Akademik detalları şərh edir: “Türkiyə də Qarabağda olacaq” – MÜZAKİRƏ 

“Putin də deyib ki, rəsmi Ankara ilə ortağıq.  Qarşıdakı beş il gələcəyin “yol xəritəsi” olacaq”

“Ermənistanı idarə edənlər gərək işğalçı siyasətdən uzaqlaşaraq qonşuluq siyasəti yeritsinlər”

“BMT, Avropa İttifaqı, Rusiya, həmçinin baş verən hadisələr Qarabağın Azərbaycan olduğunu və həmişə Azərbaycanın olacağını bir daha təsdiqlədi”

“Makron azadlıqdan və demokratiyadan danışırsa, əvvəlcə, Fransa daxilindəki çəkişmələri qaydasına salsın”


Sentyabrın 27-də müharibə başlayanda, əlbəttə, hər birimiz ordumuza inanırdıq. Əmin idik ki, qələbə bizimlə olacaq və beləliklə, tarixi “revanş”ımızı alacağıq. Amma bu qədərini çoxları,  bəlkə də, gözləmirdi. Yuuxularımıza da girməyənlər artıq reallığa çevrildi. Daha Şuşanın, Ağdamın, Laçının, Zəngilanın...ayrı-ayrı vaxtlarda - uzun illər əvvəllərə aid fotolarına yox, hərbçilərimizin o yerlərdən çəkib göndərdikləri şəkillərə, videolara baxırıq. İndi Şuşanın Bakıdan, Ağdamın Qazaxdan, Laçının Gəncədən, Kəlbəcərin Sumqayıtdan...heç bir fərqi yoxdur. Bircə qalıb ərazilərin minadan təmizlənməsi. Bu da olandan sonra böyük bir maşın karvanı azad olunmuş torpaqlarımız istiqamətində yola düşəcək...

 Azərbaycan elə böyük bir tarixi qələbə qazandı ki, əks-sədası dünyanın dörd bir yanından gəlməkdədir.  Ona görə də “Sherg.az” olaraq analitiklərlə müzakirələrimizi davam etdiririk. Bu dəfəki həmsöhbətimiz Türkiyəli akademik, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əzizdir.

-Geridə qoyduğumuz 44 günlük müharibəni necə qiymətləndirirsiniz?

-Zəfər Allahındır! İman gücü, Azərbaycanın mərd oğulları, qəhrəman əsgərləri şəhidlik zirvəsinə ucalaraq torpaqlarınızı əbədi geri qaytardılar. Bu qələbə ölkə mənfəətinin və milli mənafeyin qorunması hesabına dövlət rəhbərliyi, siyasi, iqtisadi koordinasiya nəticəsində qazanıldı.

- Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla bağlı rəyiniz maraqlıdır...

- Həmin sənəd bir daha göstərdi ki, müharibənin sona çatması Azərbaycanın diktə etdiyi şərtlərlə mümküm imiş. Bu, beynəlxalq ictimaiyyətə sübut edildi və hətta Rusiya prezidenti şəxsən bəyanata qol çəkdi.

- Sizcə, hərbi əməliyyatlar yenidən başlaya bilər?

- Dəqiq demək çətindir. 44 günlük müharibə dövrü tibb dili ilə desək, həm müayinə, həm müalicədir. Ancaq region son yüz ildə dörd dəfə böyük mübarizə aparıb: 1915-ci ildə istiqlal savaşı, 1944-cü ildə İkinci Dünya müharibəsi, 1989-1993-cü illərdə Birinci Qarabağ müharibəsi və 2020-ci il senytabrın 29-dan noyabrn 10-dək İkinci Qarabağ savaşı. Bir akademik olaraq insanlığın müharibə istəmədiyindən əminəm.

-Rəsmi Moskvanın açıqlamaları bir çox hallarda paradoksaldır. Sizcə, Putinin məqsədi nədir?

Bizim dediklərimiz, etdiklərimiz Kreml sahibinin açıqlamalarından daha vacibdir. Əlbəttə, vəziyyəti təhlil etməkdən ötrü BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun ötən müddətdəki fəaliyyəti və Azərbaycan tərəfinin bəyanata heç bir qeyd-şərtsiz saldığı şərtlər də nəzərə alınmalıdır.

-Ermənistanın baş naziri Nikol Paşinyanın devrilməsi müzakirə mövzusudur. Bunun hadisələrə təsiri nədən ibarət olacaq?

 -Ermənistanda hakimiyyətin dəyişməsinin yerli xalq üçün hansısa fərq və ya fayda ilə nəticələnəcəyini düşünmürəm. Ölkələrin tərəqqisi üçün dövlət tərbiyəsi, hüququn aliliyi və fərdi azadlıq lazımdır. Həmçinin Ermənistanı idarə edənlər gərək işğalçı siyasətdən uzaqlaşaraq qonşuluq siyasəti yeritsinlər. Aclıq və səfalətdən əziyyət çəkən ölkənin 100 min vətəndaşı bu gün Türkiyədə çörəkpulu qazanaraq vətənlərinə geri qayıdır. Beynəlxalq ictimaiyyət isə bunu çox yaxşı bilir və görür.

-Bildiyiniz kimi, Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyini tanımağa dair sənəd qəbul edib. Bu barədə nə deyə bilərsiniz?

-Bunun heç bir əhəmiyyətinin olmadığını hər kəs bilməlidir. BMT, Avropa İttifaqı, Rusiya, həmçinin baş verən hadisələr Qarabağın Azərbaycan olduğunu və həmişə Azərbaycanın olacağını bir daha təsdiqlədi. Makron azadlıqdan və demokratiyadan danışırsa, əvvəlcə, Fransa daxilindəki çəkişmələri qaydasına salsın.

-Bu məsələyə dair hər zamankı kimi yenə ilk dəstək Türkiyədən gəldi. Xarici işlər naziri Mövlüd Çavuşoğlu dərhal Fransaya etiraz etdi. Azərbaycan və Türkiyə bundan sonra hansı addımları atmalıdır?

-Dünya, o cümlədən də Rusiya gördü ki, Türkiyə dünən olduğu kimi, bu gün də qardaşının yanındadır. Bildiyiniz kimi, yaradılacaq müşahidə məntəqəsində Türkiyənin də təmsil olunacağı artıq təsdiqlənib. Dünyanın 13 ölkəsindəki Türkiyə sülhməramlıları Qarabağda təhlükəsizliyi, hüzuru, əmin-amanlığı təmin edəcək.

-Bəs ABŞ-da Bayden hakimiyyətə gələndən sonra regionda nələr dəyişəcək?-

-Bu ölkəni həm nəzəri, həm də praktik araşdırmışam. Hakimiyyətə kim gəlir gəlsin, xarici siyasətlərində olduğu kimi, daxildə də suverenliyi indiyədək sarsılmayıbsa, bundan sonra da belə qalacaq. ÜST-ün də dediyi kimi, koronavirusun vaksini tapılıb və dünya 2021-ci ildə bir müddət ümidli olacaq. Amma dünya dəyişəcək. Texnologiya və rəqəmsal dünyanın “tort”undan nə qədər çox “dilim” qopara biləcəyimiz çox vacibdir.

-Dağlıq Qarabağda yerləşdirilən sülhməramlılar məsələsi xeyli müzakirə edilir. Rusiya “Bağdadda kor xəlifəyəm”, Türkiyə isə “mənsiz olmaz” deyir. Bəs, sizcə, nəticə necə olacaq?

-Deyilənlərin heç biri dəqiq və konkret deyil. Yəni belə məsələləri müzakirə etməkdənsə, bunun bir dövlətin milli təhlükəsizlik strategiyası olduğunu xatırlamalıyıq. Hər halda Rusiya prezidenti deyib ki, Türkiyə ilə ortağıq və Türkiyə Qarabağda olacaq. Qarşıdakı beş il gələcəyin “yol xəritəsi” olacaq.

- Gələcək həftələrdə baş verənlərlə bağlı təxminləriniz nələrdir?

- Azərbaycan müsəlman ölkəsidir. Azərbaycan yeraltı, yürüstü sərvətlərə malik olmaqla yanaşı, həm də böyük İpəkyolu dəhlizində Qafqazın və Turan mədəniyyətinin onurğa sütunudur. “Tək millət, iki dövlət” fikri sadəcə iki dövlətlə məhdudlaşmamalı, Pakistan, Qətər kimi qardaş ölkələri də ehtiva etməlidir. Unutmayaraq, torpaq uğrunda ölən varsa, vətəndir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu