MDB-də yeni müharibə: “Rusiya-Ukrayna qarşıdurması intensivləşir” – NATO İZİ...! 

“Bu hərbi-siyasi proseslərin inkişaf edərək, müharibəyə çevrilə biləcəyi də qətiyyən istisna deyil”

“Rəsmi Kiyev əsasən ABŞ və Qərbə güvənir, Rusiyadan qorunmaq üçün NATO -nun təhlükəsizlik “çətir”i altına sığınmağa can atır”

“Ukraynanın siyasi dairələri praktik dəstək verə biləcək ünvan qismində daha çox Türkiyəni ön plana çıxartmağa üstünlük verirlər”


Separatizmdən əziyyət çəkən ölkələrdən biri də Ukraynadır. Rusiyanın Ukraynın Krım ərazisini ilhaq edilməsi və Donetskdə qondarma respublika qurulması rəsmi Kiyevi də ərazi bütövlüyü problem ilə üz-üzə qoyub. Uzun müddət sonra Ukrayna dövləti separatçılara qarşı hərəkətə keçib. Ordu Mariupol istiqamətində irəliləyərək, separatçıların bir neçə mövqeyini ələ keçirib. Separatçı respublikanı Mariupolda bir neçə istiqamət üzrə məğlub edən Ukrayna ordusu Vodian və Ujovk yaşayış məntəqələrini də terrorçulardan təmizləməyi bacarıb. Əslində Donetskin Ukraynanın tərkib hissəsi olduğunu Rusiyanın özü də inkar etmir.

Astana və digər görüşlərdə Donetsk probleminin həlli yolları müzakirə olunurdu. Lakin bu danışıqlar Ukraynanın maraqları çərçivəsində yerinə yetirilmirdi. Siyasilərə görə, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə Ukrayna rəsmilərinə motivasiya olub. Hadisələr digər MDB ölkələri üçün də domino effekti ola bilər.

Diqqət etsəniz, Moldovanın yeni seçilən xanım Prezidenti Maya Sandu hakimiyyətə gələr-gəlməz ilk növbədə Dnesteryanı bölgə məsələsini qabartdı. Gürcüstanda da bənzər şəkildə Osetiya və Abxaziya məsələlərində aktivlik müşahidə olunur.

Ukraynanın son aylarda Donetsk sərhədinə qoşunları cəmləməsi, Türkiyə ilə hərbi müqavilələr imzalaması ondan xəbər verir ki, MDB məkanında separatizm hərəkatlarına qarşı bir mübarizə başlaya bilər.

 Siyasi analitik Elçin Xalidbəyli Ukraynada baş verən son hadisələri “Sherg.az”a şərh edib: 

“Ukrayna öz xarici siyasətində müəyyən korrektələrə meyl göstərir. Azərbaycana da dost münasibətləri olan bu dövlətin kifayət qədər ciddi problemləri var. Üstəlik, bu problemlərin əksəriyyəti regional xarakter daşıyır. Xüsusilə də, rəsmi Kiyev son vaxtlar xarici siyasət sahəsində fəallaşmağa can atır. Hətta belə düşünmək olar ki, Ukrayna dünyada cərəyan edən geniş dəyişiklik prosesində iştirak etməyə və ondan maksimum səviyyədə bəhrələnməyə çalışır. Məsələ Ukraynanın Rusiya ilə hərbi-siyasi ziddiyyətlərinin mövcudluğundadır. Belə ki, Rusiya Ukraynanın Krım bölgəsini ilhaq edib, öz ərazisinə qatıb. Eyni zamanda, Rusiyanın hərbi-siyasi dəstəyi ilə Ukraynanın bəzi regionlarında, xüsusilə də rusların kompakt şəkildə yaşadığı Donetsk bölgəsində separatizm ən yüksək səviyyəyə çatıb. Separatçı Donetsk bölgəsi Ukraynanın mərkəzi hakimiyyətinə tabe olmaqdan imtina edir, müstəqilliyə can atır. Rusiya isə həmin bölgədəki rus separatçılara həm silah-sursat və hərbi texnika, həm də hərbi emissarların göndərilməsi ilə dəstək verir. Bir sözlə, Rusiya Ukraynanın BMT tərəfindən tanınmış sərhədlərinə hörmətsizlik edir və bu ölkənin parçalanmasına çalışır. Təbii ki, belə vəziyyətdə Ukrayna Rusiyaya qarşı mübarizədə özünə etibarlı müttəfiqlər tapmaqda maraqlıdır. Son müşahidələr göstərir ki, rəsmi Kiyev əsasən ABŞ və Qərbə güvənir, Rusiyadan qorunmaq üçün NATO -nun təhlükəsizlik “çətir”i altına sığınmağa can atır. Ancaq hələlik ABŞ və Qərbin, eləcə də, NATO-nun Ukraynaya verdiyi dəstək yetərli deyil. Çünki bu dəstək siyasi bəyanatlardan uzağa getmir. Belə vəziyyətdə rəsmi Kiyev üçün daha praktik dəstək axtarışı qətiyyən təəccüblü deyil.

 E. Xalidbəyli, həmçinin Ukrayna- Türkiyə münasibətlərindən də söz açıb: 

“Maraqlıdır ki, hazırda Ukraynanın siyasi dairələri praktik dəstək verə biləcək ünvan qismində daha çox Türkiyəni ön plana çıxartmağa üstünlük verirlər. Bir müddət öncə Ukrayna prezidenti M.Zelenski nümayişkaranə şəkildə Türkiyəyə rəsmi səfər etdi. Həmin səfər çərçivəsində Rusiyanı qıcıqlandıran bir sıra müqavilələrə imza atıldı. Türkiyə-Ukrayna münasibətlərində hərbi ticarət sahəsi ön plana keçirildi. Onu da qeyd edək ki, Türkiyə Ukraynanın hüquqlarının qorunmasında olduqca cəsarətli davrandı. Prezident Rəcəb Tayyib Ərdoğan Krımın Ukrayna ərazisi olduğunu rəsmən bəyanlamaqla, Rusiyanın qeyri-qanuni ilhaq qərarının qəbuledilməz olduğunu vurğuladı. Digər tərəfdən, Türkiyə Ukraynanı da “Bayraktar” PUA-ları ilə təmin etməyə başlayıb. Ukraynanın bu unikal silahı əldə etməsi Rusiyanın hərbi-siyasi çevrələrində ciddi narahatlıq doğurub. Çünki Rusiya hələlik bu tipli müasir silahlardan müdafiə üçün hazır deyil. Bu isə o deməkdir ki, Ukrayna “Bayraktar” PUA-larından Donetsk bölgəsində öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə istifadə etsə, Rusiyanın separatçıları müdafiə etməsi o qədər də asan olmayacaq. Azərbaycanın reallaşdırdığı 44 günlük savaş da göstərdi ki, Rusiyanın ən müasir silahları belə, “Bayraktar” PUA-ları qarşısında öz hərbi əhəmiyyətini itirir”.

 O, münasibətlərin gələcəkdə daha da kəskinləşəcəyi qənaətindədir: 

“Hazırda rəsmi Kiyev hesab edir ki, ABŞ və Qərbin fəal siyasi dəstəyini öz arxasına ala bilərsə, yaxın vaxtlarda Ukraynanın separatçı Donetsk bölgəsində savaşa başlayaraq, qalib gəlmək şansını artıra bilər. Sadəcə, rəsmi Kiyev ABŞ və Qərbin təzyiqlərinə nail olaraq, Rusiyanın neytrallaşdırılmasına çalışır. Bu, baş tutarsa, Ukrayna Azərbaycanın hərbi təcrübəsini separatçı Donetsk bölgəsində tətbiq etməklə, öz hərbi-siyasi hədəflərinə nail ola bilər. Ona görə də, ehtimal var ki, yaxın aylarda Rusiya-Ukrayna qarşıdurması daha da intensivləşə bilər. Bu baxımdan, MDB məkanında yeni müharibənin baş vermə təhlükəsi kifayət qədər yüksəkdir. Hətta bu hərbi-siyasi proseslərin inkişaf edərək, daha sonradan Rusiya-Ukrayna müharibəsinə çevrilə biləcəyi də qətiyyən istisna deyil”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu