Erməni planlarına zərbə ! - “Müharibə proseslərin “rəng”ini dəyişdi”

“Artıq nə regionu mənimsəmək, nə də müstəqilliyini tanıtmaq mümkündür. Bu, sadəcə qeyri-realdır”

“Onlara Azərbaycanın tabeçiliyini qəbul etməyin üstünlüklərini başa salmalıyıq”


Ermənistanın baş naziri Nikol Paşinyan TASS agentliyinə müsahibəsində deyib ki,  hazırda Qarabağda sabitliyi və əhalinin təhlükəsizliyini təmin etmək vacibdir. Onun sözlərinə görə, Qarabağ münaqişəsi uzun münaqişədir, buna görə Rusiya sülhməramlılarının burada qalması, çətin ki, beş illik müddətlə məhdudlaşsın.

Hazırki şəraitdə Qarabağın statusunun necə olacağı barədə suala cavabda Paşinyan ATƏT-in Minsk Qrupu çərçivəsində proses davam etdiyini söyləyib.
 Görünür, müxalifətin və etirazçıların bütün cəhdlərinə rəğmən, baş nazirin hakimiyyəti təhvil vermək fikri yoxdur. Hələ gələcək planlarından “dəm vurur”. Deyəsən, bu qədər biabırçılıq, fiasko ona bəs etməyib.

 Siyasi analitik Turab Rzayev Paşinyanın yeni “oyun” cəhdi barədə “Sherg.az”ın suallarını cavablandırıb:

-Baş nazirin sözügedən açıqlamasını necə qiymətləndirirsiniz?
-Ermənistan vaxtı mümkün qədər uzatmaq istəyir. Hazırda regionda rus sülhməramlıları var və döyüşlər dayanıb. Deməli, Dağlıq Qarabağ erməniləri Ermənistanın təsiri altındadırlar. Etiraf etmək lazımdır ki, hazırda bölgədə Ermənistan və Rusiyanın de-yure olmasa da, de-fakto nəzarəti var. Rus sülhməramlıları oradan çıxsa, Qarabağın taleyi birdəfəlik və Azərbaycanın xeyrinə həll olunur. Ermənistan hakimiyyəti isə bunu istəmir. Qarşı tərəf Osetiyada, Abxaziyada, Dnestr çayı sahilində olduğu kimi, burada rus sülhməramlıların uzun müddət qalmasına çalışır və bunu son variant hesab edirlər.

-Niyə belə dşünürsünüz?

-Çünki münaqişə yeni başlayanda Ermənistanın iki məqsədi var idi. Ya Qarabağı özlərinin tərkibinə qatmaq, ya da qondarma respublikanın müstəqilliyini tanıtdırmaq istəyirdilər. Xatırlayırsınızsa, Qarabağda ermənilərin müstəqillik lehinə səs verəcəklərinə ümid edərək referendum arzulayırdılar. Amma müharibə nəticəsində onların bu planlarına ciddi zərbə dəydi. Beləliklə, artıq nə regionu mənimsəmək, nə də müstəqilliyini tanıtmaq mümkündür. Bu, sadəcə qeyri-realdır. Yəni ermənilər şanslarını itiriblər. Ona görə də ən yaxşı variant kimi, heç olmasa, Qarabağın bir hissəsində nəzarətlərini saxlamağı düşünürlər. Lakin açıqlamada başqa məqsədlər də var.

-Nə kimi?

- Paşinyan özünü Rusiyaya yaxşı, sadiq  göstərməyə çalışır.

- Sizcə, baş nazirin dediyi kimi, sülhməramlıların beş ildən çox qalması mümkündür?

- Düşünürəm ki, bəli. Çünki Azərbaycan xalqı ilə ermənilər arasındma münasibətlərin gərginliyi ən pik həddədir. Başqa münaqişələrdə etnik nifrət bu qədər çox deyil. Məsələn osetinlərlə gürcülər arasında hətta ticarət əlaqəsi var. Amma biz məsələnin “rəngini dəyişməyə”, təyin olunan müddəti mümkün qədər qısaltmağa çalışmalıyıq.

-Bunun üçün bir mexanizm varmı? 

- İlk növbədə yol məsələsində köməkliyimizi göstərə bilərik. Məsələn Şuşa yolu üçün 3 il vaxt istəyiblər. Biz onu iki aya, alternativ Laçın dəhlizini altı aya çəkə bilərik. Təki çıxsınlar. Həmçinin sülhməramlıları daha ədalətli mövqeyə dəvət etmək lazımdır. Kommunikasiyanı açıq saxlamalı, radikal yox, dostcasına yanaşmalı və beləliklə, reallığı görmələrini təmin etməliyik.  Ermənistan xalqına da eyni münasibət göstərilməlidir. Hakimiyyətin səhvlərini yerli camaata şamil etmək olmaz. Onlara Azərbaycanın tabeçiliyini qəbul etməyin üstünlüklərini başa salmalı, humanistliyimizi göstərməliyik. Düzdür, ortada “qan okeanı” var. Fəqət, məncə, iqtisadi əlaqələrin açılması da məqsədəuyğundur.

- Bütün bunlar niyə lazımdır?

-Biz elə etməliyik ki, özümüzə qarşı güvən yaradaq. Ermənilər heç beş il tamam olmamış və kənar vasitəçiyə ehtiyac duymadan Azərbaycanın tabeliyini qəbul etsinlər. Əks halda  Dağlıq Qarabağda Azərbaycana itaətsizlik göstərən hətta min nəfər erməni qalsa da, onların müdafiə, təhlükəsizlik məsələləri gündəmə gələcək.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu