Boyatdan boylanan həsrətin sonu


Azərbaycanın hər bölgəsi, hər kəndi, hər şəhəri mənim də canımdır.Murovun qarlı zirvəsinə canımı qurban edərdim, Kəlbəcərin hər qarışına qurban olardım. Tariximizin yadigarı olan Xudafərin körpüsünə canımı verərdim. Amma bu dünyada hər kəsin daha çox  bağlı olduğu bir məkan da var.Bu,  mənim üçün Ağdam, Ağcabədi torpağıdır.  Məni Ağdama və Ağcabədiyə birlikdə bağlayan müqəddəs səbəblər var: Ürəyimin bir parçası Anam ağdamlı, Atam ağcabədili. Anamın Ağdamdan gəlin köçdüyü Ağcabədi  kəndi Boyat - atamın ana yurdu.Mən bu kəndin Vətənə bağlı hər sakinini buraya gəlin köçən anam qədər, 30 il gözlərini Ağdam yollarına- o qərib yollara dikən atam qədər istəyirəm.Bu müqəddəs kəndi həm də ömrünü torpaqlarımızın yağı düşməndən azadlıq həzsrətinə bağlayan Aqil Abbasa görə sevdim.  O Aqil Abbas ki, Ağdamda doğuldu,Ağdamda böyüdü, Vətən torağına fərq qoymayıb Ağcabədinin  Boyat kəndinin də sakini oldu.

O Aqil Abbas ki, ürək yanğısı ilə “Çadırda Qədir Rüstəmovlar doğulmaz”  povestini yazdı, Azərbaycan igidlərinin düşməndən intiqam hissini ifadə edən “Dolu” romanını yazdı, bu roman əsasında birinci Qarabağ döyüşlərini vizual tarixə çevirən “Dolu” filminin yaranmasına nail oldu. O Aqil Abbas ki, Milli Məclisin Qarabağ deputatı kimi hər kəsin dərdini dinlədi, Boyatda kitabxana, mədəni mərkəz inşa etdirdi. Və nəhayət, bu ağdamlı-ağcabədili Aqil Abbas dəli-dolu nitqləri, yazıları, təsis etdiyi “Ədalət” qəzeti ilə milyonları maarifləndirmə işində peşəkar jurnalist, şair, publisit kimi qələbə inamını bizə də  aşıladı.

Məni Ağdama bağlayan daha bir ağcabədili: Rəşad Məcid. Təhsil aldığım BDU-nun Jurnalistika  fakültəsində o, mənim müllimim oldu,tələbələrə peşənin sirlərini öyrətdi. Azərbaycan media mühitində sayılıb-seçilən  “525-ci qəzet” i ilə millətin, xalqın, ədəbi ictimaiyyətin sevgisini qazandı.Mən hər dəfə o qəzetin redaksiyasına gedəndə  elə zənn etdim ki, atamın, anamın  isti ocağındayam. Çünki bu qəzetdə  həm də  bir tərəfi ağdamlı, bir tərəfi ağcabədili Yusif Rzayev var. O Yusif Rzayev ki, “525”-in əsas ağırlığı Baş redaktor Rəşad Məciddən sonra onun çiyninə düşür. O Yusif Rzayev ki, az yazır, amma hər yazısı ədəbi hadisəyə çevrilir.O Yusif Rzayrev ki, 30 ilin Ağdam nisgilini “qələmsiz yazılar” dan , (Rəşad Məcid) tutmuş bütün publisistikasının aparıcı mövzusuna çevirdi...

Məni  Ağdam-Ağcabədi sevgisinə qovuşduran daha bir kəs: Universitetdə oxuduğum ötən illərdə, elə bu gün də mənim müəllimimdir: Cahangir Məmmədli. O Cahangir Məmmədli ki, əbədi  bir sevgi nəğməsi ruhuna bürünmüş, torpaq həsrətilə  torpağa qovuşmuş Səkinə xanımın-anası ağdamlı, atası ağcabədili bir qadının həyat yoldaşıdır. O Cahangir Məmmədli ki, Ağdam həsrətini ovutmaq üçün neçə dəfə tələbələrini yığıb bizim kəndə-Ağdamın 4 klometrliyində olan Boyat kəndinə səyahətə gətirib: Uzaqdan da olsa, Ağdamın qoxusunu duymaq üçün.Həm də o Cahangir Məmmədli  ki, Aqil Abbas da , Rəşad Məcid də, Yusif Rzayev də ...dinlədikləri dərslərindən indi də qürurla söhbət açırlar.
Bu insanların Ağdam , torpaq həsrətilə necə kövrəldiklərini min dəfə öz gözlərimlə görmüşəm. Ağdam həsrətini onların Boyat kəndində-mənim ata yurdumda daha yaxından görmüşəm...

Mən hər dəfə atamla bu kəndə gələndə atam yol boyu bizə-uşaqlarına Ağdamın necə bir yer olduğunu danışar, Boyatdan o yana yol alıb anamın ata yurduna keçə bilmədiyinin xəcalətini çəkirdi. Mən onda anlayırdım ki, Azərbaycanın hər vətəndaşı itirdiyimiz  torpaqların itkisində həm də özünü günahkar hesab edirdi.

...Gün gəldi və Ağdam işğaldan azad oldu. Prezidentimiz, Ali Baş Komandan Ağdam məscidinin qarşısında qürurla dayandı və Vətən müharibəsindəki qələbəmizi xalqa müraciəti ilə dünyaya bəyan etdi.Zaman gələcək və Prezidentimizin işğaldan azad olunmuş hər rayonumuza səfəri zamanı xalqa müraciətinin hər birindən romanlar doğacaq, dastanlar yazılacaq. İndilik isə ...atam yenə yol gedir. İşğaldan azad olmuş Ağdamın bayramına qovuşmaq üçün. Yol boyu həyəcan keçiri. Həm də bilir ki, düşmənin minalara çevirdiyi o torpağa indi girmək olmaz. “Neynək-deyir atam-minə dözən min birə də dözər.Lap bu günlərdə gedəcəyik Ağdama. Sizə onun tarixini, ananızın oradakı  xatirələrini o yolda danışacayıq”.
...Bakı-Boyat yollarını başa vururuq.Hələlik Ağdama yenə bu kənddən  boylanırıq.Amma bu dəfə həsrətlə yox, qürurla , fəxrlə boylanırıq. Anamın gözlərinə baxıram.Ordumuzun, Ali Baş Komandanımızın son qoyduğu Ağdam həsrəti anamın gözlərində sevincə, qürura çevrilir...

Günel Mehdizadə (Bayatlı)

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu