Yarmarkadan REPORTAJ ! Alıcılar narazıdırlar: “Qiymətlər “əl yandırır”” – Fotolar 

Hər il paytaxtımızda bayramöncəsi insanların rahat alış-veriş edə bilməsi üçün müxtəlif rayonlardan gətirilən məhsullar yarmarkalarda satışa çıxarılır. Ənənəvi olaraq bu il də Yeni İl qabağı Bakıda bayram yarmarkaları təşkil edilib. Bəs yaradılan müasir tipli müvəqqəti bazarlarda olan şərait, qiymətlər və alıcı kütləsi necədir? Bu suallara cavab tapmaq məqsədilə Gənclikdə yerləşən “Kənddən şəhərə” adlı yarmarkaya yollanıb, reportaj hazırladıq.

Əvvəlcə deyək ki, yarmarkada alıcılar üçün hər bir şərait var idi. Uşaqlar üçün əyləncə bölməsi, koronavirus əleyhinə mütəmadi görülən tədbirlər, girişdə məhsulların qiymətini göstərən elektron lövhə diqqətimizi çəkdi. Satıcılar da qiymətlərin münasib, hər kəsə əlverişli olduğunu iddia edir, müştərilər isə bunun tam əksini-qiymətlərin baha olduğunu söyləyir.

Gəlin, vəziyyəti alıcı və satıcıların özlərindən öyrənək. 



Satıcı Qəhrəman İbrahimov: 

"Pandemiya dövrü olmağına baxmayaraq alıcılıq qabiliyyəti olduqca yüksəkdir. Yarmarkaya satmaq üçün bal məhsulları gətirmişik. Qiymətlər də münasibdir. Çalışırıq ki, heç kimin qiymətlərlə bağlı narazılığı olmasın. Hətta müştərilərimizə endirim də edirik". 



Fermer Zemfira İbadova:

 "Gəncədən gəlmişəm. Çox sağ olsunlar ki, bizə belə şəraiti yaradıblar. Alıcılarımız bizdən razıdırlar. Qiymətlər də öz yerindədir, normaldır. Satdığımız məhsullar bal, turşular, yarpaq, doşab və s. məhsullarıdır". 

Satıcı Fuad Məmmədov: 

"Qiymətlər tamamilə normaldır. Market qiymətlərinə baxdıqda daha ucuzdur. Lakin aktivlik əvvəlki vaxtlara nisbətən zəifdir. Bunun da səbəbi çox güman sms- icazənin tətbiq edilməsi, yaxud koronavirus təhlükəsinə görədir".

Sahibkar İbrahimzadə Əkbər: 

"Yarmarkaya bal məhsulları, mandarin, portağal və limon gətirmişik. Həmin malların satışı çox yaxşıdır, müştərilər də məmnundurlar". 



Fermer Vüsal Hümbətov:

 "Daşkəsəndən gəlmişəm. Qiymətlər çox münasibdir. Satışa çıxardığımız məhsullar kənd məhsulları-pendir, qatıq, yağ və bal məhsullarıdır. Pendirin kiloqramı 10 manatdır. Həmçinin motal pendiri də satırıq. Satışda Daşkəsən balı da var. Kənd məhsulu olduğu üçün alıcı kütləmiz də normaldır". 

Satıcı Maya Rüstəmova: 

"Qubadan təşrif  buyurmuşuq. Alıcılarımızın sayı keçən illə müqayisədə az olsa da, qiymətlərdən razıdırlar. Azlığın səbəbi isə mövcud şəraitdir". 

Alıcı Gülü Məmmədova: 

"Həddindən artıq narazıyam. Çünki yarmarka ildə bir dəfə təşkil olunur və qiymətləri normal qiymətlərdən ucuz olan malları burada görməyi istəyirik. Bakı sakinləri də bu fərqi görməlidir. Fərq deyəndə nəzərdə tutduğumuz bazarda, yaxud da evimizin ətrafında satılan ərzaqlarla müqayisədə qiymətlər aşağı olmalıdır. Lakin burada o fərqi- qiymətlərin ucuz deyil, əksinə baha olmasında görürük. Keyfiyyətinə gəldikdə isə kənardan məhsullar yaxşı görünür, amma qiymətlər “əlimizi yandırır” deyə sadəcə uzaqdan baxmaqla kifayətlənirik". 



Alıcı Eldəniz Rəhimov:

 "Qiymətlər normaldır, hələ ki razıyıq. Gördüyünüz kimi alış-veriş edib qayıdırıq. Hər şey qaydasındadır. Malların keyfiyyəti də yaxşıdır". 

Türfə İsmayılova:


"Buraya gələndə düşünürdük ki, nələrsə ala bilərik. Lakin içəri girib qiymətləri soruşanda nəticə heç də istədiyimiz kimi olmadı. Çünki yarmarkada olan qiymətlər bizim qapıya gələn malların qiymətlərindən olduqca bahadır. Məsələn bizim tərəfdə kartofun kiloqramı 60, soğan isə 50 qəpikdir. Burda isə 70, 80 qəpikdir"... 

Hazırladı: Aytac Ali, Ağarza Elçinoğlu

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu