"Şuşanı Yasamalın gününə salmayaq"

Tanınmış memar Qarabağın quruculuğunda xidmət etmək istəyir

"Azərbaycanda fəhləlik edənlər çoxdur. Sizi inandırıram, işçi gücünün hesabına 6 ay ərzində Qarabağın əsas bölgələrini zəruri yaşayış binaları ilə təmin etmək olar"

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb. Bu o deməkdir ki, 30 il ərzində düşmənin xarabalığa çevirdiyi Qarabağ bölgəsi ən qısa zamanda yenidən füsunkar görünüşünə qovuşacaq. Qarabağın incisi sayılan Şuşa şəhərinin bərpasına isə xüsusi önəm verilir. Çünki Şuşa əcdadlarımızın yaratdığı canlı abidə, tariximizin, mədəniyyətimizin, incəsənətimizin və elmimizin əhəmiyyətli hissəsini özündə cəmləşdirən vahid muzeydir. Əfsuslar olsun ki, cənnətməkan diyarımız 28 il müddətində düşmən tapdağı altında baxımsız hala düşüb. Mədəniyyətdən bixəbər barbarlar burada əsl vandalizm törədiblər.

Milli sərvətimiz olan tarixi-dini abidələrimiz dağıdılıb, təhqir olunub, məscidlərimizdə mal-qara, donuz saxlanılıb. Artıq Şuşamız azaddır və öz sahibinin əlindədir. Hazırda işci qrupunun qarşısında duran əhəmiyyətli vəzifələrdən biri Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, tarixi, mədəni və dini abidələrin durumunun, binaların arxitektura görünüşünün, infrastrukturun dəyərləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasıdır. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə Şuşa şəhərinin baş planının hazırlanma mərhələsində olduğunu dedi. Bildirdi ki, Şuşa şəhərinə göndərilən böyük qrup çərçivəsində şəhərsalma üzrə mütəxəssislər işləyir: “Şuşa şəhərinin ortofoto şəkli çəkilib və topoqrafiya işləri davam etdirilib. Bütün planlar hazırdır və yaxın günlərdə təqdim olunacaq”. Prezident isə vurğuladı ki, Şuşada yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır: “Biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”. Mütəxəssislər də hesab edirlər ki, Qarabağ rayonlarında şəhərsalma zamanı həm tarixi-milli dəyərlər qorunmalı, həm də müasirlik əks olunmalıdır. 



Şuşa şəhərinin, ümumiyyətlə, işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərinin aparılması ilə bağlı fikirlərini “Şərq”ə bölüşən Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova böyük məmnunluq və həvəslə Qarabağın yenidən qurulması prosesində iştirak etməyə hazır olduğunu söyləyib. Tanınmış memar deyib ki, işğaldan azad olunmuş torpaqlarımızda şəhərsalma işi ilə bu sahəni dərindən bilən peşəkarların, təcrübəli mütəxəssislərin iştirakı zəruridir:

“Çox istərdim ki, Qarabağda quruculuq planları hazırlayan memarların tərkibində mən də yer alım. Əsas ixtisasım şəhərsalmadır. Mətbuat vasitəsi ilə cənab Prezidentimizə müraciət ünvanlayıram və xahiş edirəm ki, memar kimi prosesə qoşulmağıma şərait yaradılsın. İllər öncə Bakı şəhəri ilə bağlı 26 təklif hazırlamışdım və layihələrim Prezidentin müşaviri vasitəsi ilə dövlət başçısına çatdırılmışdı. Mənə verilən məlumata görə, ölkə rəhbəri təklifləri bəyənmişdi. Bu işə də öz töhfəmi vermək arzusundayam. İşğaldan azad olunmuş bütün şəhərlərimizdə quruculuq bölgənin tarixinə uyğun aparılmalı, təbii görünüş pozulmadan müasir tikililər inşa edilməlidir. Ən əsası isə insanların tələbatına uyğun sayda və tərzdə binalar tikilməlidir. Bütün rayonlarımızın mərkəzi şəhər statusuna uyğun şəkildə yenidən qurulmalıdır. Əlbəttə, Şuşanın özünəməxsus yeri, önəmi var. Qarabağın incisi adlandırdığımız Şuşa qədimliyi, milli-mənəvi dəyərləri, incəsənət mərkəzi olduğu üçün orada şəhərsalma planlı və düşünülmüş formada həyata keçirilməlidir. Mən Azərbaycanın gözü –Şuşa şəhərində yenidənqurma işinə öz töhfəmi vermək istəyirəm. Şuşada tikilən binalar müasir üslubda olsa da, qədimliyi əks etdirən ornamentlərlə zəngin olmalıdır”. 

Memarın fikrincə, Qarabağda “novostroyka” dediyimiz çoxmərtəbəli binaların, yaxud eyni tipli beşmərtəbəli evlərin yeri yoxdur:

“Şəhərsalma və bərpa işləri elə aparılmalıdır ki, Şuşa göz oxşayan təbii mənzərəsi, qədimliyi və müasirliyi ilə dünyanın da diqqətini çəksin, bölgəyə turistlər cəlb olunsun, iqtisadi faydalar gətirsin. Qarabağ dünyanın marağındadır və bu diqqətin itməməsi üçün regionu cəlbedici etməliyik. Məsələn, Suqovuşanda elə evlər tikilməlidir ki, bölgəyə bənzərliyi olsun. Bəzilərinə təəccüblü gələr ki, bina əraziyə necə bənzəyər?! İllər öncə dəniz kənarında istirahət zonası üçün layihə təqdim etmişdim. Layihədə binaların dalğavari tikintisi nəzərdə tutulmuşdu. Eyvanlar da bir-birini məsafə və hündürlük baxımından elə əvəz edirdi ki, kənardan baxanda dalğalı görünürdü. Sanki gözümüzdə rəqs edirdi. Əfsuslar olsun ki, layihəmi reallaşdırmadılar. Qarabağın tarixi məkanlarında tikilən binalar, yaşayış və qeyri-yaşayış obyektləri mühitə, ətrafdakı qədim məbədlərə zidd olmamalıdır. Eyni tipli binalara gəldikdə isə bir-iki binanın oxşar olmasında problem yoxdur. Amma ucdantutma bütün tikililəri eyni formada inşa etmək yaxşı görünməz. Şuşanı Yasamalın gününə salmamalıyıq”. 

Z.Budaqova Qarabağda yenidənqurma prosesinin nə qədər davam edəcəyini də deyib:

“Tikintini daha tez başa çatdırmaq işçi qüvvəsinin sayından asılıdır. İşçilər nə qədər çox olarsa, binaları qısa zamanda inşa etmək mümkündür. Azərbaycanda fəhləlik edənlər çoxdur. Sizi inandırıram, işçi gücünün hesabına 6 ay ərzində Qarabağın əsas bölgələrini zəruri yaşayış binaları ilə təmin etmək olar. Bakıda adi metrostansiyanın tikintisi lazımi sayda işçi cəlb olunmadığı üçün illərlə davam edir. Qarabağda ilk növbədə kommunikasiyalar qurulmalı, işıq, su, qaz, telefon xətləri, yollar çəkilməli və bu zaman bölgədə yaşayan insanların sayı nəzərə alınmalıdır. Üç-beş binanın ehtiyacı üçün kanalizasiya qurulur, 2-3 ildən sonra yaşayış binalarının sayı 20-yə çatır.

Nəticədə problem yaranır, infrastruktur sökülür. Qarabağda bunu etməməliyik. Eskiz layihələr çəkilməli, tikililərin yeri müəyyən olunaraq kommunikasiya qurulmalıdır. Binaların forması, xarici görünüşü sonranın işidir”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu