməni qoşunları Dağlıq Qarabağdan geri çəkilməli, status məsələsi bu və ya digər şəkildə gündəmdən çıxarılmalıdır: “İndi bu prosesin necə gedəcəyini təsəvvür etmək belə çətindir. Aydındır ki, dünyadakı erməni millətçiləri Qarabağ mövzusunu 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrlə eyni rəfə daşıyacaq və bundan bəzi siyasi xallar əldə etməyə çalışacaq. Ancaq fikrimcə, onların fəallığı Cənubi Qafqazdakı həyata əhəmiyyətli təsir göstərməyəcək. Önəmlisi Dağlıq Qarabağ münaqişəsini bacardıqca tez keçmişdə saxlamaqdır”. 

Prosesin gedişatı ilə bağlı “Şərq”ə danışan politoloq Tofiq Abbasov bildirib ki, Prezidentin bəyanatlarından görünür ki, danışıqlar heç də asan müstəvidə getməyib və mövcud Bəyanatın hər bəndi üzərində xeyli müzakirələr aparılıb. Ekspert vurğulayıb ki, dövlət başçısı bütün məqamlarda Azərbaycanın maraqlarının üstün gəlməsinə çalışıb və buna nail olub. Məhz ölkə rəhbərinin qətiyyəti sayəsində geosiyasi müstəvidə olan bütün ziddiyyətlər aradan qaldırılıb, Azərbaycanın mövqeyi güclənib:

“Prezidentin iradəsi və prinsipial yanaşması həlledici rol oynadı. İndi prosesin ikinci mərhələsi başlayır. Burada söhbət sadəcə kommunikasiyaların açılmasından, yolların bərpasından, insanların doğma yurdlarına qayıtmasından getmir, ümumiyyətlə, yeni infrastruktur formalaşır. Məsələn, ölkə rəhbəri vurğuladı ki, Laçın dəhlizi şəhərdən keçir, daha doğrusu, şəhər dəhlizin ortasında qalır. Bu da Azərbaycan üçün qeyri-məqbuldur. Bir halda ki, dəhliz Ermənistanla Qarabağın dağlıq bölgəsində yaşayan erməni azlığın əlaqəsini təmin etmək məqsədi daşıyır, deməli, texniki məsələlərin həllində Azərbaycan tərəfi üçün heç bir maneə yaradılmamalıdır. Ona görə də Prezident dəhliz üçün ayrı marşrutun cızılmasını tələb edib. Laçın şəhəri azərbaycanlılara məxsusdur və orada yerli sakinlər üçün əngəllər olmamalıdır”.

T.Abbasovun qənaətincə, yaxın günlərdə Azərbaycan vətəndaşlarının Xocalıya, Xankəndinə, Xocavəndə və digər ərazilərə geri dönməsi təmin ediləcək:

“Ola bilsin, Ermənistan məğlub tərəf kimi bizə əlavə problemlər yaratmağa səy göstərəcək. Lakin bunlar əhəmiyyətsiz cəhdlər olacaq. Azərbaycan güclü bənddir və bütün proseslərə öz diktəsi ilə nəzarət edir. Elə bir sual yoxdur ki, bu gün onun cavabını vermək mümkünsüz olsun. Texniki cəhətdən müəyyən çətinliklər, yubanmalar mümkündür və bunu da təbii qarşılamaq lazımdır. İş prosesində həmişə kiçik anlaşılmazlıqlar olur. Ancaq rəsmi Bakı nə vaxt, nə edəcəyini çox yaxşı bilir. Bütün planlar tədricən həyata keçiriləcək. Sadəcə bir az səbrli və təmkinli olmalıyıq”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu