"Modul tipli xəstəxanaya meyitimi aparmışdılar"

Aygün Muradxanlı: "Vəziyyətim bu qədər ağır idi"

"İlk vaxtlar evdə müalicə təyin edildi. Həkim dostumuz müalicə kursu yazdı. 20 “sistem” vuruldu mənə. Amma gördüm ki, vəziyyətim düzəlmir"

"Çox ağır xəstəlikdir. Bütün orqanlara təsir edir. Ağrımayan orqan qalmır"

"Ətrafımda, çevrəmdə nə qədər tanıdığım insan var, virusa yoluxub. Dünya bu virusun əlində əsir qalıb"


Ətrafımızda koronavirus xəstələri hər keçən gün artır. Tanıdıqlarımız, dostlar, qohumlar, ən dəhşətlisi – ailə üzvlərimiz arasında bu virusa yoluxanların olduğunu görürük. Aylardır, dövlət pandemiya ilə mübarizə aparır. Vətəndaşlardan məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etmək tələb olunur. Təəssüf ki, hər kəs tövsiyələrə əməl etmir. Qayda pozucuları məsuliyyətsiz davranışlarını davam etdirirlər. Nəticədə pandemiya çox təhlükəli şəkil almaqdadı. Yoluxma sayı 5 minə yaxınlaşır. Bu, aktiv xəstə sayıdır.

Aramızda xəstə olduğu bilinməyən, həkimə müraciət etməyən, analiz nümunəsi alınmamış insanların olduğunu nəzərə alsaq, viruslu, amma bundan xəbərsiz vətəndaşların sayının aktiv xəstə sayına ən azı bərabər olduğunu demək mümkündür. İctimaiyyətdə tanınan, sözü keçən şəxslər koronavuris xəstəliyinin qorxunc bəla olduğunu deyir, əhalini ehtiyatlı olmağa və ən əsası bu virusun varlığına inandırmağa çalışır, lakin yenə də bəziləri “gözümlə görməyincə” inanmaram, deyib durur.

Elə bir xanımla həmsöhbət olduq ki, onun danışdıqlarından sonra şəxsən özüm üşəndim. Qorxdum. Və daha artıq inanmağa başladım. Bu xanım, peşəkar jurnalist Aygün Muradxanlıdır. Təəssüf ki, onu məhz koronavirusla bağlı danışdırmalı olduq. Aygün xanım bu virusun alçaqlığını canında hiss etmiş xanımdı. Şükür, hazırda vəziyyəti yaxşılaşmağa doğru gedir. Amma bir qədər əvvəl ölümlə baş-başa imiş: 

- Virusa yoluxmağımdan, xəstəlikdən danışmazdan öncə, insanlarımıza üz tutaraq deyirəm; təmasları minimuma endirin. Yoluxmanın başlıca səbəblərindən biri insanların bir yerə toplaşmasıdır. İşə gedəni başa düşürük, evdən çıxmağa, ictimai nəqliyyatdan istifadə etməyə məcburdur, bəs digərlərinə nə düşüb? “Filankəsin oğlunun ad günüdü, filankəs evdə məclis keçirir, filan yerə yasa gedirəm...”, belə olmaz. Yoluxmaların sayı belə yerlərdə artır. 

- Aygün xanım, siz harda yoluxduğunuzu bildiniz? 

- 9 noyabr – Bayraq günündə Şəhidlər Xiyabanına getmişdim, həmkarlarımla. Bilirsiniz ki, həmin gün Şəhidlər Xiyabanını insanlar ziyarət edirdi, Şuşanın düşməndən azad edilməsi sevincini insanlar parklarda, küçələrdə bir-biri ilə paylaşırdılar. Şəhərdə qələbəlik vardı. Hiss etdim ki, xəstələnmişəm. Başağrısı, yorğunluq, halsızlıq. Dedim, yəqin adi qripdi. Getdikcə ağırlaşma başladı. Qan analizi verdim və COVİD-19 aşkarlandı. 78 faiz! Əgər analizdə 0,5 faiz virus aşkarlanırsa, bu, artıq xəstəliyin başlanması deməkdir. Təsəvvür edin ki, məndə 78 faiz idi. 

- Xəstəxana şəraitində müalicə aldınız, yoxsa evdə?  

- İlk vaxtlar evdə müalicə təyin edildi. Həkim dostumuz müalicə kursu yazdı. 20 “sistem” vuruldu mənə. Amma gördüm ki, vəziyyətim düzəlmir. Sağalmaq, yüngülləşmək əvəzinə gündən-günə geri gedirəm. Ağırlaşıram. Boğulmalar olurdu, qızdırmam düşmürdü. Od tutub yanırdım. Qızdırmadan sayıqlayırdım. Qulaqlarım da tutulmuşdu. Görürəm, biri danışır, ağzı tərpənir, amma nə dediyini anlamıram. Belə vəziyyətdə artıq xəstəxanaya apardılar. 

- Hansı xəstəxanada müalicə olundunuz? 

- Modul tipli xəstəxana idi. Belə təsəvvür edin ki, ora meyitimi aparmışdılar. Bu dərəcədə ağır idi vəziyyyət. Sağ olsun, həkimlər, onların səyi ilə vəziyyətim yüngülləşdi. Amma bir problem var ki, xəstəxanalarda koronavirus müalicəsində istifadə olunan preparatlar apteklərdə tapılmır. Xəstəxana KT olundum, ağ ciyərimdə 35 faiz “buzlu şüşə” tapıldı. 

- Aygün xanım, deyirsiz, 9 noyabrda Şəhidlər Xiyabanını ziyarətə getmişdiniz, tibbi maska taxmamışdınız, necə oldu ki, yoluxdunuz? 

- Maska taxmışdım, amma açıq havada olduğumuz üçün maskanı çənədən aşağı salırdım; təmiz havadır, heç nə olmaz, deyə. Bu zəhrimar da hava-damcı yoluyla keçir. Həm də ətrafda xeyli insan vardı. Bir var, bir adamdan yoluxasan, bir də var, bir neçə adamdan. Ona görə insanlarımıza müraciət edirəm ki, bir yerə cəmləşməsinlər, yığıncaqlara, mərasimlərə, çay evlərinə, kafelərə getməsinlər. Çox ağır xəstəlikdir. Bütün orqanlara təsir edir. Ağrımayan orqan qalmır. Şükür ki, mənim başqa orqanlarımda hər hansı problem yox idi. Ümumən, sağlam orqanizmə malik biriyəm. Amma xəstəxanada görürdüm, elə insanlar vardı, ağır təsir edirdi, dözə bilmirdilər, başqa orqanlarını sıradan çıxarırdı. Məsələn, qara ciyər şişirdi... Şəkəri olanlarda şəkərin faizi 420-yə qalxırdı. Bir saniyənin içində boğulma başlayırdı və insanın halı dəyişirdi, komaya düşürdü, aparırdılar reanimasiyaya, bəzən orda artıq vəfat edirdi adam. Yaşlı xəstələri həyata qaytarmaq mümkün olmurdu. Virusun insanlarda özünü göstərməsi də müxtəlifdir, bəzilərində boğulma olur, bəzilərində yox. Əsas qızdırma adamı əldən salır. 

- İndi vəziyyətiniz necədi? 

- Şükür babatam. 6 gün xəstəxana şəraitində müalicə olundum. Təkrar test edildim, bu dəfə virus aşkarlanmadı. İndi evdəyəm. Bir az öskürəyim qalır. Qulaqlarımda tutulma hələ var. Həkim yalnız vitaminlər təyin edib, onları qəbul edirəm, bir də ki, immuniteti yüksəltmək üçün qidalanmaya diqqət etməyi tapşırıb. 

- Ailənizdə kimisə yoluxdurmamısınız ki? 

- Yox, çox şükür. Analiz verdilər, heç kimdə COVİD tapılmadı. Bir daha hamıya deyirəm ki, koronavirusun varlığına inansınlar. Ətrafımda, çevrəmdə nə qədər tanıdığım insan var, virusa yoluxub. Dünya bu virusun əlində əsir qalıb. Özünüzü qoruyun. 

Söhbətləşdi: Məlahət Rzayeva     

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu