"28 ildə şəhərdə heç bir iş görülməyib"

Tahir İmanov: "Babamın Şuşadakı 3 mərtəbəli evindən ancaq tövlə salamat qalıb"

"Babamın evi demək olar dağılıb, sağ-sol tərəflərdə də dağıdılmış evlər idi. Qonşularımız vardı, evləri yerli-dibli sökülüb. Heç bir daşı da qalmayıb, deyəsən ki, bu daş bu evindi" 

"Şəhəri elə günə qoyublar ki, məsəl var, deyirlər, it də yaşamaz, həqiqətən bir dənə çöl itinə də rastlamadıq. Amma donuzlar gördüm..." 

"İstəyirəm babamın evi bizim gördüyümüz, içində yaşadığımız şəkildə bərpa edilsin. Biz demək olar ilin yarısını Şuşada keçirirdik"


Şuşaya səfərlər getdikcə artır. İncəsənət xadimləri, musiqiçilər, 28 il Şuşa həsrətinə sinə gərmiş şuşalılar imkan daxilində doğma şəhərlərini, evlərini, ocaqlarını görmək üçün Şuşaya yol alırlar. Bir müddət əvvəl sənətçilərdən bəzisi Şuşada olub, Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, Şuşada çəkilən fotolarını sosial şəbəkədə paylaşıblar. Şuşaya ayaq basanların demək olar hamısı eyni hissləri yaşayır və “İlahi, mən Şuşadayam!”, nidası qopur ürəklərdən.  

Ötən ilin dekabrında isə Şuşada hərbi qulluqçular üçün ilk konsert təşkil olundu. Bu barədə kifayət qədər məlumat paylaşıldı, konsertdən götüntülər sosial şəbəkələrdə yayımlandı. Lakin konsertin aparıcısı, Azərbaycanın Əməkdar artisti, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanovla söhbət etməyə imkan tapmamışdıq. Onun da instaqram paylaşımları vardı. Babası, Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Süleyman Ələsgərovun evinin görüntüləndiyi videonu sevinc və qürur hissi qarışıq, həm də kədərli notlarla paylaşmışdı. Və bu sözləri yazmışdı:  
“Əziz dostlar. Mən Azərbaycanın ayrılmaz hissəsi olan Şuşadayam. Şuşam, anam, atam, nənəm... mən gəlmişəm. Canım Şuşam, yaşa Şuşam, yaşa Qarabağım”.  

Nəhayət Tahir İmanovla həmsöhbət ola bildik. 

- Tahir müəllim, Cıdır düzündə təşkil olunan ilk konsertin aparıcısı olmaq sizə təklif edildi, yoxsa öz təşəbbüsünüz idi? 

- Belə deyim, həm təklif edildi, həm də öz təşəbbüsüm oldu. İkisi üst-üstə düşdü. Artıq bilirsiniz ki, konsert Azərbaycan Respublikası Dövlət Təhülkəsizlik Xidmətinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmişdi. Bu, 28 ildən sonra Şuşada – məşhur Cıdır düzündə keçirilən ilk konsert idi. Bizim dəyərli sənətkarlarımız – Tünzalə xanım, Abbas Bağırov, Təyyar Bayramov, Mirələm Mirələmov, Cavid, Ənvər Sadıqov, Almaz xanım Orucova, Azad Şabanov... çıxış etdilər. Şuşadakı ilk konsertin aparıcılığını etmək məhz mənə nəsib oldu. Çox xoşbəxtəm... Sanki uşaqlığıma qayıtdım... Babalı-nənəli günlərimə... Bunlar sözlə deyiləsi deyil. Ən əsası isə bilirsiz nədi? Əsas odur ki, mən bu günə inanırdım. Bəziləri getdikcə inamını itirirdi. Cənab Prezident də çıxışında deyirdi ki, elə insanlar vardı, inanmırdılar, biz Şuşaya qayıdacağıq, amma qayıtdıq! Amma biz bir gün də inamı itirməmişdik. Əsas məsələ inamdı, imandı. 

- Babanızın evini necə gördünüz? 

- Ona ev demək olmaz... Hər yeri dağıdıblar. 3 mərtəbəli evdən tövlə salamat qalıb, dayımın qarajı...

- Tahir müəllim, 28 ildə, xüsusən də son illərdə Qarabağdan müxtəlif videolar paylaşılırdı, Şuşanın görüntüləri vardı, elə bilirdik ki, Şuşada yaşayış var, Şuşa daha az dağıntılara məruz qalıb, yəni başqa şəhərlərlə, kəndlərlə müqayisədə. Mənfur düşmənimiz Şuşanı “özününkü” sayırdı, belə təsəvvür etmək olardı ki, şəhər dağılmamalıdı. Amma indi görürük ki, dəhşətdir, Şuşanı da bərbad günə qoyublar. 

- Onlar haqqında “barbar”, “vəhşi” sözü indi çox işlənir. Doğru da deyilir. Təsəvvür etmək bəlkə çətindir ki, Şuşadakı o nəhəng mədəniyyətdən əsər-əlamət qalmayıb. İnsan həqiqətən, bu münasibətə “vəhşilik”dən başqa söz tapa bilmir. Şuşa işğala qədər necə olmuşdusa, 28 il ərzində orda heç bir iş görülməyib.

Dağılan dağılıb, bir neçə ev var ki, salamat qalıb, harda ki, az-çox yaşayışıblar. Yəni, bu 28 il ərzində evlərə əl gəzdirmək olardı da. Heç işıq dirəklərini də dəyişməyiblər. Bu şəhərə belə yad münasibət göstərilibsə, nə haqları var “bizimdir” deyirlər?!. İnsan özünkü olana belə düşmən münasibət bəsləməz, belə nifrət etməz. Baxın, harda Azərbaycanın adı var, orda abadlıqdır, ora abad edilir, gözəlləşir.

Mən fikirləşirəm, bunlar biliblər ki, ordan gedəcəklər. Bəlkə də gen deyir bunu. Şüuraltı diktə edir insana belə məsələləri. Məsələn, biz, niyə yaponların suşisinə meyilli deyilik? Çünki dədə-babamız ət, kabab yeyib. Yaponun yeməyi bizə yaddır. Ermənilər də yəqin şüuraltı hiss edirlərmiş ki, Qarabağ, Şuşa onların deyil, onlar burda müvəqqətidirlər, ona görə də tikməyə, yenilənməyə, abadlıq işləri aparmağa həvəs göstərməyiblər. Heç nə bərpa etməmələri, tikməməkləri bir yana, olanları da dağıdıblar. Şuşadakı o böyük, nəhəng infrastrukturdan heç nə qalmayıb. 

- Gəzə bildiniz Şuşanı, başqa hara getdiniz? 

- Hara getməyə icazə vardı, ora getdik. Qaydalara əməl etdik. Çünki təhlükə ola bilər. Babamın evi Çöl qala məhləsindədi. Babamın evi demək olar dağılıb, sağ-sol tərəflərdə də dağıdılmış evlər idi. Qonşularımız vardı, evləri yerli-dibli sökülüb. Heç bir daşı da qalmayıb, deyəsən ki, bu daş bu evindi. Öz məhləmizdən Bülbülün evinə kimi piyada getdim, sonra da Üzeyir bəyin ocağına tərəf getdim. Şəhəri elə günə qoyublar ki, məsəl var, deyirlər, it də yaşamaz, həqiqətən bir dənə çöl itinə də rastlamadıq. Amma donuzlar gördüm... 

- Məzarlığa getmək istəyirdiniz? Gedə bildiniz? 

- Yox, ora da icazə verilmədi. Uzaqdan gördüm ki, bəzi qəbirlər salamatdı. 

- Tahir müəllim, söz yox ki, Şuşa abadlaşacaq, yenidən qurulacaq. Şübhəsiz, mərhum Süleyman Ələsgərovun ocağı da bərpa ediləcək... 

- Mən buna zərrə qədər də şühbə etmirəm və əminəm ki, belə də olacaq. 

- Demək istəyirəm ki, siz babanızın evinin bərpasında iştirak etmək istərdiniz? 

- Əlbəttə. O ev necə olub, biz bilirik. Mən heç bir yenilik istəmirəm. İstəyirəm babamın evi bizim gördüyümüz, içində yaşadığımız şəkildə bərpa edilsin. Biz demək olar ilin yarısını Şuşada keçirirdik. Bu ənənəni elə də davam etdirmək istəyirəm. Süleyman müəllim, heç vaxt xarici ölkələrdəki kurortlara getməyib. Heç Bakı bağlarında da dincəlməyib. Hərçənd buna onun imkanları vardı. O vaxt bəstəkarlara, xalq yazıçılarına, şairlərə bağ sahələri verilirmiş, babama da Bakı kəndlərindən birində 9 sot torpaq veriblər, amma o, dövlətə qaytarıb ki, istəmirəm, mənim bağım var. Kiminki yoxdu, ona verin. 

- Şuşa kimi bağı olan başqa bağı neyləyir... 

- Özü də həmişə dostlarına, yoldaşlarına deyərdi ki, niyə istirahət etmək üçün xaricə, başqa yerlərə gedirsiniz? Deyirdi, burda yaşamaq lazımdı. Gəlin öz ocağınızı yandırın, öz ocağınıza sahib çıxın. Harda ocaq yanacaqsa, ora Vətəndi, ora doğma torpaqdı. Torpağın qədrini bilmək lazımdı. 

- Tahir müəllim, işğaldan azad edilmiş ərazilərdə aparılacaq abadlıq, tikinti işləri ilə bağlı çox adam sizin kimi düşünür ki, həmin yerlər əvvəlki görkəmdə bərpa edilsin. Doğma yurdlarına qayıdanlar gözlərinin alışdığı, 28 il əvvəl qoyub çıxdıqları yerləri olduğu kimi görsünlər... 

- Belə də olar. Müəyyən tarixi yerlər, yaddaqalan tikililəri əvvəlki görkəmində bərpa etmək olar, amma müasir elementlər də olmalıdır. Bütün ərazilərimiz ən gözəl şəkildə bərpa ediləcək. Mən buna əminəm. Allaha şükür edirəm ki, Azərbaycan kimi dövlətdə dünyaya gəlmişəm. İlham Əliyev kimi Prezidentimiz var.

Güclü lideri olan xalq qələbəyə layiqdir, gözəl, firavan yaşayışa da haqqı var. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu