Azərbaycan gözəl nümunə ortaya qoyub

İmkanlı dövlətlər kasıb ölkələrə yardım etməklə qlobal bəlanın dəf edilməsinə çalışmalıdır

Prezident sadəcə təşəbbüskar ölkə lideri kimi çıxış etmir, həm də konkret təkliflər irəli sürür. Dövlət başçısının qaldırdığı məsələlər bütün ölkələri narahat edir


Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. İclasda Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyev də iştirak edib və mühüm məqamları özündə əks etdirən nitq söyləyib. Azərbaycanın mart ayından bu yana koronavirusla mübarizədə gördüyü işləri xatırladan dövlət başçısı pandemiyanın ikinci dalğasının başlandığını qeyd edib.

Ölkə rəhbəri bəyan edib ki, dünyada ciddi fəsadlara, itkilərə səbəb olan koronavirus pandemiyasına qarşı mübarizədə bütün ölkələr öz səylərini birləşdirməlidir: “ÜST-nin əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq.

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcək”.

Prezident deyib ki, beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılmasına nail ola bilər. Dövlət başçısı vurğulayıb ki, yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlanmalıdır.  

Xatırladaq ki, BMT-də koronavirusa qarşı xüsusi sessiyasının keçirilməsi Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutub. Sessiyada dövlət və hökumət başçıları səviyyəsində  müzakirələr keçiriləcək.   

Bununla da Azərbaycan İkinci Dünya müharibəsindən sonra ən böyük qlobal təhdidlərdən hesab olunan COVİD-19 pandemiyasına qarşı mübarizənin koordinasiyasında qlobal liderliyi öz üzərinə götürən ölkələrdən olub.

Bu, bir daha nümayiş etdirir ki, ərazisi və əhalisi çox böyük olmayan ölkə qlobal səviyyədə necə nəhəng işlər görə bilər. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının aprel və may aylarında dövlət və hökumət başçıları səviyyəsində onlayn zirvə toplantıları da keçirilib. 



Azərbaycanın növbəti mühüm təşəbbüsü ilə bağlı “Şərq”ə danışan millət vəkili Aydın Mirzəzadə deyib ki, Prezident İlham Əliyevin təklifi ilə BMT Baş Assambleyasının xüsusi iclasının çağırılması Azərbaycanın aktual məsələlərə dair diqqət çəkən bir mövqeyə sahib olduğunu göstərir. Parlament üzvünün sözlərinə görə, Azərbaycan rəhbərliyinin təklifləri ilə reallaşan qlobal tədbirlər dövlətimizin artan nüfuzu deməkdir:

“Dünyanın 200-dən artıq ölkəsi indiki zamanda belə bir sessiyanın keçirilməsini vacib hesab edib. Cənab Prezident sadəcə təşəbbüskar ölkə lideri kimi çıxış etmir, həm də konkret təkliflər irəli sürür. Dövlət başçısının qaldırdığı məsələlər bütün ölkələri narahat edir. Koronavirusla mübarizə ayrı-ayrı dövlətlərin deyil, dünyanın məsələsidir.

Hansısa bir ölkənin təkcə öz daxili təşəbbüsləri ilə xəstəliyə qalib gəlməsi qeyri-mümkündür. Bunun üçün mütləq bütün dövlətlər birgə mübarizə strategiyası hazırlamalıdırlar. Bu məsələdə varlı-kasıb ölkə söhbəti olmamalıdır. İmkanlı dövlətlər kasıb ölkələrə yardım etməklə qlobal bəlanın dəf edilməsinə çalışmalıdır. Bununla bağlı Azərbaycan gözəl nümunə ortaya qoyub. 30-a qədər dövlətə maddi dəstək göstərmişik”.

Deputat vurğulayıb ki, koronavirusa qarşı hazırlanan peyvəndin əlçatan olması da vacib məsələdir:

“Bu elə bir qiymətə olmalıdır ki, bütün dövlətlər istifadə edə bilsin. Pandemiyanın ikinci dalğası gəlir və proseslərin necə olacağını demək çətindir. Ona görə də əldə olunan təcrübə koronavirus təhlükəsinin birdəfəlik qarşısını almağa yönəldilməlidir. Prezidentimizin çıxışı problemin həllinə töhfədir.

Unutmayaq ki, gündəmə gətirilən təkliflər problemləri öz daxilində uğurla həll etməyi bacaran bir ölkənin mövqeyidir. Azərbaycan hər məsələdə dünyaya kifayət qədər örnək olub”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu