3 ay dözməliyik...

Pandemiyanın ən pik dövrünü yaşayırıq

65 yaşdan yuxarı insanları evə qapatmaq da  insafdan deyil

Bəlkə gündəlik nəyəsə ehtiyacları var, aprel-may aylarında evlərə gedən könüllülər yenə bu vəzifəni icra etməlidir

Yaşlı insanların qidasında liflə zəngin olan məhsullar üstünlük təşkil etməlidir. Lif bağırsağın fəaliyyətini stimullaşdırır, maddələr mübadiləsini sürətləndirir



Brifinq keçirən Operativ Qərargah üzvləri koronavirusa yoluxmada mövcud durumun kritikliyi nəzərə alınaraq yaşı 65-dən yuxarı olanlara zəruri ehtiyac yaranmadan evdən çıxmamağı tövsiyə etdilər. Koronavirus pandemiya elan edildikdə məhz yaşlı insanlar və xroniki xəstəlikləri olanların risk qrupuna daxil olduğu bildirildi. Azərbaycanda pandemiyanın ilk aylarında sərt karantin qaydaları tətbiq edilərək yaşı 65-dən yuxarı olanların küçəyə çıxması, ictimai yerlərə getməsi yasaqlandı.

Bu zaman yerli strukturlar və könüllülərin üzərinə böyük vəzifə düşdü, onlar yaşlı insanlara baş çəkərək ehtiyaclarını qarşılamağa çalışdılar. O zaman yoluxma sayı 2 rəqəmli idisə, bu gün 4 rəqəmlidir. Belə demək mümkünsə, hazırda biz pandemiyanın pik dövrünü yaşayırıq. Amma mənzərə nədən ibarətdir? Yaşlı insanlar küçələrdə sərbəst dolaşır, həyətdəki oturacaqlarda, “besetka”larda söhbətləşir, kişilər domino “keyfi” çıxarır. İctimai nəqliyyatda da yaşlı insanlara çox rast gəlinir. İşləməyən, faktiki təqaüd yaşında olan insanlar evdə otura bilmir, gün ərzində lazım oldu-olmadı gəzintiyə çıxırlar. Ölkə üzrə hələ ki, sərt karantin rejiminə keçilməyib. Amma məhz real təhlükəni nəzərə alaraq yaşlı insanlara küçəyə çıxmaq yasağı tətbiq etmək mümkündürmü?  

Psixoloq Azad İsazadə “Şərq”ə açıqlamasında qeyd etdi ki, sərt qadağalar bəyənilmir. Bu, insan psixologiyasını zədələyir. Xüsusən yaşlı insanların özlərini dustaq kimi hiss etmələri onların sağlıq durumuna ağır təsir edə bilər: 

“Qapalı yerdə uzun müddət qalmaq, bu, şəxsi mənzil olsa belə, ev dustaqlığının yüngül formasıdır. Kiminin mənzili genişdir, kimininki darısqal. Amma məsələ bunda da deyil. Uzun müddət ev şəraitində qalmaq və küçəyə çıxmağın yasaq olduğunu bilmək insanların psixikasına mənfi təsir edə bilər. Buna görə də sərt qadağalara o qədər də gedilmir. Amma təhlükə realdır, risk var. Yoluxma sayı da artır. Belə vəziyyətdə hər bir insan özü davranışlarını korrektə etməlidir. Məsələn, mən işdən kənar məsələləri minimuma endirmişəm. Yalnız ofisə gəlirəm, burada da tək oluram, onlayn fəaliyyətə üstünlük verirəm. Çalışıram, piyada hərəkət edim, ictimai nəqliyyatdan az istifadə edim. İşə piyada gəlib-gedirəm. Deyə bilərsiniz ki, hər kəsin belə imkanı yoxdur. Sizinlə razıyam. Ancaq istənilən halda hər kəs hansısa gəzintini, harasa getməyi, kimisə ziyarət etməyi gündəliyindən çıxara bilər. Hamımız bilirik ki, pandemiyadır, yoluxma sayı kəskin artıb.

Qadağalarla iş bitmir. Hər kəs özü üçün qərar qəbul etməlidir; mən nə etməliyəm, necə davranmalıyam ki, yoluxmanın artmasının qarşısını alım. Biz hamımız çalışmalıyıq ki, səhiyyənin, həkimlərin yükünü azaldaq. Çünki belə davam edərsə, səhiyyə sistemi bu ağırlığa dözməyəcək. Bizim tibb işçilərimizin artıq kifayət qədər təcrübəsi var, bu bir neçə ayda onlar təcrübə qazandılar və müalicə işini bilirlər. Biz sadəcə, onlara bu işdə kömək etməliyik. Özümüzü və ətrafımızı qorumaqla. Bu, təkcə yaşlı insanlara aid deyil, hamıya aiddir. Təmasları minimuma endirmək lazımdır. Qaldı ki, yaşlı insanlar niyə evdən çıxır, bunun müxtəlif səbəbləri ola bilər.

Bəlkə gündəlik nəyəsə ehtiyacları var, aprel-may aylarında evlərə gedən könüllülər yenə bu vəzifəni icra etməlidir. Yerli icra orqanları, bələdiyyələr evlərə getsinlər, yaşlı insanların ehtiyaclarını öyrənsinlər. Binaların həyətlərində oturacaqların olub-olmadığına nəzarət etsinlər. Maarifləndirici, təbliğat plakatları yapışdırsınlar. İndiki şəraitdə təbliğata və izaha böyük ehtiyac var. Bu işlər bir an belə dayanmamalıdır. Başa düşməliyik ki, 2-3 ay gərgin vəziyyətdə yaşamalıyıq. Hər kəs özünü buna hazırlamalı və anlayışla qarşılamalıdır”.             

Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi "AQTA maarifləndirir" rubrikası çərçivəsində bu dəfə COVID-19 infeksiyasının yüksək risk qrupuna daxil olan yaşlı insanların sağlam qidalanmasına dair maarifləndirici mövzu təqdim edib. 

Bildirilir ki, yaşlı insanlar və ahılların COVID-19 virusuna yoluxma riski yüksəkdir. İnfeksiya xüsusilə xroniki xəstəliyi olan ahıllar üçün daha təhlükəlidir. Koronavirus infeksiyasına yoluxma riskini azaltmaq üçün müvafiq qabaqlayıcı tədbirlərə riayət etməklə yanaşı, sağlam həyat tərzi də vacib şərtdir.
Yaşlandıqca maddələr mübadiləsinin gedişi dəyişir, orqanizmin qida maddələrinə olan ehtiyacı, tələbatı da fərqlənir. COVID-19, eləcə də digər yoluxucu xəstəliklərə qarşı orqanizmin müqavimətini artırmaq üçün yaşlı insanların və ahılların düzgün və balanslı qidalanması əsas şərtlərdən biridir.
A vitamini həzm, mədə-bağırsaq və tənəffüs sisteminin funksiyasına təsir edir. İmmun sisteminin güclənməsində olduqca faydalıdır. Şirin kartof, yerkökü, brokkoli, ispanaq, qırmızı bolqar bibəri, ərik, yumurta, süd və bir çox taxıllı qida məhsulları A vitamininin əsas mənbəyidir.

Vitamin B6, B12, mis, fol turşusu, selenlə zəngin qida məhsulları immun sisteminin gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, taxıl, yağsız ət, bəzi balıq və dəniz məhsulları B12 vitamini ilə olduqca zəngindir.

C vitamini isə anticisimlərin meydana gəlməsini stimullaşdıraraq immun sistemini tənzimləyir. C vitamini ilə zəngin portağal, qreypfrut və naringi kimi sitrus meyvələrin, qırmızı bolqar bibəri, çiyələk, pomidor və bəzi dənli bitkilərin gündəlik qida rasionuna əlavə edilməsi tövsiyə olunur.

Kalsium və D vitamini ilə zəngin qidalar sümüklərin sağlamlığını qorumaq üçün olduqca vacibdir. Bir çox dənli bitkilər, tünd yaşıl yarpaqlı tərəvəzlər, az yağlı və ya yağsız süd məhsulları kalsiumun zəngin mənbəyidir.

Qızıl balıq, pendir, yumurtanın tərkibində D vitamini yüksək miqdardadır.
E vitamini güclü antioksidantdır. Bu vitaminlə zənginləşdirilmiş dənli bitkiləri, bitki yağlarını, günəbaxan toxumunu, badam, fındıq və fıstığı gündəlik qida rasionuna daxil etməklə orqanizmi gücləndirmək olar.

Sink və kaliumun çatışmazlığı da orqanizmdə ciddi problemlərə yol açır. Sink yağsız ət, quş əti, dəniz məhsulları, süd, taxıl məhsulları, lobya və qoz-fındığın tərkibində, kaliuma isə az yağlı və ya yağsız süd, banan, şirin kartof, ispanaq və ağ lobya kimi məhsullarda rast gəlinir. Orqanizmi kifayət qədər kaliumla təmin etməklə, həmçinin duz istehlakını məhdudlaşdırmaqla yüksək təzyiq problemini də aradan qaldırmaq mümkündür.

Əksər xəstəliklər qeyri-düzgün qidalanma nəticəsində yaranır. Ürək-damar xəstəliklərinin, arterial təzyiqin, şəkərli diabetin profilaktikasında sağlam qidalanma olduqca vacibdir.

Bu baxımdan yaşlı insanların qidasında liflə zəngin olan məhsullar üstünlük təşkil etməlidir. Lif bağırsağın fəaliyyətini stimullaşdırır, maddələr mübadiləsini sürətləndirir. Həmçinin lifli qidalar insanı tox tutur.

Pəhriz lifləri ürək və II tip diabet xəstəliklərinin inkişafının qarşısını alır, qan şəkərin idarə olunmasında və xolesterolun səviyyəsinin azalmasında mühüm rol oynayır. 50 yaşdan yuxarı insanların qida liflərinə gündəlik tələbatı 30 qramdır. Liflə zəngin qidalar əsasən meyvə və tərəvəzlərdir.

Tam taxıllı çörəklər və dənli bitkilər (xüsusən, lobya və noxud) də daha çox istehlakı tövsiyə olunan lifli qidalardandır. Bundan başqa, istehlak edilən yağların çoxu sağlam doymamış yağlardan ibarət olmalıdır.
Fiziki aktivlik sağlamlığın vacib şərtlərindəndir. Fiziki aktivliyin az olması bədən çəkisinin artmasının, eləcə də bir sıra qeyri-infeksion xəstəliklərin yaranmasının əsas risk faktorlarından biridir.

Yaş ötdükcə fiziki aktivliyin azalması insanlarda maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Bir sözlə, sağlam həyat tərzi sürmək üçün düzgün və balanslı qidalanmaq qədər fiziki aktivliyi də yüksəltmək vacib və faydalıdır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu