Özümüzü qalib dövlət və xalq kimi təsdiqlədik

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması xalqımızın şanlı tarixinin əbədiləşdirilməsi deməkdir

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. Mədəniyyət Nazirliyinə tapşırılıb ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.

Nazirlər Kabineti isə üç ay müddətində kompleks və muzeyin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Prezidentə təqdim etməlidir. İctimaiyyət nümayəndələrinin fikrincə, dövlət başçısının qərarı Vətən müharibəsinin tarixi önəminə diqqət çəkməklə yanaşı, eyni zamanda torpaq uğrunda canından keçmiş şəhidlərimizin adının əbədiləşdirilməsi, xatirələrinin daim yad edilməsi istiqamətində növbəti gözəl təşəbbüsdür. 

Prezidentin Sərəncamı ilə bağlı “Şərq”ə danışan millət vəkili Cavid Osmanov bunun çox vacib və mühüm qərar olduğunu deyib. Deputatın sözlərinə görə, ölkə başçısının rəhbərliyi, dövlətimiz hər zaman şəhid ailələrinə, Qarabağ əlillərinə, qazilərimizə xüsusi diqqət göstərib:

“Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması xalqımızın şanlı tarixinin əbədiləşdirilməsi deməkdir. Burada böyük simvolik və mənəvi məqamlar var. Kompleks və muzey gələcək nəsillərə Azərbaycan xalqının igidliyinin, birliyinin və möhtəşəm Qələbəsinin aşılanmasında mühüm rol oynayacaq.

Xatırladım ki, hələ 44 günlük müharibə dövrünədək şəhid ailələrinin, qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, nəqliyyat vasitələri ilə təmin edilməsi, birdəfəlik yardımların verilməsi, aylıq müavinətlərin ödənməsi istiqamətində çoxsaylı addımlar atılıb.

Birinci Qarabağ savaşının iştirakçılarının adlarının əbədiləşdirilməsi daim həyata keçirilib. Məktəblərə, küçələrə şəhid adları verilib, ev muzeyləri yaradılıb, xiyabanlar salınıb, xatirələri daim yad olunub.

44 günlük Vətən müharibəsi isə sadəcə torpaqlarımızın işğaldan azad edilməsi deyil, eyni zamanda xalqımızın qürurunun, milli mənliyimizin, birliyimizin qayıdışı demək idi”.

Parlament üzvü vurğulayıb ki, son əsrlərə qədər Azərbaycan torpaqları həmişə işğala məruz qalıb. Zaman keçdikcə doğma torpaqlarımız tamamilə yadlaşıb və digər ölkələrin ərazisinə qatılıb:

“Lakin müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Ordumuzun şücaəti, qəhrəmanlığı nəticəsində Azərbaycan nəhayət ki, 2020-ci ildə 30 ilə yaxın işğalda saxlanmış torpaqlarını azad etdi.

Özümüzü qalib dövlət və xalq kimi təsdiqlədik. Vətən müharibəsi xalqımızın qəhrəmanlıq, qorxmazlıq hekayəsidir. Bu hekayənin qəhrəmanları üçün hansısa addımın atılması, tədbirin görülməsi təqdirəlayiq haldır.

Qazilərimiz və şəhidlərimiz üçün yeni orden və medalların təsis edilməsi də bu diqqət və qayğının tərkib hissəsidir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu