44 günlük savaşda muzdlu erməni terrorçuları olub

"Ölü, yaxud diri ələ keçirilmiş terrorçuların fəaliyyətini sübut edən faktların toplanması və erməni terrorizminin ifşa olunması çox vacibdir"

Müxtəlif xarici ölkələrin vətəndaşlarının Qarabağda qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb olunması ilə bağlı çoxsaylı faktlar üzə çıxıb. Son günlər həmin faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla Livan vətəndaşı Viken Eulcekciyanın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranıb. Artıq adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. 44 günlük müharibə gedən dövrdə, ümumiyyətlə, 30 ilə yaxın müddətdə Qarabağda muzdlu döyüşçülərin, terrorçu qruplaşmaların olması daim gündəmdə olub. Görünür, indi əlimizdə daha ciddi faktlar, həmçinin əsir düşən, döyüşlərdə qətlə yetirilən muzdlu döyüşçülər də var. 

Məsələni “Şərq”ə dəyərləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib ki, Ermənistan adlanan dövlət illər boyu Azərbaycana qarşı hərbi, ekoloji və mənəvi terror törədib.

Ekspert deyib ki, işğaldan azad edilən ərazilərimizin durumu göz önündədir. Salamat yaşayış məntəqəsi, kənd, şəhər yoxdur, hamısı tamamilə dağıdılıb, xarabaya çevrilib.

Ermənistanın terrorçu dövlət olmasını sübut etmək üçün çox da əziyyət çəkməyə ehtiyac yoxdur. Erməni terrorizmi anlayışı bir əsrdən çoxdur dünyanın dilindədir. İndi Ermənistanı dəstəkləyən Fransanın özünün vaxtilə erməni terrorizmindən ziyan gördüyü məlumdur.

Erməni terrorist Monte Melkonyanın timsalında bir çox terrorçuların cinayətləri hələ də unudulmayıb.

44 günlük müharibədə ələ keçirilən erməni mənşəli terrorçuların mövcudluğu da bizi təəccübləndirmir. Ermənistan öz mahiyyətinə uyğun olaraq qanunsuz fəaliyyətini davam etdirir. Ölü, yaxud diri ələ keçirilmiş terrorçuların fəaliyyətini sübut edən faktların toplanması və erməni terrorizminin ifşa olunması çox vacibdir”.

Analitik vurğulayıb ki, dünyada ikili standartlar hökm sürsə də, əlimizdəki faktlardan maksimum istifadə edərək Ermənistanı beynəlxalq məhkəmələrə verməliyik:

“Ermənistana təzminat davası açmalıyıq. Ərazilərmizdə törətdikləri cinayətlərə görə cəzalandırılmalı, təzminat əvəzinə onlardan torpaq istəməliyik. Məsələn, Zəngəzur bölgəsi təzminat qismində tələb edilməlidir.

Əldə olunan hüquqi nəticələr son nəticədə əlimizdə Ermənistana təzyiq mexanizmi kimi fakt yaradır. Gec-tez tarixi şərait yetişəndə əməl edilməsi məcburi hal alır. BMT-nin 4 qətnaməsi 30 ilə yaxın müddətdə icra olunmasa da, 44 günlük müharibədə bizim üçün hüquqi baza rolunu oynadı”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu