Müxalifət yeni namizədini açıqladı

Ancaq Paşinyanın istefa verəcəyi real görünmür

Digər tərəfdən ötən gün KTMT ölkələrinin sammitində Paşinyana Putin tərəfindən dəstək ifadə olundu, erməni baş nazirin mövqeyi dəstəkləndi

Ermənistanda müxalifətin etiraz mitinqləri güclənir. Nümayişçilər baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Xalq məğlubiyyət rəmzinə çevrilmiş Paşinyana qarşı nifrətini gizlətmir və bunu açıq şəkildə nümayiş etdirir. Yerevan küçələrində etiraz aksiyaları ilə yanaşı, Paşinyanı aşağılayan plakat və şəkillər də divarlara yapışdırılır. Artıq baş nazirin yerinə namizədlərin adları da açıqlanır. “Vətən” Partiyasının idarə heyətinin üzvü Robert Arutunyan bildirib ki, Paşinyanın yerinə müxalifətdən vahid namizəd, ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan ola bilər.

Onun sözlərinə görə, Manukyan Ermənistanın keçid hökumətinin baş naziri vəzifəsinə vahid namizəd kimi uğurlu fiqurdur. Ermənistanda 16 siyasi partiya vahid namizəd olaraq V.Manukyanı dəstəkləyir. Manukyan 1992-1993-cü illərdə Ermənistanda baş nazir postunu tutub. 1996-cı ildə isə Levon Ter-Petrosyanın əsas rəqibi olub.

Hazırda Milli Demokrat İttifaqının sədridir. Dağlıq Qarabağda müharibənin başlanmasından 1 ay sonra, hökuməti istefaya getməyə və hakimiyyəti orduya verməyə çağırıb. Daşnaksütyun Partiyasının funksioneri Artsvik Minasyan isə yaxın günlərdə böyük mitinq keçirəcəklərini və öz namizədlərini elan edəcəklərini deyib.

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti də iddia edib ki, baş nazir Nikol Paşinyan vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırıla bilər. Qəzetin yazdığına görə, Paşinyana öz komandasında belə etibar edilmir.

Buna görə Nikol Paşinyan hərbi vəziyyəti ləğv etməkdən imtina edir: “Komandanın ona sadiq olduğuna əmin olsaydı, hərbi vəziyyət rejimini çoxdan qaldırardı”.

Nəşr Nikol Paşinyanın parlamentdə çoxluqda olan hakim “Mənim Addımım” fraksiyası üzvlərinin ona “impiçment sürprizi” hazırlaya biləcəyini də istisna etməyib: “Bizə bütün hərbi vəziyyət məhdudiyyətlərinin addım-addım qaldırılacağı bildirildi. İclasların keçirilməsinə qoyulan qadağa, mediaya qoyulan məhdudiyyətlər artıq qüvvədə deyil. Görünən budur ki, növbəti addım ölkədən getmək ehtimalını bərpa etmək olacaq”.

Ermənistandakı artan gərginliyi “Şərq”ə analiz edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Paşinyanı devirməyə çalışacaqlar. Amma baş naziri indiki məqamda devirmək heç də asan deyil:

“Məsələ ondadır ki, Paşinyanı devirmək istəyənlər revanşistlərdir. Onların böyük əksəriyyəti ya Qarabağ əsillidir, ya da Qarabağla bağlı fəaliyyətləri var. Digər tərəfdən ötən gün KTMT ölkələrinin sammitində Paşinyana Putin tərəfindən dəstək ifadə olundu, erməni baş nazirin mövqeyi dəstəkləndi. Kreml rəhbəri ona öz təşəkkürünü bildirdi. Hətta Paşinyanı Belarusa “nümunə” göstərdi. Görünən odur ki, Qərbin əli ilə hakimiyyətə gələn və tam şəkildə onların layihəsini icra edən Paşinyan 10 noyabrdan sonra başqa bir derjavaya – Rusiyaya qulluq edir.

Ermənistanın 17 müxalif partiyasının Paşinyanın istefasını tələb etməsi və Vazgen Manukyanı namizəd göstərməsinin özü qarışıq məsələdir. Manukyanın Ermənistan hökumətinə başçılıq etdiyi dönəmdə, yəni 1992-93-cü illərdə Azərbaycan torpaqları işğal olunub. O, baş nazir olmaqla yanaşı, müdafiə nazirinin səlahiyyətlərini də icra edib.

Rusiyaya bağlı Serj Sarkisyanın ictimai şurasının üzvü olub. Qarabağla bağlı adamların bu və ya başqa formada yenidən hakimiyyətə gəlməsi birbaşa Moskvanın dəstəyi ilə mümkündür. Bu da o zaman baş verər ki, Moskva Paşinyana konkret narazılığını ifadə etsin”.

Ə.Əlibəylinin fikrincə, Ermənistanda baş nazirə dəstək çıxanlar var. Məsələn, İcevanda Paşinyanın lehinə mitinqlər keçirilir:

“Böyük şəhərlərin insanları, ümumən əhalinin təxminən 30 faizi hələ də Paşinyanı dəstəkləyir. Paşinyan və komandası tamamilə fərqli arqument irəli sürürlər ki, müharibə qarabağlı ermənilərin xəyanəti nəticəsində uduzulub.

Baş nazir və komandasına Qərbdən maliyyə dəstəyi davam edir. Ən əsası isə erməni lobbisi Paşinyana demək olar ki, etirazını bildirmir. Bunların hamısı ciddi nüanslardır. İndiki halda baş nazirin özünün istefa verəcəyi də real görünmür. Onun mövqeləri çox zəifləməyib.
Paşinyanın manipulyasiya imkanları kifayət qədər çoxdur. O artıq Kreml tərəfindən qəbul edilir”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu