Tədqiqatçı millət vəkilini dəstəklədi

İşğaldan azad olunan bölgələrdə muzey yaratmaq olar

Amma əvvəlcə Şuşanın alınması ilə bağlı filmlər önəmlidir

Azərbaycanda hər bir rayonda şəhidlər muzeyi yaradılsın. Bu təkliflə deputat Tahir Kərimli parlamentin dünən keçirilən iclasında çıxış edib. T.Kərimli bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində böyük qələbə qazandı: “Biz bu qələbəni gələcək nəsillərə çatdırmaq üçün işlər görməliyik. Bunun üçün hər bir rayonda şəhidlər muzeyi yaradılmalıdır. Bizdə Şəhidlər Xiyabanı var. Bura gedəndə biz faciələri xatırlayırıq. Şəhidlər xiyabanlarını qalibiyyət, zəfər memorialına çevirməliyik”.

Mövzuya münasibət bildirən tədqiqatçı-publisist Dilqəm Əhməd “Şərq”ə açıqlamasında şəhidlərin daim yaddaşda qalmaları üçün bir neçə cildlik kitabın tərtib olunmasını bildirib. D.Əhməd qeyd edib ki, ilk növbədə hər biri haqqında informasiya və fotoşəkillər verilməlidir:

“Bu çox vacibdir. Çünki 44 günlük müharibə Azərbaycan xalqının əziklikdən xilasına, millət olmasına səbəb oldu. 30 ildir işğalda olan torpaqlarımızın böyük qismi geri alındı. Ona görə də əvvəla kitab olmalıdır”.

Muzey məsələsinə gəlincə, Dilqəm Əhməd qeyd edib ki, işğaldan azad edilən rayonlarda həmin rayondan olan şəhidlərin əşyaları, gündəlikləri və s. nə varsa, bir araya toplayıb yaratmaq olar: “Məsələn, Azərbaycan Dillər Universitetində 20 Yanvar şəhidlərindən şair Ülvi Bünyadzadəyə aid belə bir muzey var.

Yaxşı olardı ki, gələcəkdə bədii və sənədli filmlər də çəkilsin. Xüsusən, Şuşanın alınması ilə bağlı filmlər önəmlidir. Türkiyənin bu mövzularda necə maraqlı filmlər çəkdiklərini görürük. İstərdik ki, bizdə də belə filmlər olsun".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu