"Kreml ən böyük günahı özündə axtarmalıdır"

Çünki vəziyyətin müharibə həddinə gəlib çatmasında Moskvanın da “rolu” danılmazdır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin bir sıra məqamlara diqqət çəkib. Kreml rəhbəri qeyd edib ki, hər kəs Rusiyanın Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün fəal vasitəçilik səyləri göstərdiyini yaxşı bilir.

Onun sözlərinə görə, hazırda Rusiya, Ermənistan və Azərbaycanın noyabrın 9-u imzaladığı üçtərəfli bəyanat ardıcıl şəkildə reallaşdırılır. Rusiya prezidenti deyib ki, Rusiya Qarabağla bağlı humanitar səylərə KTMT və MDB-dən tərəfdaşların qoşulmasında maraqlıdır: “Belarus, Qırğızıstan və Dağlıq Qarabağdakı hadisələr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məkanındakı vəziyyəti çətinləşdirdi”.



Putinin açıqlaması ilə bağlı “Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, Kreml rəhbəri regionda, daha doğrusu, Rusiya ətrafında yaşanan narahatedici məqamlara diqqət yönəldib. Ekspertin sözlərinə görə, Putinin ifadələri göstərir ki, Moskva hələ də Belarusu, Qırğızıstanı, o cümlədən Ermənistanı və digər postsovet ölkələri özünün əhatə dairəsi kimi görür. Hesab edir ki, Rusiya KTMT-nin, MDB-nin nüvəsi, region ölkələrinin aparıcı gücüdür:

“Moskvaya görə, MDB dövlətləri daim Rusiya orbitinin ətrafında fırlanmalıdır. Məhz bu səbəbdən Kreml rəhbəri bölgədə, xüsusən Qarabağda baş verənləri narahatlıq kimi qələmə verir. Ancaq bu cür yanaşma yanlışdır. Azərbaycan müstəqil, suveren ölkədir. Heç kimin əhatə dairəsində deyilik. Qarabağ isə beynəlxalq hüquqa görə Azərbaycanın tanınmış ərazisidir.

Dağlıq Qarabağ barəsində söhbət gedərkən qətiyyən Ermənistan nəzərdə tutulmamalıdır. Kreml rəhbəri Ermənistan deyərkən bir növ Qarabağda gedən proseslərə işarə edir. Rusiya hələ də imperiya siyasətindən vaz keçə bilmir”. 

N.Mirinin qənaətincə, Putin öz ifadələri ilə sadəcə postsovet ölkələrinə deyil, həm də dünya güclərinə mesaj verir ki, heç bir güc mərkəzi Rusiyanın “arxa bağçası” hesab etdiyi ərazilərə müdaxilə etməsin:

“Qardaş Türkiyəni regiona gətirən, burada olmasını zəruri edən mühüm amillərdən biri budur. Türkiyə hərbi cəhətdən Azərbaycanda mövcud olduğuna görə, Rusiya proseslərə istədiyi səviyyədə qoşula bilmədi, xeyli müddət kənarda qaldı.

Reallıq isə odur ki, Rusiya 30 il ərzində münaqişənin danışıqlar yolu ilə həllinə yardımçı olmadı, əgər olsaydı, 7 rayon Azərbaycana verilsəydi, 44 günlük müharibəyə də ehtiyac qalmazdı. İndiki proseslərlə bağlı region və dünya ölkələrinə müəyyən mesajlar verən Kreml rəhbərliyi ən böyük günahı özündə axtarmalıdır. Çünki vəziyyətin müharibə həddinə gəlib çatmasında Moskvanın da “rolu” danılmazdır.

Həmsədr Rusiya hər zaman münaqişənin dondurulmasında maraqlı olub və ciddi addım atmayıb. Səbəbi odur ki, Kreml dondurulmuş münaqişələr vasitəsi ilə region ölkələrinə təzyiq imkanını əlində saxlayırdı”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu