Erməni vəhşiliyini dünya mediasında faktlaşdırmalıyıq

Beynəlxalq məhkəmələrdə təzminat davasında bu faktlardan istifadə ediləcək

Məlum olduğu kimi, ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelər, eləcə də beynəlxalq media qurumlarının təmsilçiləri Azərbaycanın Ermənistanın terrorçu silahlı birləşmələrinin işğalından azad edilən yaşayış məntəqələrinə gediblər və ermənilərin törətdikləri vandalizm aktlarını gözləri ilə görüblər. Füzulidə,  Ağdamda və digər azad olunan ərazilərimizdə olan xarici KİV nümayəndələri erməni vandallarının törətdikləri cinayətlərdən dəhşətə gəliblər. Onu da bildirək ki, Qətərin məşhur “Əl-Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonundan reportaj yayımlayıb.

Reportajda Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə Ermənistanın nəzarətində qalmış Ağdam rayonuna daxil olduğu bildirilib. Qeyd edilib ki, əldə edilmiş razılaşmaya əsasən, Ermənistan Ağdamı Azərbaycana geri qaytarıb. Telekanalın Ağdama ezam olunmuş müxbiri rayonun dağıntılar altında qaldığını bildirir. O deyir: “Ağdamda dağıntılardan başqa heç nə yoxdur. Hətta şəhərin mərkəzi belə vandalizmə məruz qaldıqdan sonra tərk edilib. Buranın yerli əhalisi artıq geri qayıtmaq istəyir”. Reportajda ərazinin minalandığı, yalnız bir neçə saat ərzində buradan 150-yə yaxın mina tapıldığı diqqətə çatdırılıb. Vurğulanıb ki, Ağdamın bir zamanlar məşhur olan Mədəniyyət Mərkəzi də tamamilə dağıdılıb. Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində ermənilərin Kəlbəcəri tərk edərkən törətdikləri vandallıqlar barədə məqalə yerləşdirilib. Məqalədə Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri tərəfindən imzalanmış bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycana qaytarılmalı olan Kəlbəcər rayonunda sonradan məskunlaşmış ermənilərin yaşadıqları evləri yandırmalarından, dam örtüyü də daxil olmaqla tikinti materiallarını söküb aparmalarından söz açılıb.

Azad olunmuş torpaqlarımızda xarici diplomat və jurnalistlər öz gözləri ilə ermənilərin törətdikləri dəhşətli mənzərələri görüblər. Bəs, bu missiyanın böyük strateji önəmi nədir?

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSPBAM) rəhbəri Samir Adıgözəlli bildirib ki, bu missiyanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfərinin təşkil edilməsinin, onların Ermənistanın bütün vəhşiliklərini öz gözləri ilə görməsinin siyasi və diplomatik, strateji tərəfdən böyük əhəmiyyəti var. O qeyd edib ki, bunun əhəmiyyətli tərəflərindən biri də odur ki, yaxın zamanlarda Azərbaycan Ermənistana qarşı təzminat davası açanda düşmən ölkə yayına bilməyəcək: “Cənab Prezidentin göstərişinə əsasən, belə bir tərkibdə missiyanın Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfərinin təşkil edilməsinin böyük əhəmiyyəti var.

Bilirsiniz ki, cənab Prezident özü işğaldan azad edilən Füzulidə və Cəbrayılda səfərdə olarkən də əli ilə Ermənistanın viran qoyduğu yerləri, tikililəri göstərib dedi ki, baxın görün, biz necə bir düşmənlə üz-üzəyik. Doğrudan da Ermənistanın törətdiyi bu vəhşiliklər hansısa bir qəbilənin törətdiyi vandallığa bənzəyir. Əslində, bunu yalnız faşistlər edə bilərdi ki, bunu da Ermənistan faşistləri bizim torpaqlarda ediblər. Azərbaycan öz torpaqlarını düşmən təcavüzündən azad etməklə yeni bir dövrə qədəm qoydu. Bu missiyanın işğaldan azad olunmuş ərazilərimizdə olması bizə imkan verdi ki, Ermənistanın işğalçılıq, vəhşilik, vandallıq, faşist mahiyyətini beynəlxalq aləmdə növbəti dəfə ifşa edək. Ermənistan terrorçu, mənşəyi nəməlum, insanlıqdan, humanizmdən uzaq bir ölkədir və o, bütün hallarda, törətdiyi cinayətləri inkar etməyə cəhdlər edə bilər, çünki bu ölkədən hər cür alçaq hərəkət gözləmək mümkündür. Bu gün artıq onu edə bilməyəcək, çünki beynəlxalq KİV nümayəndələri, xarici diplomatlar, hərbi attaşelər və bu missiyaya daxil olan şəxslər işğaldan azad edilən ərazilərimizdə ermənilərin törətdikləri vandalizmin izlərini gözləri ilə görüblər və bundan dəhşətə gəliblər. Füzuli, Ağdam, Cəbrayıl və digər ərazilərimiz düşmən tərəfindən tamamilə dağıdılıb. Bunu o missiya üzvləri açıq şəkildə görürlər. Bu gün dünyanın gözü qarşısında ermənilər bizim əraziləri tərk edərkən evlərə, məktəblərə od vurur, dağıdır, meşələri yandırır, ağacları kəsir və sair. Bütün bunlara görə düşmən ölkə cavab verəcək”.

"Ermənistanın terrorçu silahlı qruplaşmaları tərəfindən dağıdılan tikililərdən, muzeylərdən, abidələrdən birini, yaxud bir neçəsini saxlamaq lazımdır, çünki bu bizə gələcəkdə erməni vandallarının törətdikləri cinayətləri xatırlamağımız, yaddaşımızı, tariximizi unutmamağımız üçün lazımdır. Hesab edirəm ki, bu missiyadan sonra BMT-dən və başqa beynəlxalq təşkilatlardan mədəniyyət, mədəni irs, iqtisadiyyat, ekologiya və sair sahələr üzrə mütəxəssislər işğaldan azad edilən ərazilərimizə səfər edəcəklər. Çünki onların bura səfəri bu ekspertlərin azad olunmuş ərazilərimizdəki vandalizm aktlarını görmək, qeyd etmək və bununla bağlı Ermənistana qarşı tədbir görmək imkanlarını genişləndirir. Bütün bu faktlar sənədləşdirilib və biz Ermənistana qarşı bütün sahələr üzrə təzminat davası açacağıq. Ona görə də beynəlxalq missiyanın azad olunmuş ərazilərimizə səfərlərinin baş verməsi bütün mənalarda əhəmiyyətlidir” - deyə S.Adıgözəlli əlavə edib.

Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri  Əhməd Şahidov bildirib ki, bu gün dünyanın nüfuzlu media orqanlarında Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vəhşilikləri, insanlığa sığmayan hərəkətlərini əks etdirən süjetlər, məqalələr yayımlaması da əhəmiyyətlidir. O vurğulayıb ki, Ermənistanın biabırçı məğlubiyyətdən sonra yenə də beynəlxalq aləmi çaşdırmaq üçün həyata keçirdiyi təxribatları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə bu cür beynəlxalq missiyanın səfərini təşkil etməklə onları ifşa etmiş olarıq: 

"Bu münaqişənin humanitar fəsadlarını, erməni vandalizmini, o cümlədən işğaldan yenicə azad edilmiş ərazilərimizdə kütləvi dağıntıların tarixi, mədəni abidələrimizin, faydalı qazıntılarımızın, təbii sərvətlərimizin talan edilməsini təbii ki, dünya ictimaiyyətinə çatdırmaq qarşıda duran əsas vəzifələrdən biridir. Çünki Azərbaycan tərəfi bütün bu dağıntılara görə beynəlxalq məhkəmələrə müraciət edərək Ermənistan tərəfindən böyük məbləğdə təzminat əldə etməlidir. Bunun üçün də ilk növbədə biz zəmin hazırlamalıyıq. Yəni beynəlxalq təşkilatların, beynəlxalq mətbuatın diqqətinə çatdırmalıyıq. Bu dağıntılar beynəlxalq ictimaiyyətin qınağına səbəb olmalıdır. Bunun üçün də xarici mətbuatlarla, xarici təşkilatlarla sıx işləmək lazımdır. Bu baxımdan Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycandakı xarici diplomatik korpus nümayəndələrinin, səfirlərin, diplomatların həmin ərazilərə aparılması çox doğru addımdır. Və bunu həm də ilk addım kimi qiymətləndirirəm. Bundan sonra həmin dağıntılar sənədləşdirilməli, həmin foto və görüntülər beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır. Xüsusən də, xarici kanallarda, mətbuat orqanlarında bununla bağlı reportajlar, məqalələr, süjetlər, ayrıca proqramlar yayımlanmalıdır ki, dünya bunu duysun, bunlardan xəbəri olsun və gələcəkdə biz beynəlxalq məhkəmələrə müraciət edəndə bizə süprizləri olmasın. Bundan başqa indi pandemiya dövrüdür. Hazırkı durumda xarici səfərlərin  təşkil edilməsi, xarici qonaqların Azərbaycana dəvət edilməsi real görünmür. Amma bu pandemiya dövründə belə beynəlxalq təşkilat və xarici media nümayəndələrinin, mütəxəssislərin, ekspertlərin iştirakı ilə müəyyən onlayn konfranslar təşkil etmək olar. Bu onlayn konfranslarda da erməni vandalizminin nümunələrini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır. İnşallah, bu pandemiya bitəndən sonra da düşünürəm ki, xaricdə Azərbaycan diasporasının, türk diasporasının, ümumiyyətlə, həqiqəti, ədaləti sevən insanların dəstəyi ilə xaricdə silsilə tədbirlər, konfranslar təşkil ediləcək. Biz indiyə kimi erməni işğalı, bir milyondan artıq qaçqınımız barədə xaricdə tədbirlər keçirirdiksə, indi isə Azərbaycanın üzləşdiyi vandalizm məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıyıq. Düzdür, qaçqınlarımız zaman-zaman öz evlərinə geri dönəcəklər. İndi beynəlxalq təşkilatlardan bununla bağlı həm dəstək qazanmalıyıq, həm də beynəlxalq məhkəmələrdə Ermənistanın təzminat ödəməsi üçün bir zəmin yaratmalıyıq ki, səsimiz daha çox eşidilsin. Beynəlxalq məhkəmələr Azərbaycanın haqlı, ədalətli istəyini qəbul etsinlər, rəsmi şəkildə Ermənistan Azərbaycana təzminat ödəsin. Hesab edirəm ki, bu istiqamətdə media sahəsində ciddi işlərin görülməsi çox zəruridir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu