Vətəndaşlara aid bütün bilgilər elektronlaşdırılır


Gələcəkdə kağız daşıyıcı formasında sənəd qalmayacaq

Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov qərarı "Şərq"ə şərh edərkən deyib ki, şəxsiyyəti təsdiq edən sənədlərin elektronlaşması prosesi artıq çoxdan başlayıb. Ekspert bildirib ki, doğum və ölüm haqqında elektron şəhadətnamələrin formalarının təsdiqlənməsi müsbət addımdır:

"Bizim şəxsiyyət vəsiqələrimizi artıq kiçik plastik kart kimi verirlər. Orada bir sıra məlumatlar var. Amma onun içərisində çip var ki, onlarda daha geniş məlumatlar yerləşdirmək mümkündür.

Gələcəkdə nikahla bağlı, ümumiyyətlə, yəni bu tipli vətəndaşlıq qeydiyyatı olan sənədlərin hamısının elektronlaşdırılması nəzərdə tutulur. Onların hansı formada olacağı isə yəqin ki, müvafiq qərarlarla müəyyənləşəcək.

Hazırda bir çox sənədlər var ki, onlar bizə elektron qaydada təqdim olunur. Məsələn, icbari sığorta sənədləri, avtomobilin texniki baxışı, daşınmaz əmlakla bağlı reyestrdən çıxarış və sair.

Yəni tədricən bunların hamısı elektron sistem üzərinə keçəcək. Bu həm onların müdafiəsini artırır, həm də həddən artıq lüzumsuz sənədlərin aradan qalxmasına gətirib çıxarır.

Mümkündür ki, gələcəkdə ümumiyyətlə, kağız daşıyıcı formasında çox da sənəd qalmasın. Bütün məlumatlar hansısa bir elektron çipdə, yaxud da elektron kartda toplansın.

Məsələn, həm şəxsiyyət və sürücülük vəsiqələri, bank kartları və digər məlumatlar hamısı bir sənəddə toplansın. Dünyada artıq bunun təsdiq olunduğu ölkələr var. Biz də isə bu iş bir qədər ləngiyib".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu