Qazi Qarabağ fatehlərindən DANIŞDI: “Bilək həmin biləkdi !” 

“Əsgərlərimiz gözünü, qolunu, ayağını itirir, yenə də "Vətən sağ olsun" deyirlər”

“Silahdan istifadə etməyə bilək yoxdursa, o adi dəmir parçasıdır”

“Şuşada bizə top, tüfəng, qırıcı da lazım olmadı. Güclü bilək, igid əsgər gərək idi, onlar da bizdə var”


Müharibə bitdi, Qarabağ işğaldan azad edildi. İllər hətta aylar əvvəl bu, bir yuxu kimi görünürdü. İndi isə gerçəkdir, torpaqlarımız hürdür.
Şübhəsiz ki, bunlar 44 günlük müharibə müddətində qəhrəmancasına vuruşan oğullarımızın sayəsində baş tutdu. Şücaətləri ilə dünyaya səs salan igidlərimiz yeni tarixin qalib sərkərdələri oldu. Bu yolda canlarını, qanlarını fəda etdilər. Bir də kaş biz də şəhadətə qovuşardıq deyən qazilərimiz var. Axı onlar da təsadüfən sağ qalan şəhidlərdir. Qazilərimizin məğrurluğu isə göz doldurur. Kimisinin gözü zədələnib, kimisinin ayağı, kimisinin də qolu yoxdur. Xülasə, canlarının bir parçasını torpağa pay verib, onu Vətənə çeviriblər. Buna rəğmən üzlərindən gülüş əskik olmur. Hamısı bir söz deyir: Vətən sağ olsun! 

Ehtiyatda olan gizir Natiq Mehdiyev də torpaq uğrunda  canla-başla vuruşan qazilərimizdən biridir. “Sherg.az”la söhbətləşən hərbçi  İkinci Qarabağ müharibəsində qazi olan igidlərimiz haqqında bunları söyləyib:

“Bəzi ölkələr deyir, güclü silahımız, hərbi texnikamız var. Real yanaşsaq, doğru deyirlər. Böyük dövlətlər var ki, onların hərbi qüdrəti və silah-sursatı daha böyükdür. Düzdür, Azərbaycan da inkişaf etmiş ölkələrdəndir.

Lakin ölkəmizin əsl gücü əsgərlərimizdir. Məsələn  bir canlının ətindən-ət qopanda ağrısına dözə bilmir. Lakin əsgərlərimizin biri gözünü, biri qolunu, digəri ayağını itirir, yenə də "Vətən sağ olsun" deyirlər.

Qalan canlarını da torpaq uğrunda fəda etməyə hazırdırlar.  Dediyim kimi, böyük dövlətlərin hərbi texnikaları daha güclü ola bilər. Lakin silahdan istifadə etməyə bilək yoxdursa, o adi dəmir parçasıdır.

Müharibədə əsgərlərimiz düşmənin milyon dollara aldıqları texnikaları məhv etdilər. O dəmir parçasına çevrildi. Dəmir yığanları çağırıb, satdılar. Silahı işlətməyə, atmağa bilək yoxdursa, almağın nə mənası var?Ancaq bizim əsgərlər adi tapança, bıçaqla Şuşanı işğaldan azad etdilər. Onları bizim tərifləməyimizə ehtiyac yoxdur.

Deməsinlər, özləri-özlərini tərif edirlər. Bu gün xarici media da ordumuzdan, igidlərimizdən, onların şücaətindən yazır.  Düşmənlərimiz Şuşaya yığılmışdı. Elə bilirdilər ki, Şuşanı almağa gücümüz çatmayacaq.

Ancaq bir gecədə geri qaytardıq. Bunun üçün bizə top, tüfəng, qırıcı da lazım olmadı. Yalnız güclü bilək, igid əsgər gərək idi, onlar da bizdə var. Son olaraq deyim ki, əsgərlərimizlə, Ali Baş Komandanla, millətimizlə fəxr edirik. Xalqımızın hər bir nümayəndəsi ilə qürur duyuruq”.

Sonda N.Mehdiyev biz media mənsublarını da unutmayaraq bu xoş sözləri dilə gətirdi:

“Allah sizi də var eləsin. Çünki siz media işçiləri  biz qazilər, şəhid ailələri haqqında yazıb, işıqlandırıb, gənclərimizə, həmvətənlərimizə tanıtdırırsınız”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəbova Yazarın yazıları
menu
menu