Pakistanlılar Azərbaycanı niyə sevirlər? – Orijinal tarixi səbəb 

“Bu təmənnasız sevgi böyük xeyriyyəçi oğlumuz Hacı Zeynalabdin Tağıyevin xidmətlərinin qarşılığıdır”

“Vaxtilə Pakistan Böyük Britaniyanın müstəmləkəsi olarkən, bu ölkədə yoluxucu xəstəlik yayılıb. On minlərlə insan həyatını itirib”

“O, öz vəsaiti hesabına 300 min ampula dərman alaraq  bu ölkəyə göndərib. Nəticədə qorxunc infeksiyanın qarşısını almaq mümkün olub”


Dekabrın 18-də Azərbaycan və Pakistan Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında ikinci siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan Xarici işlər nazirinin müavini Ramiz Həsənov və Pakistan xarici işlər katibi Soheyl Mahmudun iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu olub.

Görüşdə tərəflər ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin iki ölkə arasında yüksək siyasi dialoqun davam etdirilməsinin vacibliyini, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.



İki ölkə arasındakı münasibətləri “Sherg.az”a şərh edən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə olması və gələcəkdə də inkişaf etdirilməsi olduqca vacibdir. Analitikin sözlərinə görə, Pakistan Azərbaycana dost olan önəmli dövlətlərdən biridir:

“Bu ölkə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrin sırasındadır.

Onu da qeyd etmək lazımdır ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və torpaqlarımızın işğaldan azad edilməsi üçün hər cür addımı atmağa hazır olduğunu bəyanlayıb. Pakistanın Azərbaycana dost və qardaş münasibəti həmişə sabit olub və heç vaxt dəyişməyib. Yəni Pakistan, Türkiyə ilə yanaşı, Azərbaycanın həmişə güvənə biləcəyi çox nadir dövlətlərdən biridir.

Bunun əsas səbəbi ondan ibarətdir ki, Pakistan dövləti və xalqı Azərbaycana təmənnasız sevgi bəsləyir. Və bu təmənnasız sevgi Azərbaycan xalqının böyük xeyriyyəçi oğlu Hacı Zeynalabdin Tağıyevin xidmətlərinin qarşılığıdır. Belə ki, vaxtilə Pakistan Böyük Britaniyanın müstəmləkəsi olarkən, bu ölkədə yoluxucu xəstəlik yayılıb. On minlərlə insan həyatını itirib. Məhz belə ağır günlərində Hacı Zeynalabdin Tağıyev Pakistan xalqının köməyinə çatıb. O, öz vəsaiti hesabına 300 min ampula dərman alaraq  Pakistana göndərib. Nəticədə qorxunc infeksiyanın qarşısını almaq mümkün olub. O vaxtdan üzü bəri pakistanlılar Azərbaycanı sevirlər, hətta dərsliklərdə belə, xüsusi olaraq, təbliğ edirlər”.

E.Xalidbəyli vurğulayıb ki, müasir dövrdə Pakistan Azərbaycan üçün Türkiyə ilə yanaşı, əvəzolunmaz müttəfiqdir:

“Pakistan güclü Hərbi-Sənaye Kompleksinə sahibdir. Bu baxımdan, Azərbaycanın müasir və keyfiyyətli silahlar əldə etməsində Pakistanın böyük rolu ola bilər. Təbii ki, bütün bunlar Azərbaycan və Pakistanın perspektiv münasibətləri üçün geniş imkanlar açır. Pakistanın da Azərbaycan ilə münasibətlərdən faydalana biləcəyi sahələr kifayət qədərdir. Xüsusilə də, Azərbaycanın enerji resurslarının Pakistan üçün əlavə qaynaq rolunu oynaması mümkündür”.

Azərbaycan və Pakistanı birləşdirən bir çox ortaq faktorların olduğunu deyən ekspert söyləyib ki, Azərbaycan da Pakistanla Hindistan arasındakı silahlı münaqişədə Pakistanı dəstəkləyir:

“Yaxın gələcəkdə Azərbaycan və Pakistan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün kifayət qədər münbit şərait mövcuddur. Hər iki dost ölkə bu münasibətlərin inkişafında birbaşa maraqlıdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu