Koronavirusla mübarizədə 14 "qızıl qayda" var

Maska taxsanız belə, yenə də öskürən insanla aranızda məsafə olmalıdır

Maskalara dezinfeksiyaedici maddələrin vurulması çox ziyanlıdır

Türkiyə mütəxəssisləri koronavirusla mübarizədə 14 “qızıl qayda” açıqlayıb. Qardaş ölkənin infeksion xəstəliklər üzrə mütəxəssisi Əlif Hakko və daxili xəstəliklər uzman həkimi Özgür Mollaoğlu koronavirusla mübarizəyə kömək edəcəyini nəzərə alaraq 14 suala 14 cavab veriblər. İlk sual koronavirusla mövsümi qripə eyni vaxtda yoluxmanın mümkünlüyü ilə bağlıdır.

Həkimlərin cavabı belədir: - Qış mövsümü başladığından koronavirusla yanaşı bir də qripə yoluxmaların  əlavə olunması insanlarda qorxu və həyəcanı artırır. Bu isə təhlükəni daha da şiddətləndirir.

Koronavirusla eyni vaxtda mövsümi qripə yoluxma hadisəsi nadir hallarda qeydə alınsa da, mümkündür. Belə vəziyyətdə xəstəlik daha ağır şəkildə özünü göstərəcək.

İstər koronavirus, istərsə də mövsümi qrip, hər ikisində əməl edilməli 3 qızıl qayda var; maska, məsafə və gigiyena. Bu qaydalar koronavirusda keçərli olduğu qədər, adi saydığımız qripdə də keçərlidir. Və hər bir insan bu qaydalara ciddi riayət etməklə özünü yoluxmadan qoruya bilər.  

- Maska taxmaq insanı havadakı virus hissəciklərindən qoruyurmu? 

- Maska taxmış insanın havadakı virus hissəciklərinə yoluxma ehtimalı çox aşağıdır, nəinki maskasız insanın. Maska taxmaq həm koronavirusdan qoruyur, həm də digər yoluxucu xəstəliklərdən. 

- Koronavirusla mövsümü qripin hansı əlamətləri oxşardır? 

- Koronavirus da, qrip də, bəzən heç bir xüsusi əlamət olmadan baş verir. Hər ikisində qızdırma, öskürək, nəfəs darlığı, halsızlıq, boğaz ağrısı, burun axması və ya burun tutulması, əzələ ağrıları, baş ağrıları oxşar əlamətlərdir. 

- Hansı halda koronavirusdan şübhələnməyə əsas var? 

- Qripdən fərqli olaraq koronavirusa yoluxma zamanı sadalanan bu əlamətlərə ishal, qusma, mədə bulanması, qoxu və dadbilmənin itməsi, fikir və hafizə dağınıqlığı da əlavə olunur. Bu əlamətlər, həmçinin, köks ağrısı – sinədə ağrılar başlayıbsa, baş gicəllənmə, güclü baş ağrısı varsa, bunlar koronavirusun ilkin əlamətləri ola bilər. Dərhal tibb müəssisəsinə müraciət edin, yaxud təcili yardıma çağırış edilməli və koronavirus testindən keçmək lazımdır. Mütləq həkimə müraciət edilməlidir.  

- Bir maska taxmaq kifayətdirmi, yoxsa cüt maska taxmaq daha çox qoruyur? 

- Adi şəraitdə tək maska taxmaq yetərlidir. Cüt maska taxmaq əlavə çətinlik yaradır, maskaları tez-tez düzəltməli olursunuz və əlin üzlə təması artır ki, bu da təhlükəlidir. Cüt maskalardan kütləvi yerlərdə və xəstəxana şəraitində istifadə etmək olar. 

- Açıq havada maskasız gəzmək olarmı? 

- Əgər ətrafda insanlar yoxdursa, təkbaşınasınızsa bəli, olar. Amma ətrafınızda insanlar varsa, maskanı çıxarmayın. 

- Tibbi maskalar daha çox qoruyur, yoxsa, parça maskalar? 

- Əlbəttə, tibbi maskalar. Əgər kiminsə tibbi maskalara qarşı allergiyası varsa, o zaman tibbi maskanın altından parça maska taxa bilər. İkinci qat virusdan, alt qat diskomfortdan qoruyacaq. 

- Maskalı olmaq bütün hallarda virusdan qorunmaqdır? 

- Maska taxmısınızsa belə, yenə də öskürən insanla aranıza məsafə qoymalısınız. Çünki hətta maskalı olduğunuz halda, əgər koronaviruslu birisi yaxınlıqda öskürərsə, virusa yoluxa bilərsiniz.   

- Maskalara dezinfeksiyaedici maddələrin vurulması yaxşı haldımı? 

- Buna gərək yoxdur. Hətta ziyanlıdır. Dezinfeksiyaedici maddələr maskanın  toxunuşunu pozur, keyfiyyətinə zərər verir və onun qoruyuculuq xüsusiyyətini xeyli azaldır. 

- Ev şəraitində immuniteti yüksəltmək mümkündürmü?  

- Ev şəraitində qalmaq virusa yoluxma riskini aşağı salır. Zəruri ehtiyac yoxdursa, evdən çıxmayın. Təmiz hava, qaçış, fiziki hərəkətsizliyi düşünürsünüzsə, bunları ev şəraitində də etmək mümkündür. Bəzi idman hərəkətləri etmək olar, davamlı oturaq həyat tərzi ziyandır. Təmiz hava və qaçış üçünsə, insanların küçədə daha az olduğu saatları seçin. 
  
- Küçəyə çıxmaq yasağı koronavirusa yoluxma sayını azaldırmı? 

- Restoranların, kafelərin və insanların çox toplaşdığı başqa məkanların qapalı olması yoluxmanı azaldır. Lakin küçəyə çıxmaq yasağı o qədər də təsirli deyil, çünki insanlar başqa günlərdə və günün müxtəlif saatlarında onsuz da küçələrdə, parklarda rahatca dolaşırlar. 

- Ailədə birinin koronavirus testi pozitiv, digərininki neqativ çıxa bilərmi?  

- Belə hallar olur. Hər bir insanın orqanizmi, eyni ailənin üzvləri olsalar da, fərqlidir. İmmunsistemlər fərqli ola bilir. Bəlkə ailənin hansısa üzvü qaydalara daha çox riayət edib və virusa yoluxmayıb. 

- Evdə koronavirus xəstəsi varsa... 

- O şəxs ayrıca otaqda yerləşdirilməli, otağın havası tez-tez dəyişdirilməli, istifadə etdiyi əşyalar ayrıca saxlanmalı, yataq dəstləri 60 dərəcə temperaturda yuyulmalıdır. Onunla təmaslar minimuma enməli, otağa keçərkən mütləq tibbi maska taxılmalıdır. 

- Koronavirus dərmanları qrip əleyhinə də istifadə edilə bilərmi? 

- Antiviral dərmanlar qrip üçün də təsirlidir. Lakin mütləq həkim təyinatını gözləyin. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu