Rus politoloq: “Qarabağdan sonra digər münaqişələrin də “buzu açılacaq”" – Vəziyyət dəyişib ! 

“Bəzi yerli ekspertlər Türkiyənin Zaqafqaziyadan çıxarılmasını tələb edəndə onlara sual verirəm: necə və niyə?!”

“Türkiyə sürətlə “regional oyunçu” səviyyəsindən “qlobal oyunçu” səviyyəsinə yüksəlir”

“Nəzərinizə çatdırım ki, işğalçının bəyanatın şərtlərinə əməl etməyəcəyi təqdirdə, Rusiyanın onu strateji tərəfdaş kimi qəbul etməməsi məntiqlidir”

"Rəsmi İrəvanın yalnız bir şansı var- Azərbaycanla dialoqa başlamaq. Və formatı mütləq sizin rəhbərlik təklif etməlidir”

“Ermənistan dinc dialoqa razı olmasa, hər şeyini itirəcək”

Dahilərdən birinin çox sevdiyim aforizmi var: hərb meydanında bir gün, siyasətdə hər gün ölürsən. Ermənistan baş naziri Nikol Paşinyan, deyəsən, “ölməkdən” yorulmayıb. Görünür, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət işğalçıya bəhs etməyib. Damağında otuz il əvvəlin “dadı qalıb”. Bilirsiz niyə belə deyirəm? Çünki yenə nəyəsə ümid edir. Elə hey vurnuxur, necə deyərlər, hay-küy salır. Amma iş-işdən keçib. Mövcud geosiyası durum yaxın perspektiv üçün tamam başqa nəticələr vəd edir. Məhz həmin nəticələr və onlara təsir edən səbəblərlə bağlı rusiyalı politoloq Tatyana Poloskova ilə müzakirələr apardıq:

-Müharibənin otuz ildən sonra başlanmasını hansı məqamlarla əlaqələndirirsiniz?

-Bu amillər göz qabağındadır. Münaqişə diplomatik danışıqlar yolu ilə həll olunmadı. Ermənistan işğal olunmuş əraziləri azad etmək niyyətində deyildi. Üstəlik, Minsk qrupu da münaqişənin mümkün qədər dondurulmasında maraqlı idi. Bu, əlverişli bir manipulyasiya idi. Fransa da öz növbəsində tərəflərdən biri- Ermənistan üçün lobbiçilik etdi. Ümumiyyətlə, müasir dünyadakı beynəlxalq təşkilatların proseslərə təsiri, demək olar, yoxdur. Yəni Qarabağ “hekayə”sini uzatmağın mənasız idi. Nöqtə qoyulmalı idi. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın hərbi potensialı kifayət qədərdir. Ən əsas məsələ rəsmi Bakının ədalətli müharibə aparmasıdır. Ədalətli xalqı məğlub etmək olmaz! Onu da deyim ki, şəxsən mən Türkiyənin Azərbaycana dəstəyini alqışlayıram. Türkiyə sürətlə “regional oyunçu” səviyyəsindən “qlobal oyunçu” səviyyəsinə yüksəlir. Bu, ümumi vəziyyətə təsir göstərən yeni və maraqlı tendensiyadır.

-10 noyabrda imzalanan üçtərəfli bəyənatı necə qiymətləndirirsiniz?

-Bu, Azərbaycanın qələbəsidir. Ancaq müharibədən sonrakı həll prosesi, iqtisadi və sosial problemlərin aradan qaldırılması heç də hərbi əməliyyatlardakı qalibiyyətdən az əhəmiyyət daşımır. Ermənistan indi revanş hissi ilə aşıb-daşır. Hərçənd güc və qanun onun tərəfində deyil. Rəsmi İrəvan vəziyyəti qəbul etsə, yaxşıdır. Nəzərinizə çatdırım ki, işğalçının bəyanatın şərtlərinə əməl etməyəcəyi təqdirdə, Rusiyanın onu strateji tərəfdaş kimi qəbul etməməsi məntiqlidir.

-Sizcə, Ermənistan müqavilənin şərtlərinə əməl edəcək? Xatırladım ki, yaxın keçmişdə də üç dəfə atəşkəs elan olunmuşdu...

- Onsuz da şərtləri pozurlar. Buna görə də onların təkcə Qarabağda deyil, hətta İrəvanda da necə “peyda olduqlarını” tez-tez xatırlatmaq laızmdır. Heç bir reaksiya olmayacağı təqdirdə isə, sabitlik naminə müəyyən addımlar atılmalıdır. Ermənistan əhalisinin xeyli hissəsi 10 noyabr bəyanatının şərtlərilə maraqlanmır. Gəlin, gözləyək, güc toplayaq və gedək. Görək qarşıda kim var. Ermənistanın və onun diasporunun döyüşə hazır əhalisi sosial şəbəkələrdə və mitinqlərdə “vuruşdular”. Təkrarlamağa çalışsalar, daha ciddi məğlubiyyətlə üzləşəcək və başqa torpaqları itirəcəklər.

-Ermənistandakı daxili vəziyyəti necə qiymətləndirirsiniz? Hakimiyyət dəyişikliyi məsələyə necə təsir edəcək?

-Hakimiyyət dəyişikliyi daxili böhran və xaosu tez bir zamanda aradan qaldıra bilməz. Paşinyandan “günah keçisi” düzəltmək asandır. Lakin onu xalq seçib və uğursuzluğuna görə əhali məsuliyyət daşıyır. Xarici siyasətlərini dəyişməsələr, Ermənistandakı durum düzəlməyəcək. Rəsmi İrəvanın yalnız bir şansı var- Azərbaycanla dialoqa başlamaq. Və formatı mütləq sizin rəhbərlik təklif etməlidir.

-Bundan sonra diplomatik müstəvidə nələr ola bilər?

-Yeni heç nə. Amma geosiyasi məsələlərdə bəzi məqamlar yenilənəcək. Həmçinin “dondurulmuş” digər münaqişələrin də “buzu açılacaq”. Sovet dövründən otuz il keçib. Təkcə nəsil dəyişmədi. Eyni zamanda post-sovet məkanındakı durum da indi fərqlidir. Rusiya uzun müddətdir ki, keçmiş sovet məkanındakı yeganə “oyunçu” deyil. Bizim üçüncü ölkələr də daxil olmaqla incə bir siyasi “oyun”a ehtiyacımız var. Bəyannamələri başa düşmək olar. Daha çox qəbuledilməz olan təzyiq üsullarıdır. Təəssüf ki, ölkəmizdə heç də hamı bunu başa düşmür. Bəzi yerli ekspertlər Türkiyənin Zaqafqaziyadan çıxarılmasını tələb edəndə onlara sual verirəm: necə və niyə?

-Bu suala sizin cavabınız nədir?

-Azərbaycanın Qarabağdakı qələbəsi, şübhəsiz ki, ölkə rəhbərliyinin və xalqının xidmətidir. Lakin Rusiya və Türkiyə başçılarının bu müddətdəki ortaq iştirakı da öz töhfəsini verdi. Postsovet məkanının bütün ölkələrində xarici strukturlar fəal şəkildə “yumşaq güc” formatında işləyirlər. Düzü, Rusiya diplomatiyasının nə Qərbdə, nə də Şərqdə ciddi uğurunu görmürən. İndi bizim inkişaf etmiş hərb sistemimiz var. Ordumuzdan utanmırıq. Həmçinin beynəlxalq aləmdə nüfuz sahibi olan  liderimizlə fəxr edirik. Fəqət xarici siyasətimizdə sistemli bir yanaşma, güclü kadr yoxdur. Təəssüf ki, gənclərimizin  bəziləri Rusiya Federasiya XİN-ə vətənə xidmət üçün deyil, dövlət hesabına xaricə getməkdən ötrü işə düzəlmək istəyirlər. Bu, yaxşı hal deyil.

-Ermənistanın bütün müharibə boyu, hətta bu gün də yaydığı dezinformasiyaları necə qiymətləndirirsiniz?

-Əvvəla, Ermənistanın özünün “min illik tarixini” yaratdığını nəzərə alsaq, bu, o qədər təəccüblü deyil. Əsas məsələ odur ki, niyə rus oxucusu, tamaşaçısı bütün bunları oxumalı və izləməlidir? Başa düşə bilmirəm. Yerli KİV-də bu tendensiyaya son qoymağın vaxtı çatıb.
-Artıq Zəngəzur və Göyçənin Azərbaycana qaytarılması məsələsi gündəmə gəlib. Bu barədə nə düşünürsünüz?
-Ermənistan dinc dialoqa razı olmasa, hər şeyini itirəcək. Zaqafqaziyanın gələcəyi müzakirə edilməli və bu, konstruktiv xarakter daşımalıdır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu