Koronavirusdan sağalan jurnalist tövsiyələrini verdi

"Əmin olsunlar ki, həqiqətən virus var və kifayət qədər təhlükəlidir"

“Əvvəlcə özümdə güclü soyuqdəymə hiss etdim, sonra hərarətim yüksəldi. Hardasa 37 yarım, 38 dərəcə qızdırmam oldu və 3-4 gün aşağı düşmədi”.

Bu sözləri “Şərq”ə açıqlamasında “Unikal.org” xəbər portalının əməkdaşı, tanınmış jurnalist Famil Fərhadoğlu deyib. Bir müddət öncə koronavirusa yoluxmuş həmkarımız müalicəsini davam etdirdiyini, vəziyyətinin normallaşdığını söyləyib: “Vəziyyətimin yaxşı olmadığını gördükdə təcili yardım çağırdım və analiz verdim.

Amma ilk testin cavabı neqativ çıxdı. Bir-iki həftədən sonra yenidən soyuqladım və qripə bənzər xəstəlik tapdım, burnum tutuldu. Yenə fikir vermədim, düşündüm ki, yəqin əvvəlki kimi olmuşam.

Sonra elə oldu ki, iş yoldaşlarımızdan birində koronavirus aşkarlandı. Bundan sonra bütün əməkdaşlar yenidən test etdirməyə məcbur olduq. Özəl klinikaların birində analiz verdik və məndə pozitiv çıxdı.

Ağciyər Xəstəlikləri İnstitutundan tanış bir həkimlə məsləhətləşərək resept əldə etdim və ev şəraitində müalicə olunmağa başladım. Şükür Allaha, vəziyyətim getdikcə düzəlir”. 

F.Fərhadoğlu koronavirusa əhəmiyyət verməyənlərə öz tövsiyələrini də verib:

“Əfsuslar olsun ki, hələ də virusa inanmayan insanları görürük. Hamımızın ətrafında koronavirusa laqeyd yanaşan kifayət qədər adam var. Əmin olsunlar ki, həqiqətən virus var və kifayət qədər təhlükəlidir.

Ona görə də kimsə özünü narahat hiss edirsə, müəyyən simptomları müşahidə edirsə, mütləq analiz versin. Əgər tez zamanda və vaxtında üzərinə düşülərsə, qısamüddətli müalicədən sonra virusdan qurtulmaq mümkün olur.

Amma gecikdirilərsə, sonradan çox ciddi fəsadlar üzə çıxar. Hamıya diqqətli olmağı tövsiyə edirəm. Özünüzü qoruyun!”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu