ZƏFƏR GÜNÜ ! – “Yerində verilən qərardır”

“Hər il bu gün qeyd olunanda gənc nəsil ermənilərin necə məkrli bir düşmən olduğunu öyrənəcək”

“Eyni zamanda onu da biləcək ki, müzəffər ordumuz və Ali Baş Komandan BMT-nin qərarını yerinə yetirməklə onu biabırçılıqdan xilas etdi”  


Hər il Qarabağ və ətraf rayonların işğal edildiyi günlər gələndə istər məcburi köçkünlər, istərsə də digər azərbaycanlılar bunu böyük ürək yanğısı ilə anırdılar. 28 il idi ki, hər il bu yaranın üstü açılır, hər il dərd üstünə dərd gəlirdi. Üstəlik bu günlər demək olar ki,  bizim hər fəslimizə, hər ilimizə ölüm toxumu kimi səpələnmişdi. Mənfur ermənilər yanvardan dekabradək tariximizə qan yaddaşı yazmışdı və hətta etdikləri işğalçılıq və qətliamla fəxr edirdilər.

Rəşadətli ordumuzun sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları isə ermənilərin yenilməzlik xülyalarını və erməni mifini darmadağın etdi. 44 günlük Vətən savaşının bir sonu, sonda isə bir zəfər günü olmalı idi. Azərbaycan xalqı buna hamılıqla inanırdı. 

Bu gün cənab Ali Baş Komandan İlham Əliyev gözlədiyimiz tarixin qərarını -Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncamı imzaladı. Bu gündən sonra 10 noyabr hər il Azərbaycanda zəfər günü kimi təntənə ilə qeyd olunacaq. 

Zəfər günümüzlə bağlı tarixçi - alim Boran Əzizli  "Sherg.az"a danışıb. O, həmçinin bu günün təsis edilməsi qərarının çox doğru və yerində olduğunu nəzərə çatdırıb:

"Dünya hərb tarixində belə hallar çox olub. Müharibənin qələbə ilə bitməsindən sonra onu əbədiləşdirmək üçün müxtəlif formada tədbirlər keçirirlər. Məsələn, bəzi ölkələrdə şəhər girişlərində və ya ən hündür yerlərdə "zəfər tağları" tikilib.Yaxud da elə bir imarət ucaldılırdı ki, onu görən hər kəs həmin qələbəni yadına salırdı. Bu baxımdan 10 noyabrın zəfər günü kimi qeyd edilməsi doğru addımdır.

Bu, həm də ona görə lazımdır ki, gələcək nəsil bu zəfər günü qeyd olunarkən onun necə qazanılması və nə üçün zəfər günü kimi qeyd edilməsi ilə də maraqlanacaq. 

Və onlara izah olunacaq ki, BMT (Birləşmiş Millətlər Təşkilatı) Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu məsələnin həlli üçün BMT-nin 5 daimi üzvündən 3-nün həmsədr olması haqqında qərar verib. Amma nə həmin qətnamə yerinə yetirildi, nə də həmsədr olan 3 böyük dövlət cırtdan ölkə olan Ermənistanla bacardı.

Nəticədə Azərbaycan torpaqları illərlə düşmən tapdağında qaldı. Düşmən isə həmsədrlərin bu hərəkətsizliyindən ruhlanaraq işğal etdiyi torpaqlarda sözün gerçək mənasında daşı daş üstündə qoymadı. 

Yəni bu zəfər günü qeyd olunanda gənc nəsil ermənilərin necə məkrli bir düşmən olduğunu öyrənəcək. Eyni zamanda onu da biləcək ki, müzəffər Azərbaycan ordusu və onun Ali Baş Komandanı BMT-nin qərarını məcburən yerinə yetirməklə onu biabırçılıqdan xilas etdi. 

Bu məsələlərə görə gənc nəsildə qürur, məğrurluq və əxlaqi keyfiyyətlər formalaşacaq. Ona görə də bu qərarı alqışlayıram və onu çox yerində və doğru qərar kimi qiymətləndirirəm". 

Ağarza Elçinoğlu

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu